Səbəbsizlikdən doğar səbəblər…

Bəzən səbəbsizlik özü elə bir səbəbdir. Səbəbsizliyin nəticəsi bir səbəb olar. Səbəb-nəticə.
Bəzən səbəbsizlikdən nəticə doğar. Əslində səbəbi var, biz bilmirik səbəbini sadəcə. Bizim üçün səbəbsizdir.
Səbəbsiz-nəticə.
Bəzən səbəbsiz yerə susarıq, danışmaq yerinə, sükunət girər araya, dinləyərək sükunəti bir səbəb yaradırıq səbəbsizlikdən, bir də nəticə… Sükunət içində əgər özümüzü dərk edə, dinləyə, canlı olduğumuzu anlaya biləriksə.
Səbəbsizlikdən ağlayarıq hönkür-hönkür. Hönkürtüylə ağlamağın bir səbəbi var hökmən. Nəticədə bir səbəb yaranar, nəticə gələr. İçimizi boşaldarıq, yenilənər iç dünyamız, bir az da dərman olar yaramıza. Bu da səbəb ağlamağımıza.
Bəzən səbəbsizlikdən kimdənsə soyuyar, uzaqlaşarıq, biganə olarıq hər şeyə, hər kəsə, qapanarıq özümüzə. Nə baş verər ətrafımızda vecimizə olmaz. Sanki sıravi gələr, belə də olmalıdır. Səbəbi var bunun da. Səbəbi insanlar, səbəbi cəmiyyət, sıraviləşmiş həyatları, sıraviləşmiş pisliklər, özümüzü qorumaq üçün qarışmarıq, fəda etmərik, heç nəticəsini də gözləmərik, maraqlı olmaz bizə, nə cəmiyyət, nə insanlar. Özümüzü düşünərik sadəcə, necə uzaq olum, necə qoruyum özümü, necə qurban olmayım pisliklərə. Bu da səbəb, bu da nəticə, bu da bir zərurətdir əslində.
Bəzən isə səbəbsiz yerə kiməsə bağlanır, sevirik. Sevgi səbəbsiz olmur, bağlılıq da səbəbdən yaranar. Bəlkə də bu səbəb o insanın özüdür, onda axtarıb tapdıqlarımız, bir də ki, sevmək və sevilmək istəyimiz, tənhalıq, təklikdən qaçmaq cəhdimiz, özümüzdən yorulmağımızdır başlıca səbəb.
Bəzən səbəb kimi gördüyümüz əsas səbəb olmaz, əsas səbəbi səbəbsizlikdə gizlənər, o əsl səbəbi görmərik, bilmərik.
Səbəbsiz olmur bir çox nəticələr. Bir də hər səbəbin bir zərurəti olar. O zərurətdən doğar səbəblər, nəticələrlə bitər hər bir zərurət.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: