Onlara əlil deməyin!

27 sentyabr 2015-ci ildə Sevinc Alizadənin təşkil etdiyi Park İnn mehmanxanasında «Onların sizə ehtiyacı var: Gəlin birlikdə yardım edək!» adlı sağlamlıq imkanları məhdud olan insanların əl işlərindən ibarət xeyriyyə sərgisinə dəvət aldım, sevərək iştirak etdim, peşiman da olmadım.

Çünki orada gözəl insanlarla, yaradıcılıqları ilə, əl işləri ilə tanış oldum, yeni və maraqlı, gözəl qəlbli dostlar əldə etdim.

Onların əl işləri, istedad, insani keyfiyyətləri, gülərüz olmaları məni çox sevindirdi,  məyus edən isə gələnlərin, qonaqların sayının az olması oldu, məşhur xeyriyyəçilərdən kimisə görmədim desəm, yanılmaram…

Niyə axı biz tolerant ola bilmirik, niyə damğalar vururuq?! Onlara əlil deyirik, qüsurlu deyirik!

Həyat hər kəsi təəccübləndirə, məyus edə bilər, həyatda heç nədən tam sığortalanmamışıq. Onlar da bir vaxtlar bizim kimi, sizin kimi sağlam insanlar olmuşdular, müəyyən səbəbdən indi bu həyatı yaşayırlar…

Əslində mənim üçün əlil insan başında, ağlında, qəlbində, əxlaqında problemi olan insanlardır.

O sərgidə isə iştirak edənləri əlil və ya qüsurlu saymıram, onlar əzmkarlığı, mübarizliyi, həyatsevərliyi, əməksevərliyi, çalışqanlığı, ağlı, yaradıcılığı, əxlaqı, insanlığı, gözəl qəlbli olmağı, saflığı, təbiiliyi, açıq və səmimi olmağı ilə hamımıza nümunədirlər. Təki onların bu keyfiyyətləri bəzi sağlam bildiyimiz insanlarda olaydı, kaş ki, olaydı…

Kiməsə ad, damğa qoymamışdan öncə özünüzü onların yerinə qoyun! Sizə bu ad və ya damğanı qoysaydılar, xoşunuza gələrdimi?!Əsla!

Ayrıseçkilik etməyin, bir olun, həmrəy olun, dəstək olun insanlara!

Xeyriyyə tədbirlərində iştirak etmək və bu cür tədbirləri təşkil etməkdən ehtiyat etməyin!

Sizin gəlişiniz onlara güc, ümid, sevinc, inam verir… Onları yaşatmalıyıq, çünki onlar da bizim kimi insandırlar…

Biz onlardan üstün deyilik!

Sevinc hissindən kövrəlmişdim orada, fəxr edirdim onlarla!

Tədbirin təşkilatçılarına və tədbirdə iştirak edən, iştirakçılara dəstək olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm!

Deməli, hələ ki, cəmiyyətimizdə insanlıq ölməmişdir…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: