- Oxşarlıqlar çoxdur, bəs fərqlillikləri nədə görürsünüz?
Məncə varlıq özü elə fərqliliklər sintezidir. Fərqliliyi sənlə məndə görürəm, təbiətdəki daşla torpaqda görürəm, yoxluqla həyat arasında görürəm. Geniş və əhatəli şeydir fərqlilik məfhumu.
- Zaman sizə tabedir, ya siz zamana tabesiniz?
Zaman daha genişdir, sonsuzdur, əvvəli, sonu bilinmir, bu baxımdan zaman mənə tabe ola bilməz. İnsan isə zaman tabe olmağa məhkumdur, bu, aksiomadır.
- Sizin üçün uğur düsturunun elementləri nədən ibarətdir?
Uğurun düsturu yoxdur. Boş şeydir. Şans amilindən asılıdır hər şey, bir də insanın xarakterindən.
- Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
Mən yunan skeptikasına üstünlük verirəm. Kainat təsadüfün kollapsı deyil. Cəmiyyət və fərdlər də təsadüf və zərurətin harmoniyasından yarandı.
- Sonrakı peşmançılıqda fayda varmı?
İstənilən halda peşmanlıqda fayda yoxdur. Keçmiş mənim həyatımın çoxluğudur. Yaxşısı və pisi ilə heç nə üçün peşman olmağa dəyməz, çünki çox əzabvericidir.
- Sizin üçün ən uğurlu sərmayə nədir?
Maddi baxımdan nəfəs verən, özünü xoşbəxt hiss etdiyin hər işə edilən sərmayə uğurludur. Praqmatik adam deyiləm mən.
- Neçə il tənha yaşaya bilərsiniz?
Heç neçə il. Tənha qalmaq möhtəşəmdir, yalnız gecələr və hamı yatanda, ümumi bir ay da tənha qalammaram.
- İtirəcəyinizi bildiyiniz halda, hansı riskə getməyə hazırsınız?
Bilsəm ki, bir çox şeyi itirəcəm, amma bu, məni gələcək bəlalardan qurtaracaq, istənilən riskə gedərəm. Amma ümumilikdə risk etmək çox təlatümlü prosesdir.
- İntihar etsəniz, səbəbi nə olar?
İntihar heç vaxt eləmərəm. Ömür az, ölüm sonsuzdur. İntihar qətiyyən yol deyil.
- Cəsarət həqiqət üçündür, ya həqiqət cəsarət üçündür?
Heç biri. Həqiqət tam tərifi məlum olmayan anlayışdır. Cəsarət isə nadir hallarda həqiqətə yol açır.
- Seçim qarşısında olsaydınız, nəyi seçərdiniz, həqiqət payı olmayan cəsarəti, ya cəsarət payı olmayan həqiqəti?
Özümün doğru saydığımı, cəsarət payı olmasa da.
- İnsanlardan ayrılmağınızın səbəbi nədir?
Yanlarında ucuzlaşdığımı və dəyərsiz olduğumu gördüyüm üçün ayrılıram.
- Bu ifadəni tamamlayın: Yaşım qədər…
Yaşım qədər depressiyaya düşmüşəm, çarəsi olmayıb.
- Sizcə, sizin dostlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?
Əlbəttə, olmaq istəyən də var. Baxır nə anlamda və nəyə görə?
- İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
Mən yaşlı deyiləm ki, gənclərə tövsiyə verim.)) Sadəcə istərdim daha tolerant və rəhmli olaq hamımız.