Qeyri-rəsmi müsahibə — Fuad Musayev ilə

Bu günkü müsahibim, ilk müsahibim elə bir insandır ki, onunla və sənəti ilə hələ 2006-cı ildə magistr buraxılış gecəsini restoranda qeyd etdiyimiz zaman tanış olmuşam, o zaman kim olduğunu bilmirdim, amma onun oxuduğu və çox sevdiyim, qəlbimdən xəbər verən və bu günədək gündəmdə olan Alim Qasımovla duet olan “Ürək” mahnısı  (mahnının sözləri B.Vahabzadəyə) mənə ümid verdi ki, hələ də milli musiqimiz yaşamaqdadır, səviyyəsini qorumaq mümkündür və mən muğamımız və Alim Qasımovun ifasını və yaradıclığını sevməyə başladım. Elə o vaxtlar o, FM Express qrupunu yaratmış və qrupun solisti olmuşdur.

O, özünəməxsus səviyyəli, həzin səsə, gözəl ifaya malikdir, mahnılarını yaşadır, içdən, qəlbən oxuyur, məhz buna görə də mahnıları fərqli, özəl və gözəl, sevimli olur.

O, insan kimi də gözəl qəlbə, yüksək mədəniyyət səviyyəsinə və mənəvi dəyərlərə malikdir… O, bir çox mahnılarının həm də bəstəkarıdır.

“Ürək” mahnısından sonra onun ifasında “Sirli məhəbbətim”, “Sənsizlik”, “Qayıt ömrümə” kimi mahnılarını da dinlədim və çox sevdim, bəyəndim… Hər sevən insanın qəlbindən, həyatından xəbər verir, yaşayırsan o mahnılarla yenidən o həyatını, o hissləri…

İlk növbədə, Fuad Musayevə və FM Express qrupunun üzvlərinə təşəkkürümü bildirmək istəyirəm, görüş və müsahibə almaq, ofis və iş prinsipləri ilə tanış olmaq niyyətimi qəbul etdi, işinin çox olmasına baxmayaraq, mənə vaxt ayırdı.

Çox maraqlı, səmimi, təbii və dostcasına ünsiyyət alındı… Sanki uzun illərin dostları kimi oturub, hər hansı mövzuları müzakirə edirdik.

  1. Sizin üçün Fuad Musayev kimdir?
  • Mənim üçün Fuad Musayev Gəncə şəhərində ziyalı ailəsində doğulub, boya başa çatmış bir insandır, indiki Fuad olmağıma görə valideynlərimə borcluyam. Məhz valideynlərim mənə dəstək olublar, düz yaşamağı, yaxşı insan olmağı, insanlara yaxşılıq etməyi öyrədiblər, valideynlərimin üzərimdə böyük əziyyəti və danılmaz əməyi olmuşdur. Buna görə onlara öz dərin minnətdarlığımı bildirirəm. İnsanlara yaxşılıq etmək mənim həyat prinsipimdir, həmişə çalışmışam əl tutum insanlara. Uşaqlıq illərimə gəlincə, mənim uşaqlıq illərim ağır illərə, müharibə vaxtlarına düşmüşdür, valideynlərim əlindən gələni etmişdilər. Uşaq vaxtı çox nəsə istəmirdim.

Çox tələbkar və çalışqanam, işdən sonrakı və qeyri-iş saatlarında da iş və gələcək planlar, görülməli olan işlər barədə düşünürük ki, nəticə hər kəsi qane etsin.

  1. Fuad adının mənası qəlbdir (ərəb dilindən tərcümədə), qəlbinizi dinləyirsiniz, yoxsa ağlınızı?
  • İlk növbədə, ürək deyir, ürək deyəndən sonra ağıl, şüur işə düşür və ondan sonra qərar verirəm. Amma ürək deyən hər zaman düz olubdur. İntuisiyanın da öz yeri var. Psixologiya da öz rolunu oynayır. Peşəkar səhnədə olan hər kəsdə psixologiya hər zaman yüksək səviyyədə olur və olmalıdır, çünki biz publika ilə işləyirik, fərqli insanlar olur, fərqli dinləyicilər olur, hər kəsin zövqünə uyğun olmaq lazımdır, zövqlərinə oxşamaq lazımdır. Hətta keçirilən tədbir, dəvət edilən yerə uyğun repertuar seçirik, çox çalışırıq. Toy musiqisinin və efir, səhnə mahnıları ayrı olmalıdır, hər birinin öz yeri var.
  1. Bir az da musiqidən danışaq:

İndi cəmiyyətimizdə iki qrup dinləyici var, bir peşəkar və səviyyəli musiqini dinləyənlər, bu cür musiqiyə dəyər verənlər, zövqlü insanlar və zövqü hələ tam formalaşmayan, ara mahnılarını dinləyənlər.

Elə məqamlar olur ki, iştirak etdiyimiz tədbirdə dinləyicilərin sayı çox olub, rəsmi dövlətimizin beynəlxalq  səviyyəli tədbiri olub, müxtəlif xalqların nümayəndəsi iştirak edib. Bu bizim üçün çox məsuliyyətli bir layihə idi, şükür öhdəsindən gələ bildik.

Repertuarımız böyükdür, rus, ingilis və digər dillərdə də mahnı ifa edirik.

Sevindirici haldır ki, indiki gənclərimiz ölkə ərazisindən kənara çıxa bilir, istər təhsil, istər səyahət və turizm məqsədilə, istərsə də işlə bağlı xarici ölkələrə səyahət edirlər, müxtəlif musiqi növləri ilə tanış olurlar, müxtəlif mədəniyyətləri öyrənirlər, musiqi zövqləri müsbət istiqamətdə dəyişir, çünki onların musiqidən anlayışları var.

Mənim fikrimcə, efir mədəniyyəti anlayışı var, bu mədəniyyəti nəzərə almaq lazımdır, efirə hazırlıqsız, məşqsiz getmək düzgün deyildir. Toy mahnısı efirdə deyil, toylarda səslənməlidir.

Toy mahnılarının seçilməsi isə müğənnilərin əsas qazanc mənbəyi olan toylara görə olur, onlara pul lazımdır, pul qazanmaq üçün əsasən toy mahnıları oxuyurlar, peşəkar və səviyyəli mahnılar, klassik musiqi kənarda qalır.

Öz mahnılarımızı isə biz Avropa standartlarına uyğunlaşdırmaq istəyirik, amma burada da maddi problemlər yaranır, xaricdə səsyazma, montaj, klip və reklam edilməsi baha başa gəlir.

Çox istərdim, peşəkar müğənnilərə dəstək olanlar tapılsın və bizi irəli verə bilsinlər, bu insanlar oxuduğumuz mahnıları anlasın və dəyər versinlər.

Bir çox mahnılarımızın bəstəkarı kimi musiqidən öncə onun sözlərinə də önəm verirəm, sözlər insana təsir etməlidir, müğənni onu mahnısında yaşamalıdır və yaşatmalıdır.

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?
  • Mənim üçün uğur düstürumun elementləri istəkdir, əməkdir, sevərək iş görməkdir, keyfiyyətli iş-nəticə göstərməkdir.
  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
  • Qızıl ortaqlıqdan bir az yuxarı, heç nə prinsipi ilə yaşamıram və çalışmıram, həmişə maksimuma can atmışam, potensial varsa, istək varsa, niyə də olmasın?!Çox prinsipial və əməksevər insanam, çətinliklərdən qorxmuram, məsuliyyətli və tələbkaram.
  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
  • Bəli, təsadüfi heç nə baş verir, əsasında zəruriyyət durur, zəruriyyətin əsasında isə insanın həyatı, seçimlərinə uyğun olaylar, insanlar dayanır, təsir etmək və dəyişmək imkanı olan insanlar və hadisələr…
  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Həyat həqiqətən də böyük məktəbdir, bizim dövrümüzdə məktəblər fərqli idi, təhsil sistemimiz də sonra dəyişdi, indi ayrı sistemdir, müharibə vəziyyətində idi ölkəmiz, o vaxt nə qədər çətin olsa da, o böhrandan çıxdıq, müstəqil olduq. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində böyük nailiyyətlər əldə etmişik, ölkəmiz inkişaf edir, xaricdə tanınır, qeyri-neft sektoru da inkişaf etməyə doğru gedir, gənclərimiz xaricdə yaşamaq, təhsil almaq imkanını əldə edir, ixtisas seçimi imkanları genişlənir, zövqləri, dünyagörüşləri müsbət istiqamətdə dəyişir. Dövlətin səhiyyə sistemi qanunvericiliklə pulsuz olmuşdur, icbari və könüllü sığorta xidməti vardır, insanların seçim etmə şansı daha da artmışdır. Bizim uşaqlıq və gənclik illərimizdə bunlar yox idi. İndi komendant saatı yoxdur.

Qeyd etmək istəyirəm ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hər şey yaxşılığa doğru dəyişdi, özbaşınalıq qarşısını alındı, reketizm, banditizm, kriminal halların sayı azaldı.

Varlı olmaq istəyirsənsə, çalışmalısan, cəhd etməlisən, iş görməlisən. Çətinliyi görən insan həyatı yaxşı dərk edir, ağılla hərəkət edir, nə istədiyini bilir, nəyəsə nail olmağa can atır.

