Bunu da unudacağıq…26.05.2015

Odlar Yurdu Azərbaycan — Vətənimdə bəzi həmvətənlərim, sayları günbəgün artan vətəndaşlar unutqanlıq xəstəliyinə düçar olub, amneziya xəstəliyi sanki elə bir infeksion xəstəliyə çevrilib ki, unutqan olmayanları da xəstələndirə bilir. Yaşından, yaşadığı məkandan, zamandan, dinindən, danışdığı dil və irqindən asılı olmayaraq, özünü azərbaycanlı sayan və ya ölkə vətəndaşlığımızı qəbul edənlər bu xəstəlikdən əziyyət çəkir və müalicə oluna bilmir. Həmrəylik gününü ancaq bir gün yeni il öncəsi istirahət gününə düşdüyündən həmrəy qeyd edən, tarixən yanan xalqım, cəmiyyətim pozitiv olub, ümid edirəm ki, hələ hər şey itirilməyib və biz düzələcəyik…
Tarixə və keçmişimizə nəzərə salsaq, görərik ki, əslində biz vaxtilə çox mədəni, ziyalı, mübariz, əxlaqlı, demokratik, azad ruhlu bir xalq olmuşuq, nə qədər yadellilərin işğalı altında qalsaq da, qanımız qarışsa da, yenə də nümunəvi idik, nə oldu sonra bizə?Niyə bi dərəcəyə və bu səviyyəyə çatdık, iqtisadi inkişaf, demokratik quruculuq cəmiyyətimizin deqradasiyaya uğramasına gətirib çıxartdımı?
Həyatda hər şey qarşılıqlı olur, yaxşı, görəsən, bizə nə etdilər ki, indi biz cəmiyyət olaraq, belə adekvat cavab verir və münasibət bildiririk…
1. «Qorxan insan azad ola bilməz və sözün düzünü deyən çox vaxt qınanılır», nə olsun ki, bu biz yaxşıların qarşısını almamalı, mübarizəmizi davam etdirməyə, tənqid etmək və maarifləndirmə işlərinin davam etdirilməsindən geri çəkilməməyə əsas olmamalıdır. İlk növbədə, özümüzdən başlamalıyıq, sonra ictimailəşməliyik, özümüzü layiq bilsək və buna hazır olduğumuzu anlasaq… «Qorxan gözə çöp düşər» əzizlərim…
2. Övlad yaxşı iş görəndə, övladınla fəxr edəndə, ata və qohumlar deyir ki, mənə oxşayıb, gen çəkir, bir pis iş görən kimi «Geninə nəhlət, anasına, dayısına oxşayıb, anasının verdiyi tərbiyə budur». Maraqlıdır ki, niyə övladlarımızı pis və yaxşıya bölüb, unutqan oluruq, əslində əvvəllər gen də, tərbiyə də, hər iki tərəfdən gələrdi, yəni həm ata, həm anadan, indi isə tam tərsinədir…Oğlan uşağı evdə atasını ya «qadın» obrazında görür, ya heç görmür, böyüyür qadın, qızların ətrafında, kişi kimi olmur… Niyə axı doğulduğu andan ölənədək oğlumuzu da, qızımızı da diskriminasiya subyektlərinə çeviririk?! Axı, oğlumuz gələcəyin atası, qızımız gələcəyin anasıdır. Nə töksək aşlarına, o çıxar qaşıqlarına, gələcəyimiz də elə olacaq, sonra da başlayacağıq elə ailədə böyütdüyüm gələcəyimizi tənqid etməyə…
3. Tarixboyu qanımız töküldü, soyqırımlar, 31 mart, 20 yanvar, 26 fevral, faciəvi ADNA terroru, binaların yanması, milli yaslarımız unudulub, torpaqlarımızın ardıcıl işğalı, orda itirdiyimiz həmvətənlərimizin sayı unuduldu, işğal olunan Qarabağ və onun ətrafında olan ərazilərin adlarını və işğal tarixlərini belə bilməyənlər çoxdur…
4. Reytinq xətrinə Telekanallarımız bir-birini vicdanlılıq, qərəzsizlik, ədalətlilik, düzgünlük və digər prinsipləri pozaraq qırır, əxlaq və mənəviyyatı korlayır, əvvəl axı belə deyildi! İnzibati amirlik sistemində heç olmazsa, teleradiodan, qəzetdən müsbət nəsə götürərdik, kitab oxuyub maariflənərdik… İndi isə zövqümüz dəyişib, reytinqli verilişlər, çap edilən dərgilər doğru informasiya vermək, maarifləndirmək, əxlaq və mənəviyyat ilə bağlı məlumatlar vermək əvəzinə, reytinqi artırmaq üçün hər silaha əl atırlar… Utanıram, mediamızın bu gündə olmasına üzülürəm… Əsl dərd qalıb bir yerdə, əsl problemlər qalıb kənarda, nəyi işıqlandırırıq, nəyin davasını axtarırıq… Özümüz özümüzə düşmənik, kənar yerdə düşmən axtarmaq lazım deyil… Yaddaşımızı, keçmişimizi silirik, vətənpərvər vətəndaşlarımızın sayı azalıb… Hər kəs öz dərdindədir…
5. Nədənsə uğurlarımız, sevinc və fərəh hissi duymalı olduğumuz, fəxr etməli olduğumuz hər bir pozitiv məqamlara az vaxt ayırırıq… Gözləyirik ki, kim nə səhv edəcək, nə söz deyəcək, hərəkət edəcək, biz də paylaşacağıq həmin adamın keçmişini, şəcərəsini öyrənməyə… Özün haqqında bilmədiklərini özgələri bilir, həyatını müzakirə edir… Halbuki, qlobal düşünməliyik… Bir fərddən yapışmamalıyıq, unutmamalıyıq ki, biz bir ailəyik, bir millət, cəmiyyətik…
6. O qədər unutqanıq ki, qlobal dərdlərimizi tez unuduruq, təhsil, səhiyyəmizin səviyyəsini korlayıb, unuduruq ki, vaxtilə ən savadlı alimlər, ziyalılar, ən gözəl həkimlər məhz azərbaycanlılar unutmuşdur.
7. Mədəniyyətimiz, incəsənətimiz, film sənayesi o qədər səviyyəsiz həddinə çatıb ki, əvvəl mədəniyyət, incəsənət və filmlərimiz ilə qonşu dövlətlərə yaxşı mənada nümunə olduğumuzu da unuduruq…
8. Bəzi biznesmenlərimiz öz alıcı və müştərilərini keyfiyyət və marketinq gedişatları, fırıldaq və yalan info verən reklam rolikləri və kampaniyaları ilə öz alıcılarını avam yerinə qoyurlar, unudurlar ki, onları varlı edən məhz onların alıcılarıdır…
9. İşəgötürənlərimiz yüksək maaş və sosial güzəştlər vəd verməklə, işçi işə götürür, xoşuna gəlməyəndə, mənəvi təzyiqlər göstərir ki, həmin şəxs işdən öz xahişi ilə çıxsın… İşçilərinin bilik və təcrübələrinə sərmayə qoymur və işçilərinin inkişafına şərait yaratmır və rəqabət mühitini yaratmırlar… Unudurlar ki, bu işçilər onları şirkətini ya geri apara bilər, ya da irəli verə bilər… Axır-əvvəl işçi aldadıldığını başa düşüb başqa iş yeri axtara bilər… Savadlı kadrı itirməyin mənfi hal olduğunu və İQ riski olduğunu bilmirlər…İnsan amili önəmli amildir…
Aldatdığımız və aldadıldığımızı, üzdüyümüzü və üzüldüyümüzü, hər neqativ və pozitivi tez unudanıq…
Nə varsa, nə baş veribsə, unutduq, nə olacaqsa, onu da unudacağıq!
Ardı var…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

2 комментария на “Bunu da unudacağıq…26.05.2015

Комментарии запрещены.

%d такие блоггеры, как: