Bankların yarısı ya bağlanmalıdır, ya da birləşməlidir.

Pulumuzu kimə etibar edək, hansı maliyyə qurumuna güvənək?!
Əslində, bankların yarısı bağlanmalı və rəsmən müflis elan edilməlidir, çünki bankların bir qismində hələ də məcmu kapitalla bağlı 50 mln manatlıq tələb yerinə yetirilməmişdir, kapital riski var, kredit, likvidlik riski (məhz likvid vəsaitlərin (qısa müddət ərzində aktivlərin pula çevrilməsi məsələsi) çatışmaması riski) var, üstəlik müştərilərin haqlı narazılıqları var, istehlakçıların hüquqları bir çox maliyyə qurumlarında pozulur, istehlakçılara biganə münasibət bəslənilir, əməliyyat riskləri yüksəkdir…
Nəzərə alsaq ki, bütün bu risklərlə yanaşı, valyuta riski vardır, bazar riski (xarici valyuta riski, devalvasiyadan sonra qiymət riski (məhsul və xidmətlərin maya dəyərinin artması, bahalanma, inflyasiyadan özünü qorumaq üçün atılan addımlar) və s.) vardır. Maliyyə hesabatlarında maliyyə qurumlarımız bu məlumatları gizlədirlər. Çünki bu məlumatlar nüfuz və strateji riskləri yarada bilər, maliyyə qurumların nüfuzu düşə, onlara etimad azala bilər və ən sonda müştəri, tərəfdaş itirməklə, gəlir və mənfəətdən məhrum ola bilər. Bəli, əslində onlar bizi yox, biz onlara gəlir gətiririk.
“Müştəri hər zaman haqlıdır” prinsipinə əməl etməyən bəzi maliyyə qurumlarımız, kobudcasına müştərilərin hüquqlarını pozur və pozmaqda davam edir.
Məsələn, əgər girov-təminat ölkə daxilində alınıbsa, manatla alqı-satqı olunubsa, onun qiyməti də manatla hesablanır, yəni girov qiymətləndirilərkən, manatla qiymətləndirilməlidir, kredit də əslində, məntiqi əsasla əgər ölkə daxilində mal-məhsulun alınması üçün nəzərdə tutulubsa (məişət texnikası, ipoteka, avtomobil, təmir-tikinti), devalvasiyadan sonra əslində girov obyektləri yenidən qiymətləndirilməli idi.
Peşəkar risk və sərmayə inzibatçısı və bank işi təcrübəsi olan, maliyyəçiyəm, GARP-ın bu günədək üzvüyəm və ARPA-nın sabiq üzvüyəm (üzvlüyümü uzatmadım), ölkədə maliyyə qurumlarının vəziyyətini kənardan müşahidə edirəm və vaxtaşırı onların saytlarında yerləşdirdikləri maliyyə və kənar audit hesabatları ilə tanış olub maliyyə təhlilini edirəm…
Xaricilərlə çox işləyirəm… Daimi və potensial tərəfdaş və sərmayədarlarla əməkdaşlığım var…
Maliyyə qurumlarımız insanların maliyyə və hüquqi biliklərə (bu sahə üzrə yerli və beynəlxalq qanunvericilik, standart və prinsiplərin tələbləri ilə bağlı) malik olmadığını və ya az biliyə malik olduğunu bilib, vəziyyətdən sui istifadə edir. Mənimlə məsləhətləşmək istəyən şəxslərə demək istəyirəm ki, maliyyə qurumları ilə bağladığınız istənilən müqavilə və ya sənəd bank sirridir, bu sənədlərlə tanış olmaq hüququm yoxdur.
Təhlilə gəlincə…
Risklər baxımından təhlilə başlayıram, bir vaxtlar, hələ risklərlə bağlı qanunvericilik və Bazel Komitəsinin prinsipləri və tələbləri ölkədə maliyyə sistemində tətbiq ediləndə, qanunvericilik bazası hazırlanan zaman və maliyyə orqanlarından (kredit təşkilatları və sığorta şirkətlərindən) risklərin idarə edilməsi üzrə şöbə və risk komitəsinin yaradılmasının zəruri olmasını Mərkəzi Bank (sığorta şirkətləri üçün AR Maliyyə Nazirliyi) tələb edəndə, maliyyə qurumları bunu əhəmiyyətli saymayıb, “gözdən pərdə asmaq” məqsədilə strukturunda bu cür qurumu yaratdılar, strukturun fəaliyyətinə qiymət vermədilər. Ona görə də, indi bir çox qurumlar bundan əziyyət çəkir.
Əslində, risklər hər sahədə var və çox önəmli sahədir, maliyyə və qeyri-maliyyə riskləri mövcuddur, antiböhran tədbirləri, çirkli pulların yuyulması və cinayətkarlığın maliyyələşdirilməsi ilə mübarizə çox önəmli və ciddi məsələdir.
Maliyyə qurumları ancaq o zaman oyandı ki, kredit təşkilatlarında problemli kreditlər (aktivlər) problemi, bu problemi aradan qaldırmaq üçün məqsədli ehtiyat və ehtiyat hesabına silinən problemli kreditlərin kapitala təsiri ilə yaranan problemlər mövcud olmağa başladı. Kredit riski likvidlik riskinə səbəb oldu, bankın dövriyyə vəsaitləri azalmağa başladı və kredit təşkilatları vəsait cəlb etməli olduqlarını anladılar, cəlb edilmiş vəsaitlər isə maliyyə təşkilatlarının öhdəlikləridir (kənardan kredit götürmək, hər hansı bir məhsula birbaşa sərmayə cəlb etmək, əhalinin əmanətləri, digər banklardan kredit cəlb etmək, dövlət qurumlarından, xarici mənbələrdən güzəştli cəlb edilmiş vəsaitlər), aktivləri yox. Vəsaitin cəlb edilməsi yolları depozitlər, əhalinin əmanətləri, maliyyə bazarlarında əməliyyatlar, xarici maliyyə qurumlarından, dövlət təşkilatlarından (SKMF, müxtəlif fondlar) cəlb edilmiş kredit xəttləri və vəsaitlərdir.
Əgər bütün banklarda növbədənkənar yoxlama aparılsa, görərik ki, bankların çoxunda ümumi kredit portfelində problemli kreditlərin faizi 10%-dən yuxarıdır, likvidlik problemi var, mənfəətlə işləmir, məcmu kapitalı 50 mln manat həcmində deyil… Maliyyə və kənar audit hesabatları BMHS-nın prinsiplərinə görə ictimaiyyət üçün açıq olmalıdır. Yəni, məsələn, banka gələn hər kəs bankın durumu ilə bağlı məlumat əldə etmək hüququna malikdir, ən azı saytından məlumat əldə etməlidir, ən çox kənar audit hesabatı ilə tanış olmalıdır, ilk növbədə, hesabatların ilk səhifələrinə baxmaq kifayətdir, yəni BMHS-nın tələb etdiyi 4 hesabata (mənfəət və zərər haqqında hesabat, mühasibat balansı, pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklər barədə hesabat) baxmaq kifayət edər. Mənfəət və zərər hesabatı bizə şirkətin mənfəət və zərərlə işlədiyini göstərəcək, vergidən yayınmaq üçün çox vaxt mənfəət süni şəkildə azaldılır (ya xərclər artırılır, ya da gəlirlər azaldılır). Vergi öhdəliyi və vergi aktivləri, kredit portfeli, məqsədli ehtiyatlar, problemli aktivlər, depozitlərin bölgüsü (məsələn, müddətli depozit, tələbli depozit, fiziki və ya hüquqi şəxslərin depozitləri). Adətən hüquqi şəxslərin cari hesabları da depozitlərə aid edilir, orada cari hesablarda pul daimi olmur, dövr edə bilər, artıb-azala bilər, tələbli depozitlərin payının çox olması likvidlik problemi yarada bilər. Aktivlərlə öhdəliklər arasında fərqə baxın, likvidlik “qəpi” (fərqi) mənfidirsə, likvidlik problemi var (bunu mühasibat balansından görmək olar), maliyyə hesabatlarında mühasibat balansında müddətlər üzrə bölgü Sizə çox kömək edə bilər. Ən əsası, kapitalda dəyişiklər barədə hesabatda kapitalın durumu, ani likvidlik əmsalı, risklər üzrə ölçülmüş aktivlərin həcmi və digər önəmli rəqəmləri görə bilərsiniz, kapital azdırsa, o bankdan uzaq durun (bankın öz vəsaiti onun nizamnamə kapitalıdır).
Bildiyiniz kimi, maliyyə qurumları, banklar əhalidən yönələn əmanət, digər maliyyə qurumlarından cəlb etdikləri vəsaitlər hesabına kreditlər verir, bankın əmanət faizi nə qədər yüksək olursa, bir o qədər kreditin faizi artıq olur, yəni kredit bahalaşır, bankların verdiyi kreditlərdə FİFD faiz göstəricisinə fikir verin, əsas faiz odur. Bir maliyyə qurumu əgər istiqraz buraxırsa, deməli, vəsait cəlb etmək istəyir, əgər yüksək faizlə cəlbedici əmanət növləri təklif edirsə, uzunmüddətli (məsələn, 5 ilə, 3 ilə illik 14, 17, 21%) əmanət məhsulları təklif edirsə, deməli bankların likvidlik problemi var, uzun müddətə Sizin pulunuzu dövriyyəyə buraxmaq istəyir. Bu cür əmanətlər ƏSF tərəfindən sığortalanmır.
Banklar istər əmanət, istər kredit müqavilələrində özlərinə xeyir edəcək və müştərilərin imkanlarını, hüquqlarını məhdudlaşdıracaq tələblər qoyur, hüquqi və ya maliyyə biliyi, savadı olmayan şəxslər oxumadan bu müqaviləyə imza atırlar.
Azərbaycanda yeganə ödəniş vasitəsinin manatla olduğunu nəzərə alaraq, məsləhətim budur ki, əgər xaricə çıxmayacaqsınızsa, xariclə ticarətiniz yoxdursa, ölkədaxili istifadə üçün pul yığırsınızsa, manat əmanəti, manat krediti məhsulunu seçin.
Banklarda yoxlamalar olarsa, çoxlu nöqsanlar aşkar ediləcək, müştərilərin hüquqlarının pozulmasından tutmuş, bütün növ maliyyə və qeyri-maliyyə risklərinin mövcudluğu və onların həll edilməməsi, antiböhran planının, risk matrisinin, ssenari təhlilinin, risklər baş verən zaman fövqəladə hal planının olmaması, sənədləşmələrdəki qanunpozuntuları, bank sirrinin kobudcasına pozulması, məlumat təhlükəsizliyi tələblərinə əməl edilməməsi, çirkli pulların yuyulmasında iştirak, iri məbləğlərdə problemli aktivlər, məqsədli ehtiyatlar və s.
Əgər bütün bu problemlər həll edilməsə, bu maliyyə qurumları gərək, ya rəsmi müflis elan edilsin, ya əlavə maliyyə mənbəyi axtarsın (nəzərə alsaq ki, banklardan kütləvi şəkildə əhali əmanətləri çıxarılır, kreditlər problemli kreditlərə çevrilir, bankların vəziyyəti ağırlaşır), ya da birləşsin… Hər bir halda, əziyyət çəkən əhali və həmin maliyyə qurumlarının müştəriləri olacaq…
Bank olmayan kredit təşkilatlarının əsas vəsaitləri cəlb edilmiş vəsaitlərdir, xarici və ya daxili mənbələrdən aldıqları kreditlər və ya dövlət layihələrində iştirak müqabilində əldə edilmiş vəsaitlərdir.
Sığorta bazarında da vəziyyət eynidir, sığortaçılar və təkrar sığortaçıların, sığorta şirkətlərinin maliyyə durumu çox önəmlidir, əks halda, şirkət bağlanarsa, müflis edərsə, Sizin sığorta hadisəsi baş verən zaman sığorta ödənişlərinizin Sizə verilməsində ciddi problemlər yaranacaq… Sığorta şirkətlərimizə inam çox aşağı olduğundan, icbari və könüllü sığorta bazarı zəif inkişaf etmişdir.
Əgər maliyyə qurumların nüfuzu aşağı düşərsə, onda onlar üçün kənardan vəsait də cəlb etmək çətin olacaq, bu isə maliyyə sistemində olan şirkətlərin yarıdan çoxunun müflisləşməsinə gətirib çıxaracaq (xarici mənbələr, sərmayədarlar şirkətin maliyyə, kənar audit hesabatı ilə tanış olur, yerində yoxlamalar aparır (due delegence), nəticə onları qane etməzsə, onların tövsiyyə və iradları nəzərə alınmazsa, əməkdaşlıqdan imtina edilir), müflis olmuş şirkət zamanı zərərçəkən müştərilər və onların kütləvi ixtisara düşəcək işçi heyəti olacaqdır (devalvasiyadan sonra bir neçə şirkətin bağlanması, ixtisarların mənfi tərəfi işsizlikdən əlavə, problemli kreditlərin artmasıdır, çünki bu işçilərin çoxusunda istehlak, avtomobil, ipoteka krediti var), ixtisar isə rəsmi ixtisar şəklində aparılmır, seçilmiş işçilərə könüllü ərizə yazmaları tövsiyyə olunur, bu isə işəgötürəni ixtisara saldığı işçilərə 3 aylıq işsizlik üçün sosial müavinət vermək yükündən azad edir, xərclər azalır. Əslində, qanuna görə işdən çıxarılan şəxsin krediti varsa, bu barədə kredit verən və alan tərəfə 1 ay öncədən xəbərdarlıq edilməlidir, ən azı işçiyə 1 ay möhlət verilməlidir, bizdə buna əməl edilmir və əmək qanunvericiliyi kobud şəkildə pozulur. Yeni bir devalvasiya olarsa, əziyyət çəkən əhali olacaq, çünki maliyyə qurumları özlərini risklərdən qorumaq üçün əmanəti manatla qəbul edir, krediti xarici valyuta ilə verir.
Şikayət etməkdən qorxmayın, müştəri kimi hüquqlarınızı bilin, nüfuzunu itirmək istəyən maliyyə qurumları ən azı gələcəkləri naminə güzəştə getməyə hazır ola bilər.
Ardı olacaq…

Один ответ на “Bankların yarısı ya bağlanmalıdır, ya da birləşməlidir.

  1. Günel xanım,
    Yazınıza görə təşəkkür edirəm. Lakin, bildirmək istəyirəm ki, ilk növbədə banklarla sığorta sistemini eyniləşdirmək olmaz. Sığorta şirkətləri, bağlansa, və ya fəaliyyətini dayandırsa belə, bağladıqları sığorta müqavilələri üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirməlidirlər. Əks halda, mövcud sığorta qanunvericiliyinə müvafiq olaraq sığorta şirkəti öz portfelini ikitərəfli razılaşma əsasında digər sığorta şirkətinə ötürməlidir.

    Нравится

Обсуждение закрыто.