Risksiz həyat ruhsuz bədən, insan kimidir…

Risk olmayan yerdə proqress və inkişaf da yoxdur… Vikentiy Smidoviç
Risk etmədən gəlir əldə etmək, təhlükə ilə üzləşmədən təcrübə qazanmaq, işləmədən mükafat almaq, doğulmadan yaşamaq kimi qeyri-mümkündür… Quti
 Risk nədir- istənilən fiziki və hüquqi şəxsin həyat və fəaliyyət dövründə onun gözləmədiyi və gözlədiyi təhlükələrin onu maliyyə və ya qeyri-maliyyə itkiləri ilə üz-üzə qoyması ehtimalıdır.
Merfi qanunlarından birində bildirilir: “Əgər hər şey yaxşıdırsa, deməli siz nəyi isə görə bilməmisiniz”. Bu isə riskdir.
İnsan doğulduğu gündən ta ölənədək risk edərək yaşayır… Həyatda yaşamağın özü də riskdir…
İnsanın doğulması da, ölməsi də risk altında baş verir, risk edib doğuluruq, risk edib ölürük…
Risklər həyatımızın özündədir, həyatımız özü ən böyük riskdir…
Ümumiyyətlə, cəmiyyətimizdə həm maliyyə, həm də qeyri-maliyyə riskləri çoxdur…
 Riskləri yaradan amillər insan, texniki, sistem və kənar (fors major-insan iradəsindən asılı olmayan hallar) amillər mövcuddur. Kənar amillərdən savayı bütün digər amillərə birbaşa insan amili təsir edir.
Kim desə ki, həyatında risk etməyib, riskləri yoxdur, risksiz yaşayır, inanmayın, hər kəsin həyatında risk var, olub, olacaq da…
Riskləri idarə etmək olar, bu yollarla:
— Riski qəbul etməklə — bu halda riski görürsən, qəbul edirsən;
— Riskdən sığortalanmaqla — riskin mövcudluğunu qəbul edib, riskdən icbari və ya könüllü şəkildə sığortalanırsan;
— Riskdən qaçmaqla- riskin mövcudluğunu qəbul edib, itkilərin qazanclardan çox olduğunu anlayıb riskə getmirsən, riskdən qaçırsan;
— Riski azaltmaqla- riskin mövcudluğunu qəbul edib, onu azaldırsan, ən pis halda, ən yaxşı halda, ssenari təhlilini edirsən, özün üçün risk xəritəsini tərtib edib, azaldılması yollarını müəyyən edirsən;
— Riski ötürməklə- riski digər sahələrə və ya bölmələrə, istiqamətlərə ötürüb, riski sanki paylayırsan;
Maliyyə və qeyri-maliyyə riskləri hər kəsin həyatında var.
Maliyyə riskləri birbaşa maliyyə itkilərinə səbəb olur, qeyri-maliyyə riskləri dolayısı yolla maliyyə itkilərinə səbəb ola bilər və ya heç maliyyə itkisi olmaya da bilər… Əksər risklər bir-biri ilə sıx əlaqədədirlər və bir risk digərini yarada bilər…
Maliyyə riskləri hansılardır:
— Kredit riski — hər kəsin debitor və kreditor borcları var, yəni həım ona borcludurlar, həm o borcludur, deməli həm aktivi var, həm də öhdəliyi, bu isə kredit riskidir, əgər öhdəlik aktivi keçirsə, bu artıq likvidlik riskini yaradır. Kredit və borc götürməyin, borc vermeyin… Bu riskin bir növü də ölkə riskidir… Ölkədə siyasi və iqtisadi vəziyyətin dəyişməsi və maliyyə durumuna mənfi təsiridir, ölkəyə daxil olan kapital, pul axının azalması, ölkədən çıxan kapital axının artmasıdır.
— Likvidlik riski — Öhdəliklər aktivlərdən üstün olarsa, mənfi «gap», aralıq yaranan zaman olan riskdir, məsələn 300 manat maaş alıb 500-600 manatlıq xərc edirik, 200-300 manatlıq mənfi aralıq, kəsir yaranır, deməli likvidlik problemi yaranır və bu kəsiri örtmək üçün gəlir mənbəyi axtarırsan, borca düşürsən, kredit riskin yaranır, yenidən maliyyələşdirilməyə ehtiyac yaranır, likvid vəsaitlərin azalır, əksinə də ola bilər, pulun çox ola bilər, sərf etməyə yerin olmaz. Pul pulu gətirməlidir, sərmayə edilməlidir. Əlavə xərcləriniz olacaqsa, öncədən ehtiyat fondu yaradın, ehtiyata pul qoyun, xərclərinizə nəzarət edin. Qazandığınızdan çox xərclər etməyin…
— Bazar riski — iqtisadi risklərdən adəti üzrə yaranır, xarici valyuta, qiymət. faiz riskini yaradır, devalvasiya-valyuta riskidir, və inflyasiya-qiymət riskidir… İqtisadi hadisələri izləmək, inflyasiya zamanı süni qiymət artımı ilə qarşılaşan zaman münasibətinizi bildirin, bahalı olanı almayın… Neftin və ya digər önəmli ixrac məhsulunun qiymətinin azalan istiqamətdə dəyişməsi həm ölkə riskini, həm valyuta və qiymət riskini yarada bilər…
— Sərmayə riskləri — sərmayə və maliyyə nəticələri üzrə riski (düzgün və vaxtında, düzgün sahəyə sərmayə edilməzsə, xərclər düzgün hesablanmazsa, tərəfdaşlar müflis olarsa, müqavilə şərtlərinə əməl edilməzsə və s. hallarda), əldən buraxılmış gəlir riski (hansısa işdən, gəlir qazanmaq şansından imtina etdiyimiz və s. hallarda), birbaşa maliyyə itkisi riski, kapital (axını və çoxluğu) riski, xərclərin azaldılması və ya artırılması riski (zəruri xərclərin azaldılması, zəruri olmayan xərclərin artırılması nəticəyə birbaşa təsir edir), birbaşa bazarla əlaqəli risklər (hansı sahəyə sərmayə etmək riski, ailə qurmaq, təhsil almaq, işləmək və s. kimi-mənəvi planda), reallaşdırma riski (satış, xidmət və ya özünü ifadə etmədiyin üçün sərmayəni düzgün etməmək riski) ola bilər.
— Birbaşa maliyyə riskləri- birbaşa iri və ya kiçik həcmli maliyyə itkilərinə səbəb olan risklərdir, yəni kommersiya, inflyasiya, deflyasiya, mənfəətlilik və faydalılıq əmsalına çatmamaq, maliyyə hədəflərinə əməl olunmaması riskidir.
— İqtisadi risklər- iqtisadiyyata təsir edən və iqtisadiyyatın təsiri ilə yaranan risklərdir, birbaşa dövlətə, hüquqi və fiziki şəxslərə təsir edə bilən risklərdir, birbaşa iqtisadi risk (iqtisadi qərar və islahat, inkişaf tempi ilə bağlıdır), buraxılmış maliyyə səmərəsi riski, gələcək əməliyyatlar üzrə mənfəətin azalması riskidir.
Qeyri-maliyyə risklərinə aiddir:
— Nüfuz riski-İstər fiziki,istərsə də hüquqi şəxslərdə bu risk var, yalan məlumat, şaiyənin yaratdığı risk, şirkətin və ya insanın buraxdığı səhvlərin nəticəsində yaranan riskdir. Etimadın doğrulmaması, yalan, xəyanət, sirrin yayılması və s. hallarda məlumatın şəbəkə marketinqi prinsipi ilə yayılması və nüfuzun sarsıdılmasıdır.
-Xalis risklər — Nəqliyyat vasitələri zamanı, daşınma zamanı, daşınar və ya daşınmaz əmlakın itirilməsi, düzgün qiymətləndirilməməsi, ticarət (biznes) riskləridir;
— Strateji risklər- strateji qərarların düzgün verilməməsi, strateji biznes planının yerinə yetirilməməsi, bu və ya digər sahə üzrə strategiyanın düzgün seçilməməsi, səhv strateji addımların atılması, strateji idarəetmə orqanlarının (orta, yüksək menecment səviyyəsində) işinin düzgün təşkil edilməməsidir;
— Müştəri ilə bağlı risklər- müştərilərin azalması və ya müştəri itkisi riski, müştəri məmnunluğunun səviyyəsi ilə bağlı risklər, müştərilərlə birbaşa və ya dolayı yolla əlaqənin qurulmaması və ya düzgün qurulmamasının nəticələri olan risk, müştəri kontingentinin və tələbatının öyrənilməməsi, bazarın düzgün araşdırılmaması üzrə marketinq riski, xidmət sahəsi və bütün növ əməliyyatlar üzrə keyfiyyətin aşağı düşməsidir;
— Əməliyyat riskləri — insanlarla, insan ehtiyatları, informasiya texnologiyaları, icra intizamı, sistem və təşkilati, zaman və məkanla bağlı risklərdir.
— İdarəetmə riskləri-makro, mikro, orta səviyyədə idarə etmədə, eləcə də şəbəkənin idarə edilməsində yaranan idarəetmə riskidir. İdarəetmə ilə bağlı verilən səhv qərarlar və düzgün idarəetmə siyasəti və nəzarət mexanizminin olmamasından yaranır;
— Hüquqi risklər- yerli və beynəlxalq qanunvericilikləri bilməmək, hüquqi bilik bazasının olmaması, standart və tələblərə uyğunsuzluq, müqavilələrdəki qanunauyğunsuzluq, qeyri-dəqiqlik, məhkəmə işləri daxildir.
Ardı var