“15 sual, 15 cavab” müsahibə layihəsi- Mənsur Rəğbətoğlu

Mansur

1.Oxşarlıqlar çoxdur, bəs fərqlllikləri nədə görürsünüz?
Nə bu dünyada, nə də onun insanlarında heç bir fərq görmürəm. Hamı eyni şeyi istəyir: rahat yaşamaq. Fərq insanların cinslərə bölünməsindədir, insanların bu qədər bəsit olduğunu düşünürəm. İnsanlara təbiətən verilən orqanlar, bədən üzvləri də eynidir. Sadəcə birininki qəlibdən normal, digərininki də bir qədər əyri, istəmədiyi formada çıxıb. Məsələ insanın yaşadıqlarını fərqli cümlələrlə ifadəsində bitir ki, bunda da elə bir fərq yoxdur. Çünki hansı məsələnin hansı formada ifadə olunmasından asılı olmayaraq, primitivliklə inkişafın ən yüksək səviyyəsində bunlar eyni mahiyyəti kəsb edirlər. Ölüm heç kəsə fərqli olmaq şansı vermir. 3-4 milyard il sonra Günəş sönəndə Yerlə də Mars arasında heç bir fərq qalmayacaq. Fərq o zaman olardı ki, hər şey yerli-dibli olmayaydı, onda da heç nə hiss etməyəcəkdik, bilməyəcəkdik. İndi elə bir vəziyyət yaranıb ki, geri qayıdıb özün-özünü ananın bətnində abort etmək istəyirsən. Ən ciddi düşüncənin mahiyyətində belə ünvanlanmış bir mesajın, özünü göstərmək cəhdlərinin olduğunu düşünəndə mən heç bir fərq görmürəm. Hərə bacardığı qədər özünü göstərməyə çalışır. İnsan yaşamaqla məşğuldur. İnsanın həyatından keçən xoşbəxtlik və əzablar da bu məşğuliyyətə aiddir. Başqa heç nə.
2.Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Mən zamana tabeyəm. Çünki zamanı özümə tabe edə bilsəydim ya özümün olmadığı zamana qaytarıb dondurardım ki gəlməyim, ya da hər şeyi unutduğum bir ana qaytarardım. Çünki mən həmin o an doğulduğumu düşünürəm. İnsanın öz ağırlığını üzərində çökdürdüyü əzabları unutduğu an doğulur. Qadınlar sadəcə bizi yaşamaq üçün çölə atırlar və biz də başımıza çarə axtarmağa başlayırıq. Buna görə mən zamana tabeyəm, hamı zamana tabedir. Çünki heç nəyi geri qaytarmaq mümkün deyil, mümkün olsaydı belə, yenidən keçəcəkdi, yenidən keçmişdə qalacaqdın.
3.Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğurun düsturunun olduğuna inanmıram. İnandığım bir şey var ki, insan yaşamağa çalışır və bunun üçün əlindən gələni, bəzən də gəlməyəni etməyə çalışır. Çatılan hər məqsədi uğur kimi yazmaq olar, amma həll edilmiş məqsəd başqa arzu doğurur. İnsan həmişə nəsə istəyir. Ümumiyyətlə, insan istəyən varlıqdır və bu proses o ölənədək davam edir. Sadəcə olaraq, bir qisim insan necə yaşamağı bacarır, bir qisim də yox. Əlbəttə yaşamaq məşğuliyyətinin içindəki mənasız mahiyyəti görmək istəməyənlər xoşbəxt olmağa və yaxşı yaşamağa can atırlar. Yerdə qalanlar da ölənədək yaşayırlar.
4.Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Təsadüflərin olduğuna inanmıram. İnsan təsadüfən yemir axı. Məsələn, kainatı yaradan enerjinin də hər şeyi təsadüfdən yaratdığına inanmıram. Əgər həqiqətən o güc bizim bildiyimiz allahdırsa, o zaman o çox sadist və eqoist biridir. Həmin güc nədirsə, ona sual vermək istərdim ki, nə işin vardı bizimlə? Adam düşünəndə dəli olur ki, nə məqsədlə yaratmısan, səbəb nə idi? Sonra da qayıdıb bizə deyirlər ki, səcdə edin, dua edin, nə bilim nə… Niyə mən məni yaratmağı ondan xahiş etməyən biri üçün dua etməliyəm, ona şükranlıq borcumun olduğunu düşünüb özümə sərhəd qoymalıyam və bunun ağırlığı altında özümü əzməliyəm? Sirr də bundadır, bizi yaradan güc hansı zərurətdən bu səhvi edib? Elə o yaradan nədirsə təsadüfən yaratmayıb, ya da kmdirsə bizlə babat məzələnir. Nə bilim.
İnsanın həyatında baxanda və bu həyatdan keçənləri görəndə də bunların təsadüf olduğuna inanmıram. İnsanda yaşamaq ehtirası güclü olduğu üçün hər şey onun üçün zərurətdir. İmkan olmayanda belə başqalarının əzməyə çalışdığı mənəvi hisslərini özü üçün qidaya çevirir. Çünki insan dərk edəndən yaşamağı özü üçün zərurət kimi qabaq planda saxlamağa çalışır. Bütün problemləri də elə insanın bu iyrənc yaşamaq istəkləri ortaya çıxarır. Öləsi adamlarıq.
5.Sonrakı peşimanlıqda fayda varmı?
Etsən də peşmansan, etməsən də. Sonrakı peşmanlıq keçmişdə qalan bir şeyi geri qaytarmaq istəyidir. Qaytarsan belə heç nə əvvəlki kimi olmayacaq. Bunda görə də bir faydası yoxdur. Ümumiyyətlə, insan bu haqda düşünməməlidir. İnsan heyvanların sonuncusudur, buna görə də ölənədək necə gəldi yaşamalıdır. Amma bunu bacarmaq asan məsələ deyil. İmkan yoxdur. Çünki əvvəldən etdiyin bir hərəkət sənin üzərinə məsuliyyət qoyursa və bundan imtina edə bilmirsənsə, peşman olmağa dəyməz. Nə qədər cəhd etsən də sədləri keçmək mümkün deyil. Bu Amerikada da mümkün deyil, Azərbaycanda hardan olsun? Heç bilmədim nə danışıram.
6.Sizin üçün ən uğurlu sərmayə nədir?
İndi durub desəm ki, mən bütün kapitalı beynimə qoyuram, əsas sərmayə beyin inkişafıdır, qeyri-səmimi görünəcəm. Amma ən azından həqiqətlərə çatmaq üçün beyinə qoyulan sərmayəni doğru hesab edirəm. Bunun üçün pul lazımdır. Ümumiyyətlə, fərqi yoxdur, həmişə pul lazımdır. Ümumiyyətlə, hərəsindən bir az olsa yaxşı olardı. İnsanı nə xoşbəxt edirsə, sərmayəni də ora yönəltməlidir. Bunu bacarmırsa, demək ki bacarmır. Heç vaxt da bacarmayacaq. Əgər bacarmırsansa bütün sərmayəni beyinə yox, ayaqlara qoyub aradan çıxmaq lazımdır.
7.Neçə il tənha yaşaya bilərsiniz?
İnsanların hamısı tənhadır. Bu arzular və istəklərlə bağlı məsələdir. Təkliyə gəlincə, bunu ölənədək bacararam. Çünki bir az tək yaşadıqdan sonra avtomatik olaraq, insanlarla arandakı uçurumu dərinləşdirib çıxılmaz bir dalanda özünü ora-bura çırpıb öldürəcəksən.
8.İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Riskə getməyə ehtiyac yoxdur, çünki insan tükənən enerjidir. Axırda öz həyatını itirəcək. Amma yaşamaq istəyəndə çe Gevaranın da o fikrini müdafiə edirəm ki, qazandığın şey itirdiyinə dəyməlidir. Bu yaşamaq istəyən insanlar üçün vacib məsələdir.
9.İntihar etsəniz, səbəbi nə olar?
Ən pessimist düşüncənin dayaq tapdığı bir səbəb olur və bu bir səbəb özü ilə yüzlərlə səbəb ortaya çıxarır. Hazırda hər şeyin mənasızlığına köklənmişəm, elə bu mənasızlıq ayaqlarım altındakı kötüyü kənara itələyə bilər. Amma bu qədər mənasızlıq içində itib batanda xırda bir şey məndə həyat eşqini alovlandıranda özümdən diksinirəm. Çünki yandırıcı kraterin düz ortasında dayandığımı yaxşı bilirəm.
10.Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Hər şey insanın özü üçündür. Bir qəhrəman belə son nəfəsində həlak olduqdan sonra hamının onun haqqında danışacağını düşünüb sevinir. Şübhəsiz ki, hamı eqoistdir. Buna görə də atdığı hər addımı özü üçün hesablayır. Həqiqəti isə heç kəs sevmir. Gündə ən az on dəfə yalan danışıram. Nə həqiqət üçün cəsarət?
11.Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Heç birini. Amma yaşamaq istəyirəmsə, vəziyyətə görə dəyişərdi. Həmişə mənə bir seçim imkanı verilməsini istəmişəm, bu da doğularkən gəlib-gəlməmək istəyi ilə bağlıdır. O an bunu soruşsaydılar, qısaca cavab verərdim: Lazım deyil. Çünki özümü gəldiyim qaranlığa itələyib yox etsəydim, həyatın heç bir ağır suallarına cavab axtarmaq və yaşamaq məşğuliyyətinin gündə milyon dəfə məni ayaqlarının altına salıb əzişdirməsinə göz yummaq məcburiyyətində qalmazdım.
12.İnsanlardan ayrılmağınızın səbəbi nədir?
İnsanlardan ayrılmamışam, onların içindəyəm. Əvvəllər həmişə yüngül, sırtıq, nə bilim mənasız insanlar görəndə onları qınayırdım, aralarından qaçıb çıxmaq istəyirdim. Amma indi heç kəsi mühakimə etmirəm, çünki onlar da bir yolunu tapıb yaşayırlar və ən ağıllı insanlarla eyni formada öləcəklər. Bir qədər özünəqapalı adamam, amma bu qapaq altındakı qaranlıqdan da onların səslərini eşidirəm. İnsanlardan qaçmaq mümkün deyil. Özünü bir adaya atıb illərlə insansızlıq yuxusuna getsən də bir səhər ayılıb okean sularında əks olunmuş bir simayla – özünlə qarşılaşacaqsan. Çünki sən də insansan. İnsan getdiyi hər yerə özünü aparır. İnsansızlıq mümkün deyil.
13.Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər gündə ölüb-ölüb yerə girirəm.
14.Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
İnanmıram. O qədər də maraqlı və istedadlı insan deyiləm. Qeyri-adi hərəkətlərim də yoxdur. Məni başqalarından fərqli edən nəsə yoxdur, buna görə mən də başqalarının gizləndikləri çanaq altındayam. Çanağımdan qovsan fərqli heç nə çıxmayacaq.
15.İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Maraqlı nəsə etməyə çalışırlar. Amma reklam bumunun içində bayağı həyat yaşayırlar. Əksəriyyəti başqalarının düşüncələrinə sığınıb basmaqəlib həyat sürürlər. Təkəbbürlü, eqoistdirlər. Amma bu eqoizmin içindəki özgüvənləri onları xilas edəcək qədər ağıllı deyil. Əlbəttə, bu çərçivədən kənarda olan gənclər də var, amma onlar çöldən belə görünürlər. Hamı daxilən eynidir. İnsan öz içində hansı yuvanın quşu olduğunu hamıdan yaxşı bilir. Tövsiyyəm budur ki, bütün hallarda tövsiyyələrə qulaq asmasınlar, nə bilirlər onu da etsinlər, altda qalanın canı çıxsın.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: