Ağacdan soruş (təmsil)

скачанные файлы (2)

Ata tərəfdən ailənin kişiləri bağban idilər. Babam, atam. Mənim də bağban olmağımı istəyirdilər. Uşaq ikən kəndə, təbiətə bağlı olsam da, böyüdükcə, özümə yer tapa bilmir, özümü kəndə yaraşdırmırdım. Düşünürdüm ki, burada inkişaf yoxdu, məhv olacağam, potensialımı kəşf edən olmayacaq. Kəndimizdən paytaxta gedənlərdən qayıdanlar az olardı. Gələnlər də bayram, tətillərdə dincəlməyə gəlirdilər. Onların şəhərə bağlılıq, sevgisi, şəhərin onları dəyişməsi məni şəhəri mənim üçün daha maraqlı və cəlbedici edirdi. Yaxşı yadımdadır babam mənə ağac əkməyi öyrədəndə demişdi:

  • Oğlum başqalarının bağını öz bağın kimi bil. Öz bağına necə baxır, qulluq edirsənsə, ona da elə et. Təbiətin canlıları arasında ayrıseçkilik etmə, fərq qoyma. Dəyişməyə, inkişafa özündən başla. Düzgün ol, haqqın tərəfində ol, sənə etibar edilən bağın barını oğurlama, haramdan uzaq ol. Bu sənin əkdiyin ilk ağacdır. Ağac da canlıdır. O da diqqət, qayğı, sevgi istər insan kimi. Hər gün ona qulluq etsən, o da böyüyəndə sənin qulluğunda duracaq. Onun böyüməsi vaxt alacaq. Tələsmə, səbr et. Təbiət sənə özü yol göstərəcək.

Uşaq ikən təbiəti çox sevirdim. Nə vaxt təbiət və kəndimizə olan sevgim öldü, nə vaxt orada sıxılmış sıxıldığımı anladım, oradan uzaqlaşmaq istədim, bilmirəm, bəlkə ilk sevgim olan qızı başqası qaçırdı evinə xanım edəndə, bəlkə şəhərin cazibəsi və şəhər həyatı barədə söz dolusu danışan qonaqların dəvət edəndə, bəlkə də ali təhsil bəhanəsi ilə kənddən birdəfəlik qaçmaq istəyəndə.

Şəhərə köçdüm, həm təhsil alır, həm işləyirdim, bir bəhanə tapıb kəndə getməyi təxirə salır, evdəkilərə pul göndərməklə kifayətlənirdim. Nənəm, babam rəhmətə getdi. Sonra valideynlərimi itirdim. Getmədim. Zəng edib yaxınlarıma başsağlığı verirdim. Şəhər əsl mənlik yer idi.

Öz işimi qurmuşdum. Evimi, avtomobilimi almışdım, bankların vip korporativ müştərilərindən biri idim. Amma bunlar içimdəki boşluğu doldurmurdu. Sanki önəmli nəyisə itirmiş, axtarıb taparaq yerinə qoya bilmirəm. Nəyi itirdiyimi bilmirdim.

Sevgi yox idi bəlkə də. Sevə bilmirdim, ya sevmək istəmirdim, bilmirəm.

Ailə qurmamışdım. Əvəzində uğurlu biznesim, pulum, sosial statusum var idi.

Şəhər insanı həris, xəstə, əsəbi edir. Şəhər insanı və həyatını çox dəyişir. Şəhərdə yaşayanda çətinliklər çox görsəm də, dönməməkdə israrlı olduğumdan dözürdüm. Şəhər insanı özündən, maddiyyatdan, gözəl, rahat yaşamaqdan, əyləncədən asılı edir, təbiətdən və təbiilikdən uzaqlaşdırır. Şəhər insanı məhv edir. Yavaş — yavaş boğur, nəfəsini kəsir. İnsan şəhərdə sevgisiz qalır. Şəhər insanı tək qoyur.

Böyük qardaşım da bağban idi. Bir gün onu ildırım vurdu, o da rəhmətə getdi. 40 yaşım var. 23 ildən sonra kəndə gedəsi oldum. Miras qalmış torpaq və evimizi satmaq üçün.

