Məşvərət məclisinin qərarı: Hamı pul hayındadır! (M.Ə.Sabirə nəzirə)

(Xahiş edirəm, kimsə məndən inciməsin, hər kəsə şamil edilmir)

Günlərin bir günü dünyadakı bütün peşə sahibləri yığışıb məşvərət məclisi keçirməyi qərara alırlar.

Məşvərət məclisi başlamamış mübahisə başlayır ki, məclisi kim açacaq, kim bağlayacaq, yəni ki, ilk və son söz sahibi kim olacaq, müzakirə mövzusunu kim seçəcək?! Hakim özünü məhkəmədə hiss edib qərar çıxardır ki, ilk və son söz sahibi ən önəmli peşə sahiblərinə verilsin və bu peşə sahiblərini müəyyən etmək üçün hər bir peşə sahibi öz peşəsinin nə dərəcədə önəmli olmasından danışıb əsaslandırmalıdır. Bunların hər birinin sözünə onların ağlı, vicdanı və qəlbi şahidlik etməlidir.

Həkim:

  • Mən hamıdan vacib şəxsəm, insan doğulanda da, öləndə də, mən yanında oluram, insanı mən dünyaya gətirib, mən də öldürə bilərəm… Vicdanı deyir ki:- Yaxşı ki, etiraf edirsən, pulu olmayanları, tanışı olmayanları, sosial statusu olmayanları heç müalicə etmək istəmirsən, verirsən, yazıq xəstəni əcəlin əlinə… O qədər gördüm ki, bu həkim bir əliylə insana həyat verir, o biri əli ilə həyatını alır əlindən… Ağıl deyir ki: — Hələ xəstəxanaya gələn və analoqu olmayan, müasir tibbi avadanlıqlardan istifadə edə bilmədiyini, orada görünən məlumatları düzgün oxuya və anlada bilmədiyini də mahircəsinə gizlətməyin var… Qəlbsə deyir ki: — Ağam, ancaq istisna hallarda məndən istifadə edir, halbuki, mən onun üçün önəmli olmalıyam və tez-tez yada düşməliyəm… Hippokrat andını da, məni yada saldığı kimi yada salır. Mən ancaq ağam müştərinin maddi vəziyyətini təhlil edəndə, razı qalanda və pulu görəndə, yada düşürəm…

Həkimsə, seçilmək və ilk və son söz sahibi olmaq üçün şahidlərin dedikləri ilə razılaşmalı olur…

Molla:

  • Mən insan doğulanda da, öləndə də yanında oluram, dua oxuyuram, anlayan olsa, Qurani Kərimin ərəb dilindəki versiyasından, avam və nadanların tədbirlərində isə transkripsiyadan oxuyuram duaları və surələri. Özümün çox zaman əməl etmədiyim qaydaları, dini tələbləri digər insanlara tövsiyyə, məsləhət bilirəm, təsir etməyəndə, bir fitva verirəm, yazıram dinin ayağına ki, bu qadağandır, o qadağandır, tabe olmayanları, eşitməyənləri, “çoxbilmişləri” cəhənnəm odu ilə qorxuduram, çalışıram “beyinlərini yaxşı yuyum ki” mən dediyim onlar üçün qanun olsun. İnsanlar var ki, dediyim hər sözə, yazdığım hər duaya, bütün mövhumatlarıma inanıb dediyimi edir. Adam da var ki, rela dini bilikləri olur, məni “düzgün deyilsən” çıxardır, belələrini şərləyirəm, hədələyirəm, ictimaiyyəti onun əleyhinə qaldırıram. Dini qadağalara özüm əməl etmirəm, çünki mənə olar, amma başqaları əməl etməyəndə, deyirəm ki, böyük günah sahibidir. Vicdan deyir ki:Çoxdandır, bu insan bilmir ki, onda vicdan var, əlinə pul düşəndə, lap insanlığını da itirir, hərdən dini tələb deyib, insanları cihada çağırır, özünü dini “lider” sayır, hamıdan təmizdir, günahsızdır, yeri behiştlikdir! Ağıl deyir ki: Çox vaxt düz oxumur ayələri, surələri, düz tərcümə etmir, təhrif edir mənasını, amma bilərəkdən edir, deyir, bu insanların dini bilikləri yoxdur! Nə desəm, inanacaqlar! Arada bir ağıllı olub, vicdanını aktiv eləsə və insan olsa, nə dərdimiz, problemimiz olardı bu ağamızla, onda məndən çox hiyləgərlik, hərislik var! Həmişə nəsə çatmır, azdır, dini sigələr edir hərisliyindən, nəfsindən, qanuni nigah olmadan kəbin kəsdirir! Dini kəbini olmayanların uşaqlarının guya din tərəfindən tanınmayacağını söyləyir və onları “bic” adlandırır. Qəlb deyir ki: Etdiyi hər hərəkət sünidir, səmimi deyil, dediyi hər söz yalandır bəzən… Üzdə guya dindardır, göz görməyən, qulaq eşitməyən yerdə küfr də edər, günah iş də görər, dini qadağaları da pozar… Qəlbi pak olmayanları, əməli düz olmayanları öz ətrafına yığıb ordu yaradır…

Ardı var