Biz öləndə “rəhmət” deyin! Cabir Novruza nəzirə (Sağlığında qiymət verin insanlara)

Bir arzum var, vətəndaşlar,

Deməliyəm bunu Sizə…

Biz öləndə “rəhmət” deyin,

“Pis”ləməyin biz öləndə…

“Yaxşı insan olub” deyin,

Sağlığında “pis” olsa da…

Sağlığında dəyər yox insanların?!

Heç olmazsa, o öləndə qiymət verin…

Sağlığında yaxşılara pis deməyə,

Pislərə tərif deməyə, mədh etməyə

Öyrəşibdir bu insanlar…

Biz öləndə tüpürməyin cəsədlərə…

Biz öləndə ağlamayın, sevinməyin…

Sağlığında üzümüzə gülməyiniz,

Arxamızca söyməyiniz bəsdir bizə,

Yetər artıq, hörmət edin özünüzə…

Bir “rəhməti”, fatihəni, salavatı qıymayanlar,

Bir gün Siz də öləcəksiniz, tələsməyin…

Əgər yalan deyiriksə, töhmət edin,

Tənqid edin, səhvimizi bizə deyin…

Sizdən xahiş edirik biz, bu arzuya

Hörmət edin…

Sağlığında yaxşılara pis dediniz, azdır Sizə,

Yollarını bağladınız, susdurdunuz, bəs etmədi…

Gələcəyə inam, güman lazım deyil,

Sabahlara saxlamayın, bu gün ilə Siz yaşayın sabah üçün,

Sonralara saxlamayın xoş sözləri, sevginizi,

Əcəl gəlib aparacaq hər bir kəsi…

Xoşum gəlmir boş vədlərdən,

And içməkdən, söz verməkdən…

Sonra qaçıb gizlənməkdən…

Xoşum gəlmir avaradan,

Nadan, avam insanlardan…

Xoşum gəlmir şikayətdən,

Torba tikib seçilməkdən…

Xoşum gəlmir yalanlardan,

Fanatikdən, görməmişdən…

Bu həyatı tələsərək, gecikərək

Yaşayandan, insanları saymayandan

Xoşum gəlmir, yuxarıdan aşağıya

Baxıb sonra yıxılmaqdan…

Sağlığında təmizlərə ləkə atdınız,

Bezmədiniz…

Sağlığında ev yıxdınız,

Gücünüzü göstərdiniz, bəs etmədi…

Nə deyim mən?!

Tülkü, dovşan cildindəsiniz,

Min cür maska geyinirsiniz,

Tanımaq olmur Sizləri,

Satqınlıqla, xəyanətlə,

Qəlbinizi zəhərlədiniz,

Azdır Sizə?!

Ölməmişkən insan kimi insan olun,

Ölməmişkən dəyər verin, yaxşı olun,

Yaxşılara həyat verin, pislərəsə yol göstərin…

Bəlkə onlar yaxşı olar sağlığında…

Ölən kimi hər kəs yaxşı,

Pis də yaxşı, yaxşılar da…

Ölən kimi yada düşür bütün borclar…

Yadlar belə gəlir yasa,  yada salar,

Sağlığında qapımızı açmayanlar,

Gəlib yasda dua edib doğma olar…

Bu ölənlər göz yaşıyla dirilmirlər…

Ölənlərin ruhlarına hörmət edin…

Yasda susun, danışmayın bircə anlıq…

Sualları vermək üçün zaman deyil,

Məkan deyil yas məclisi…

Susun bir gün, susun bir az,

Qoy ruhları rahat olsun…

Xoşum gəlmir maraq dolu insanlardan,

Yasa qızıl taxanlardan,

Süni üzdə yas tutandan…

Sağlığında “rəhmət” deyin, dua edin,

Sağlığında yaxşı deyin,

Sağlığında qiymət verin, dəyər verin…

Ölənləri bu gecikmiş

dəyəriniz, qiymətiniz qaytaracaq?!

Sağlığında qiymət verin,

Sağlığında həyat verin…

Sağlığında sevgi verin insanlara,

Sağlığında hörmət edin insanlara!

2 ответ. на "Biz öləndə “rəhmət” deyin! Cabir Novruza nəzirə (Sağlığında qiymət verin insanlara)"

Обсуждение закрыто.