Ən böyük arzum isə işğal atında olan torpaqlarımız-Qarabğımız geri qaytarılsın, zəfər mahnısını oxuyaq!

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
  • İnanıram, bəli. Şər deməsən, xeyir gəlməz, şər olan yerdə xeyir də vardır.
  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
  • Əgər haqsız yerə olursa, məsələn tənqid doğru və sağlamdırsa, nəzərə almışam və nəticə çıxartmışam, öz üzərimdə işləyib, inkişaf etmişəm. Amma haqsız tənqid və ya atmaca, irad olarsa, susmamışam, işimi görmüşəm, dayanmamışam, irəliyə doğru addım atmışam, amma həmin insanlar sözümü də demişəm və susdurmuşam…
  1. Sonrakı peşimançılıqda fayda varmı?
  • Bəli, səhv addım atanda, əziyyətini çəkəndə, mənfi nəticəsini görəndə, əlbəttə ki, peşiman olursan, nəticə çıxardırsan ki, bir də eyni səhvlər təkrarlanmasın.
  1. Sizcə, susmaq razılıq əlamətidir, yoxsa “yola vermək”, dava və mübahisələrə getməmək əlamətidir?
  • Mən heç vaxt susmamışam, çalışmışam sözümü hər zaman deyim, mədəni şəkildə, etik qaydalara əməl edərək, insandan asılı olaraq, sözümü deyirəm.
  1. Sizin üçün ən uğurlu sərmayə nədir?
  • Ailəmə, yaxınlarıma, əgər imkanın varsa, bacardığın qədər ailənə, valideynlərinə, yaxınlarına yaxşılıq etmək, əl tutmaqdır, etdiyin yaxşılıq da cavabsız qalmır, dəfələrlə bunun şahidi olmuşam. Etdiyim yaxşılıqları yadımda saxlamıram və ya minnət qoymuram, əvəzini gözləmirəm, zaman keçir, həyat mənə elə bir xoş sürpriz edir, elə bir yaxşılıq edib, gözləmədiyim anda… İnsan yaxşılıq da edəndə, pislik də edəndə, özünə və yaxınlarına qayıdır, yaxşılığın əvəzi yaxşılıq və mükafat, pisliyin cavabı pislik və cəza olur insanın özünə və ya ona əziz, dogma olan insanlara münasibətdə.

Mən hər kəsin uğurlarına sevinmişəm, paxıllıq etməmişəm, amma sağlam rəqabətin tərəfdarıyam, sağlam rəqabət inkişafa gətirir. Sənət aləmində çox vaxt hər kəs bir-birini izləyir, təki bu rəqabət musiqiçilər arasında sağlam olsun və keyfiyyətli musiqilər yaranaraq dinləyicilərə təqdim edilir. Çox istərdim ki, necə ki, bizdən öncəki nəsil gözəl musiqi yazıb, bizim nəslə, eləcə də bizim nəsil gələcək nəsil üçün də gözəl və keyfiyyətli musiqi tövhə etməli və ötürməlidir.

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
  • Arzum budur ki, hamı xoşbəxt olsun, yaxınlarım, doğmalarım xoşbəxt olsun, bilərəm ki, övladlarım, dostlarım, yaxınlarım xoşbəxtdilər, sağlamdırlar. Özünü düşünmək əvəzinə başqalarını daha çox düşünürəm. O başqaları da mənim üçün yad insanlar deyildir.
  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
  • Öz uşaqlıq illərimə. Həyatda elə bir məqamlar olur ki, düşünürsən ki, əgər o zamana qayıtsaydım, nəyisə etməzdim, dəyişərdim, əsasən də səhvlərimi. Ən çox istərdim, məktəb illərinə qayıdım, o hisslərimə qayıdım, yenidən yaşayım o illəri, o illərdəki məktəb dostlarımın yanında olmaq istərdim.
  1. Kumir və ya şəxsi musiqi seçiminiz?
  • Konkret kumirlərim yoxdur, kumirlərim çoxdur, genişdir, yaxşı haldır ki, ən azı yaxın, qonşu ölkələrin mədəniyyəti ilə tanış olsunlar. Öz təcrübəmdən deyim ki, bir beynəlxalq tədbirə dəvət aldıq, 15 fərqli ölkənin onların mədəniyyətini təmsil edəcək mahnılar repertuarımıza daxil edilməli idi, daxil etdik və 1 ay məşq etdik, hazırlaşdıq və tədbir yüksək səviyyədə keçdi.
  1. Müğənninin ən böyük düşməni nədir?
  • Xəstəlik və insanın qəlbinə dəyməkdir. İnsanın ruh halına təsir edir, qəlbə dəymək…
  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?
  • Mənim həyat yoldaşımdır, çünki ən çətin, dar günlərimdə, anlarımda tərk etməyib məni, yanımda olub, dəstəkləyib, yaxşı günümdə də mənimlə birlikdə olub, yaxşını da, pisi də paylaşa bilmişəm onunla, məsləhət lazım olanda, ən yaxın insan həyat yoldaşı olur, səni anlayır, sənə dəstək olur. Mübahisəli anlar da olub aramızda, razılaşmadığımız anlar da olsa, amma ümumi ortaq nəticəyə gələ bilmişik. Qadının məsləhəti və ya fikri sənin xeyrinədir, niyə də dinləməyəsən, onun məsləhətinə əməl etməyəsən. Mənim həyat yoldaşım əsl dostumdur, ən yaxın dostumdur, yaxşı günün də, pis günün də…

F.M. Express qrupu haqqında arayış:

Qrupun üzvlərinin sayı 8 nəfərdir.

2006-cı ildə Fuad Musayev tərəfindən yaradılmışdır.

  1. Fuad Musayev — vokal;
  2. Leyla Əliyeva — vokal;
  3. Sergey Krasnyanskiy — zərb alətləri;
  4. İsmayıl Yaqubov – gitara;
  5. Şəmsi Tağızadə — saksafon;
  6. Teymur Talışinskiy — klaviş;
  7. Coşqun Dadaşov — klaviş;
  8. Xalid Babayev – perkussiya, nağara;

`Fuad Musayevin gənclərə tövsiyyəsi:

  1. Təhsil alın, təhsil hər kəs üçün önəmlidir, işləməyə tələsməyin, mütaliə edin, dünyagörüşünüzü artırın, güclü, mübariz və çalışqan və məsuliyyətli olun, yaxşı insan olun, insanlara kömək edin, “heç kimdən mənə nəsə edəcək deyə” nəsə güdməyin, kimisə borclu çıxartmayın, minnət qoymayın…
  2. İndiki gənclərimiz əziyyət görməmişdir, bizim gənclik və uşaqlıq illərimiz çətin zamana düşmüşdür, növbələrdə dayanmaq, talonla ərzaq məhsullarını almaq, müharibə və azadlığımızın olmaması və s. Mən həyatda hər şeyə özüm çətinliklə də olsa, nail olmuşam, kimdənsə nəsə ummamışam… İnsan özü nail olarsa, nail olduğunu hər şeyin qədrini biləcək, onu qorumağa çalışacaqdır. İndi şükür müstəqil, dünyavi-demokratik dövlətdir, Ümummilli lider Heydər Əliyevin və İlham Əliyevin əməyi sayəsində indi müstəqilliyimiz qorunub saxlanmaqdadır, ölkəmiz inkişaf edir, ərzaq və geyim məhsullarının satışında növbə və ya talonlar yoxdur, əlçatandır, social layihələr həyata keçirilir, işsizlik problem həll olunur, kim yaxşı və çox işləyirsə, yaxşı da qazanır. İnsan tənbəl olmamalıdır. Təhsil aldıqdan sonra sevdiyi peşə üzrə işləməlidir. Hər kəs əslində gördüyü işi qəlbi ilə görməlidir, sevərək, tək maddiyyat üçün deyildir. İndiki gənclərin bir qismi nə istədiklərini bilmirlər, məqsədləri yoxdur, təhsil almaq, işləmək istəmirlər. Ya social şəbəkələrdə vaxtlarını keçirdilər, qızlar oğlanları düşünür, oğlanlar qızları, əyləncəni, çayxanada vaxtını keçirdir, sonra da zaman keçir, şikayət edirlər ki, heç nəyim yoxdur, özü nail olmamışdır. İndiki gənclərimizin bir qismi çox zəifdirlər. Amma bir qismi çox güclüdürlər, məsələn 700 bal toplayıb, ali məktəbə daxil olmuşdur. Ali təhsil çox önəmlidir.
  3. Elə insanlar var ki, danışır, onun danışdığı yuxu gətirir, maraqsız olur və ya əksinə, çox maraqlı olur, səni söhbət zamanı cəlb edir, nəsə öyrənirsən ondan, vaxtın necə keçdiyini hiss etmirsən.
  4. Mənəvi dəyərləri üstün tutun, maddi dəyərlər müvəqqətidir, bu dünyaya əliboş gəlib, əliboş gedir.
  5. Özünüzə tənqidi yanaşın, başqalarını da tənqid edəndə, sağlam tənqid edin, təhqirə və şəxsiyyətə keçməyin. Özünüzə güvənin, paxıl olmayın, kimsə yıxılıbsa, həyat tərəfdən vurulubsa, sevinmək lazım deyil, əl tutmaq lazımdır.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: