Divar saatı

Xocalı soyqırımının qurbanlarının

əbədi ruhuna ithaf olunur.

3963934

Mən saatı sevmirəm, nə divar saatını, nə qol saatını…

Evimdə belə saat yoxdur. Tək saat mobil telefonumdadır. Ona da ki, tez-tez baxmağı sevmirəm.

Çoxunuz düşünə bilərsiniz ki, bəlkə zamandan, qocalmaqdan qorxuram.

Yanılırsınız! Kökündən düşüncənizdə yanılırsınız!

Mən uşaq ikən saatları çox sevərdim. Atam yaşadığımız yerdə ən tanınmış və peşəkar saatsaz idi. Hər gün bir nəfər saatını gətirərdi təmirəm. Evimizdə də hər otağın divarında bir divar saatı var idi. Atam bu işi mənə ötürmək istədiyindən uşaq vaxtından yanımda oturdub, göstərər, öyrədərdi.

Atamın yanına Azərbaycanın hər yerindən, qonşu şəhər və rayonlardan, kəndlərdən, yaşayış məntəqələrindən adamlar saatlarını təmir etdirmək üçün gələrdi.

Atam həmişə halal zəhmətilə qazanardı pulu. Deyərdi ki, doğru hər zaman qalib gələr. Gəlin və bəylərə, uşaqları yenicə doğulmuş gənc ailələrə atam hər zaman bir saat hazırlayıb hədiyyə edərdi ki, bu saata baxıb birlikdə keçirdəcəkləri xoşbəxt anları unutmasınlar.

Ta ki, o günədək. O gün yaşayış məntəqəmizdə atışma səsləri eşidildi. Atam saat təmir edirdi. Anam mətbəxdən bişirdiyi yeməyi süfrəyə düzürdü.

Tanımadığım əsgər geyimində adamlar evimizə daxil oldular. Gözümün önündə bir güllə atama, bir güllə anama, evimizdə olan hər saata bir güllə çaxdılar. Saatlar da dayandı, anam və atamın həyatı da. Qorxduğum üçün, ya şokda olduğum üçün, nəyin baş verdiyini anlamadığım üçün səsim çıxmırdı, ağlamırdım.

Nədənsə, mənə dəymədilər. Döydülər, təpiklədilər, amma öldürmədilər. Çölə çıxıb evimizə od qoyub yandırdılar. Yanan evdə idim, evin pəncərəsindən çıxıb qaçmalı oldum, bir yer tapıb gizlənmişdim. Evimiz gözümün önündə yanıb kül oldu. Onlar baxıb gülür, sevinirdilər. Mənsə, yenə səsimi çıxartmır, ağlamırdım.

Atam deyərdi ki, «Nə olursa olsun, kişi ağlamaz». Sonra əsir düşdüm. Əsirlər dəyişdiriləndə məni də əsir düşmüş erməni ilə dəyişdirdilər. Qalan həyatım uşaq evində keçdi. Hər dəfə divar saatının çıqqıltısını eşidəndə o gün yadıma düşür. Güllə səsləri, evimizin yanması. Anamı, atamı basıra bilmədim. Bəzən utanıram. Onları qoruya və xilas edə bilmədiyim üçün. Sağ qaldığım üçün. Utanıram. Amma uşaq idim, nə edə bilərdim?!

Uşaq evində divar və qol saatlarını görəndə, ya kövrəlmək istəyirdim, ya da qəzəb və nifrətdən bağırmaq istəyirdim. Yetim qaldığım üçün, arzularımı yarımçıq qoyduğu üçün, dayandığı üçün saatı və zamanı özünə tabe etmiş insanları unuda bilmirəm.

Böyümüşəm. Heç nə dəyişməyib?! Dəyişməyəcək!

Bir, iki, üç… Bütün saatları sındırır, çırpıram. Beləcə keçir zamanım. Saatlarsız…

Bir, iki, üç… Güllələr, növbəti güllə gərək mənə dəyərdi…

Bir, iki, üç… Çık, çık, çık, çıkkıldayır saatlar… Saatları dayandırın. Dursun zaman…

Yox, mən dəli oluram…

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: