Çağrılmamış qonaqlar (qonaqlıq qəmişləri) IV hissə

Bizdə, yəni mentalitetimizdə insanları xoş məram və niyyət adı altında, nigarançılığın hər şeyi bilmək istəyi ilə məhdudlaşdırılması halında narahat etmək və qonaq getmək, qonaqlıq istəmək mədəniyyəti, daha doğrusu mədəniyyətsizliyi var.

Bizdə mentalitetin sayəsində mədəniyyətsizliyi mədəniyyət, etikadan kənar hər şeyi və hər kəsi etika daxilində kimi təqdim etmək qabiliyyəti formalaşmışdır.

Bir xəbərə, bir himə bənddirlər ki, bir səbəbi gözləyirlər ki, ya qonaqlıq istəsinlər, ya qonaq gəlsinlər.

Qonaqlığın əsas məqsədi kimisə və ya nəyisə dəxlisiz şəkildə müzakirə etmək, qeybət etmək, müftə yeyib-içmək və kimisə xərc baxımdan yükləməkdir.

Nəzarət altında saxlayırılar insanları. Hər xəbərindən agah olsunlar təki. Bəlkə birindən bir qonaqlıq səbəbi tapıldı. Səbəb olmayanda belə səbəbsizlikdən səbəb çıxara bilirlər. Fərasətinə qurban.

Hamiləlik, qonaqlıq. Qurban.

Uşaq doğulur, əgər oğlandırsa, qonaqlıq. Qurban kəsilir.

Oğlan sünnət edilir, toy kimi qeyd edilir, yenə qonaqlıq verilir, qurbanlar kəsilir.

Məktəbə gedir, qonaqlıq, instituta daxil olur, qonaqlıq.

Oğlan əsgərliyə gedir, əsgərlikdən gəlir, eyni şey.

Yeni işə düzəlir, qonaqlıq.

Nişanlanır, bu da bir səbəb.

Evlənir, ərə gedir, yeni bir səbəb.

Yeni ev alır, kredit olsa da, qonaqlıq. Qurban.

Maşın alınır, yumaq lazımdır.

Boşanır, azadlığını qeyd edir, qonaqlıq, qurban.

Evini və ya maşınını sata bilir, yenə qonaqlıq.

Maaşı yüksəkdirsə, hər gün qonaqlıq.

Xaricə dincəlməyə, işləməyə gedirsə, qonaqlıq.

İnsanda xəstəlik çıxmırsa, buna da qonaqlıq.

Hər bayramda qonaqlıq.

Hər istirahət günü qonaqlıq.

Qurban kəsilirsə əhd olunanda, yenə qonaqlıq.

İnsan olur, ona da qonaqlıq düşür, ölənin ruhunu şad etmək üçün.

Uşağın hər ad günü, insanların hər uğuru bir səbəb olur qonaqlıq sevərlər, müftə gödənini güdənlər üçün.

Bu gedişlə adam öz sevinc və kədərini özbaşına, özü üçün, ailəsi ilə və ya tək qeyd edə bilməyəcəkdir. Növbəyə düzülən qonaqlar var, hesabda xərclər var, dəvətlər var. Ya sən verməlisən qonaqlığı, ya sənə verəcəklər, ya da sən gedəcəksən kiminsə qonaqlığına. Beləcə, vaxtın keçəcək qonaqlıqlarda, başın qarışacaq qurban kəsməyə, anlayacaqsan ki, özün üçün deyil, tamaşa, başqaları üçün yaşamısan, qonaqlıqları üst-üstə toplasan  10 ilini alacaq, hələ çəkdiyin xərcləri demirəm. O ayrı dərddir.

Onların bir adı var, gödən qəmişləri, müftəxorlar…

Bir də ki, yolda salam verən kimi qonaqlığa dəvət edənlər, qonaqlığı boynuna qoymaq istəyənlər var, bax, bu cür insanları anlaya bilmirəm.

Bu qədər yeyib-içməkdən bir gün partlasaydınız şar kimi, canımız qurtarardı…

 

 

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: