Son söz (hekayə)

Həbsxanada dövlət tərəfindən təyin edilən vəkillə məhbusun dialoqundan:

  • Mən sizin dövlət tərəfindən təyin edilən vəkilinizəm.
  • Niyə gəlmisiniz?! Məgər mən vəkil istədim? Hələ dövlətdən? Hüquqlarımı qoruyacaqmış, azadlığa çıxardacaqmış məni dövlət vəkilim, iş işdən keçəndən sonra.

  • Belə deməyin. Dövlət hər bir vətəndaşına qarşı diqqət göstərir.

  • Çörəyinizi ən böyük cinayətdən qazanırsınız. Qanuna əməl etməyən, onu pozan cinayətkarın hüquqlarını müdafiə etməklə, onun azadlığa çıxmağını təmin etməklə. Bilirsən, niyə bizim burada qalmağımızı istəmirlər? Çünki burada dövlət hesabına yaşayırıq, dövlət bizə bu həyatımıza görə xərc çəkir, bunu da çox görürlər bizə.

  • Hər kəs səhv edə bilər. Səhvi təkrarlamaq lazım deyil. Biz onların həyatını və özünü dəyişmək, səhvini anlamaq üçün bir şans veririk.

  • Öncə cinayətkar edir, sonra vəkil göndərir, vəkil işinin öhdəsindən birinci dəfə gələ bilməyəndə, amnistiya adı ilə əfv edir. Əsl cinayətkarlar həbsxanada olanlar deyil, azadlıqda olanlar, həbsxanaya düşənləri bura düşməyə təşviq edənlərdir.

  • Mənə maraqlıdır, sən özün bir zamanlar dövlət qulluqçusu olmusan, dövlətə xidmət etmisən. Necə olub ki, indi cəbhənin əks tərəfindəsən?

  • Elə bilirsən ki, tək sənə maraqlıdır? Siqaretin var? Ürəyim siqaret çəkmək istədi.

  • Siqaret çəkmirəm.

  • Deyəsən, vəkillərin çəkməklə arası yoxdur. Vicdan əzabı çəkməsəniz də, biz məhbusların yükünü, baş ağrısını çəkirsiniz, bir də işi uduzduğunuz zaman uğursuzluq acısını çəkirsiniz. Ən çox pul qazanan peşədir vəkillik, amma ən çox insanlara və onların həyatına biganə olan peşədir. Robot kimi birtərəfli düşünən, proqramlaşdırılmış yazıq insanlarsınız. Bildikcə qanunları özünüzü yaşamaq və həzzlə, əsl azadlıqdan məhrum edirsiniz. Çox yazıqsınız.

  • Mən getsəm yaxşıdı.

  • Nə oldu? Həqiqət çox ağır və acı oldu, yoxsa qürurunuza, şəxsiyyətinizə toxundu sözlərim? Sualınıza cavab almadan getməyə tələsən dövlət vəkilim, dövlət kimi tələsir.

  • Siz bu sözlərinizlə öz vəziyyətinizi ağırlaşdırırsınız. Gedim, sizə 10 dəst siqaret alım, sabah yenə gələcəyəm.

  • Yox, elə bu gün burada mövzu bağlansın, sabah gəlməyin. Bəlkə kiminsə həqiqətən sizin köməyinizə ehtiyacı var. Mənə vaxtınızı sərf etməyin. Siqareti alıb, gəlin, gözləyirəm.

Əlində siqaret görüş otağına daxil olan vəkil çox fikirli görsənirdi. O biri əlində də külqabı vardı.

  • Həyat maraqlı və gözəl ola bilərdi, vətənim də yaşanılan ola bilərdi, insanlar olmasaydı, dövlət vəkilim. Hər şeyi korlayan məhz insanlar. Qanunu da onlar yazır, onu da elə onlar pozur. Adını da ədalət məhkəməsi qoyurlar. Halbuki qanunu yazanlar ən bağışlanılnaz cinayət işini görsələr də, görməzlikdən gəlir, əfv edilirlər, qanun onların əleyhinə işləmir. Mən bunu dövlət qulluqçusu işlədiyim zaman anladım. Cəbhənin o tərəfində olanda. Ey mənim dövlət vəkilim, sən işinə görə pul alırsan, mən də işimə görə pul alırdım. Sadəcə kiminsə aldığı pul rəsmi, qanuni olur, kiminsə aldığı pul qeyri-rəsmi, qeyri — qanuni. Ədalət ilahəmizin tərəzisinin düz çəkmədiyini görəndə, cəbhənin səhv tərəfində olduğumu anladım. Bilirsən, hər kəsin içində bir cinayət işləmək arzusu var. Ən azı kimisə öldürmək, kiminsə ölməyini, bədbəxt olmağını diləmək insana xasdır. Hamımız oğruyuq. İnsanlardan onların özlərini, kimliyini, fikirlərini, həyatını, halal qazancını, əməyini, inamını, sevgisini, yaxın və doğmalarını oğurlayırıq. Hamımız zorlayanıq, digərlərinə bizim istək, plan, məqsəd və iradəmizə uyğun olanları görməyi, deməyi sırıyırıq. Xoşumuza gəlməyən nəsə və ya kimsə olsa, susdururuq, əlimizdə olan vasitələrlə, kimisini hədəylə, kimisini pulla, kimisini doğmalarına təzyiq göstərməklə, kimisini işdən çıxardacağımıza söz atmaqla, kiminsə həyatını zəhərləməklə, kimisini vəzifəmizi onun gözünə soxmaqla, əzmək, təhqir etmək, alçaltmaqla. Hamımız terrorçuyuq, toplu şəklində fərdləri və fərqli yaşayan və düşünənləri terrora məruz qoymaqla, ondan imtina edib, onu təcrid etməklə. Rüşvətxoruq, uşaqlarımızı doğulduöu gündən pul, hədiyyə, rüşvətə öyrədirik, öləndə də, o biri dünyadakılara, mələklərə lüks həyat üçün rüşvət veririk. Niyə, axı niyə, bu cinayətləri edənlər indi azadlıqdadır? Cinayətləri açıq aşkar olsa da, həbs edilmirlər? Çoxdurlar, həbsxanada yer yoxdur deyə? Oğraş, pedofilik, erkən yaşlarında olan övladlarımızı ailə qurmağa məcbur edir, varlıya satırıq. Bilərəkdən başqasının sağlamlığına və əmlakına zərər vururuq, sonra deyirik ki, içkili vəziyyətdə olmuşuq. Hamımız qatilik, insanların arzu, plan və məqsədlərini, həyatını qətlə yetiririk. Bu az olanda, sözümüzə qulaq asmayanları öldürürük. Kimisini işsiz qoyub acından öldürürük, kimisə kredit və borclarla yükləyirik, lüks həyat və məhsul, xidmətləri reklam etməklə. Kiminsə yeni açılan biznesinə göz dikib intihar etməsinə bais oluruq. Bəs etmir bizə. Doymuruq. Nəfsimiz qalib gəlir bizə.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: