Yazılmamış qanunlarımız (II hissə)

 Yazılmamış o qədər qanunlarımız var ki… Saymaqla bitməz…
1. Toylarımıza getmirəm, çağıranda pul göndərirəm… Çünki məncə toya elə adamları çağırmaq lazımdır ki, çox yaxın, əziz, doğma insan olsun, tanısın səni və toyunda olmasını istəyəsən sidqi-qəlbdən… Bizdə dost, düşmən, tanıdın, tanımadın hamını toya çağırırlar… Toy süfrəsində o qədər yemək düzülür ki, çoxusu stolda qalır, toxunulmur, o qədər yemək ziyandır, bizim bəzi insanlarımız, gün ərzində heç nə yemir ki, axşam toya gedirəm, orda yeyərəm, sanki oruc tutur, bir səhər nəyi var yeyir, bir də axşam, yatmamışdan öncə, sonra da deyir ağrıyıram, ağırlıq var, zəhərlənmişəm, ürəyim sıxılır, yata bilmirəm… Toylardakı musiqini demirəm hələ… Karı eşidən, eşidəni kar edər toy musiqisinin səsinin yüksək olması, sanki zəlzələ baş verir beynində, qıcıq olursan… Bəhsəbəslə toya gedən və evində ən bahalı paltarı və aksesuarları geyinən qadınlarımızı demirəm hələ… Çirkdəki klounları, oyuncaq matryoşkaları xatırladırlar mənə… Saş düzümləri, makiyajlarını cin belə görsə qorxar… Bir tərəfdə etik, mədəni insanlar, digər tərəfdən bir az içən kimi açarını itirən, özünü idarə edə bilməyən, mədəniyyətsiz, qeyri-etik insanlar… Toylarımızda belə təbəqələşmə var, sosiallaşma var, hər kəs qarşı tərəfi müşahidə edib, müzakirə obyektinə çevirir, bir qadın bir toya geyindiyi paltarı, taxdığı qızılı başqasına geyinməz, taxmaz ki, amanın günüdür, bunu görüblər, yenisi lazımdır… Hələ toya südəmər, balaca uşaqları gətirib, yer tutan və onun yer pulusunu verməyən, toya bütün nəslini daşıyanları anlamıram… Nə gəlin, nə də bəy bu cür qonaqlar kimdir, tanımırlar da… Toyda ərdə olmayan qızları gözaltılayan anaları və oğlanları anlamıram… Elə bir toya «qız və gəlin tutmağa» gəliblər… Hələ qızlarını toya gedərkən bəzəyən valideynləri heç anlamıram, qızınız maşın deyil və maşın bazarına satışa çıxartmamısınız!
2. Bildiyin, çağrıldığın yaslara getməmək olmur, eldən ayıbdır… Yasda yas saxlayır ev yiyəsi, o qədər sorğu-sual verib, narahat edir bəziləri ki, bilmir ölüsünə ağlasın, ya bunların düşdüyü səviyyəyə… Hələ yasa bəhsəbəs üçün bəzənib gələnləri, yasda söhbətləşib gülənləri və qadın mollasının dediklərini dinləməyib, öz hayında olanları demirəm… Biabırçılıqdır, nə toy edib yeni həyat quranlara, nə də ölünü yola salanlara hörmət edəcək səviyyə qalıb bəzilərində… Yasa ancaq to y kimi yeməyə gedənləri demirəm, hələ yasa pul salanlar azdır deyə, bu «yeyib-içmək» onlara nisyədir… Yasda ağlamırsan, eybi yox, heç olmazsa, ölənin ruhuna hörmət et, özünə hörmət edə bilmədiyini anladıq…
3. Maşın niyə almıram və sürmürəm? Maşın alındığı gündən xərcdir, artıq xərc, maşın o adama lazımdır ki, daim səfərlərdədir, iş yeri evindən uzaqdadır, ailə üzvlərinin sayı çoxdur. Mənim iş yerimə ictimai nəqliyyatla getsək, 15-20 dəqiqəlik vaxt gedir. Maşını istər nağd, istər kreditlə alanda xərc çəkirsən, onun texniki baxışı, icbari sığortası, ehtiyat hissələri, yanacağı, qəza zamanı qəza xərcləri, yol hərəkəti qaydalarını pozanda cərimələr və s. xərclər səni əlavə xərclərə salır… Bir maliyyəçi kimi düşünürəm, nəyimə lazımdır… Maşın müxtəlif xəstəlikləri yaradır, əsəbləri korlayır, qorxursan ki, vurarsan maşını, ya səni vurarlar… Ona görə də nə maşın alıram, nə də əlavə növbədən kənar və planlaşdırılmamış xərclərə düşürəm…
4. Mehmanxana deyəndə, adına ad qoyurlar, sanki ora ancaq fahişəlik etməyə gedirsən… Mənim işim sərmayə və beynəlxalq əlaqələr ilə bağlıdır. Yəni mən xarici tədbir, forum, seminarlarda çox oluram, bu cür tədbirlərin əksəriyyəti 5 ulduzlu mehmanxanaların konfrans zalında keçirilir. Üstəlik, işlə bağlı xarici qonaqlar gələndə onlarla görüşmək, onları qarşılamaq və mehmanxanaya yerləşdirmək, iş yerinə aparmaq da mənim işimə daxil olur. Mehmanxanaya sırf işguzar münasibət və görüşlər, tədbirlərə getmək məqsədilə ayaq basıram… Ayağın ora dəydiyi andan mehmanxananın işçilərinin qınaq dolu baxışları məni bir az qıcıqlandırır, hələ həyat yoldaşımla bir tədbirə getmişdik, Gəncə şəhərində bir gecə mehmanxanada gecələməli idim, ərim yanımda idi, ərimdən və məndən şəxsiyyəti təsdiq edən sənəddən əlavə, nigah şəhadətnaməsini istədilər, özü də biz rəsmi olaraq tədbirin iştirakçısı idik, mehmanxananın əməkdaşı elə baxırdı bizə guya biz ora tədbirə deyil, məşuqumla əylənməyə getmişik… Qadın mehmanxanaya yaxın getdisə, içinə girdisə, fərq etməz, artıq sənə kənardan baxan da, mehmanxana işçiləri də, qınaqla bir damğanı vuracaq!