3 saatlıq yol gedəndən sonra kəndə çatdım. Kəndimizə yox, kəndə. Çünki kənd çox dəyişilmişdi. Kiçik, yoxsul daxmaları iki mərtəbəli villalar, daşlı-çınqıllı yolları asfalt yollar əvəzləmişdi. Ağacların sayı azalmışdı. Sanki kütləvi şəkildə ağacları kəsir, soyqırıma məruz qoyurdular.

Kəndin girişində əkdiyim ağac yadıma düşdü, yolboyu onu axtarırdım.

Ya mən dəli olurdum, ya babamın səsini eşidirdim. Çox müdrik, səbrli kişi idi, rəhmətlik. Nə olurdu, onun üstünə qaçırdım.

Babam deyərdi ki, «insan öləndə onun özündən sonra qoyduğu ad və yaxşı əməlləri qalır, çalış, yaxşılıq et. Kiminsə xətrinə dəymə. Kimisə aldatma, gözlətmə, gözünü yaşlı qoyma. Bir də birlikdə əkdiyimiz ağacı unutma.»

Mənsə, nə yaxşı ad qoya bilmişdim özümə, nə barmaqla sayıla biləcəkdən artıq yaxşı əməlim vardı, nə kiməsə təmənnasız yaxşılıq etmişdim. Xətrinə dəydiklərimin adlarını belə unutmuşam, saylarını da… Aldatdıqlarım, gözlətdiklərim, ağlatdıqlarımı yada salanda, anlayıram ki, belə babanın belə nəvəsi necə ola bilərdim? Ən əsası uşaq vaxtı görmüşəm, adam olmuşam, babamla əkdiyim ağaca isə sahib çıxmamışam.

O ağacı görəndə, gözlərim doldu, kövrəldim. Həyət evlərinin içində itmişdi. Sınıxmışdı. Sanki unudulmuş, atılmış qoca insan idi. Sanki o ağac o tikililərin, hasarların yanında qocalar evinə atılmış tənha insan idi.

Ağacın beli bükülmüşdü. Babam deyirdi ki, bu ağacın xeyri çoxdur, kölgəsində gündən qorunmaq, küləyin gətirdiyi tozdan müdafiə olunmaq, isti havada sərinləmək olar. Bir də böyüyəndə kölgəsi, çoxşaxəli budaqlarının üzərindəki yarpaqları, meyvələri gözəl mənzərə olacaq, ruhumuzu rahatladacaq. Mən gör, nələri itirmişəm baba…

Bu qədər itkilərin ağırlığında zamanı geri qaytarıb uşaq olmaq istədim. Böyüməyəydim kaş, ya da şəhərə getməyə, oradakı həyatı içimə çəkməyə tələsməyəydim kaş…

«İtirdiklərimizin qədrini itirdikdən sonra bilirik.» dediyim zaman külək ağacın budağını mənə tərəf əydi.

  • Gəlmisən?
  • Kimdir?

  • Bəlkə mənəm ağac, bəlkə də ki, mənim dilimlə danışan içindəki səsin.

  • Deyəsən, dəli oluram.

  • Əksinə, dəli idin, indi sağalırsan… Gəlməyində gecikdiyini düşünmürsən ki?

  • Babam deyərdi ki, «Heç vaxt gec deyil, nəyisə dərk edib dəyişmək üçün».

  • Bir də onu deyərdi ki, «Peşman olma, faydası olmaz.» Bu qədər itirməliydin ki, dönəsən, bizi unutduğunu anlayıb, yad edəsən?

  • Əsas odur gəlmişəm.

  • Mən belə qocalmışam, bilirsən, bezmişəm. Nələr görməmişəm. Elə bilirsən, ağac olmaq asandır? Ağaclar da yorula, bezə bilər, ağaclar belə intihar etmək istəyər. Ölümünü arzulayar, ağacı kəsən alətlə gələn adamın, yanğının, daşqının yolunu necə gözləyər?!

  • Guya insan olmaq asandır?!

  • Ağac olmaq durmadan olanlara şahid olmaqdır. Özünü qoruya bilməməkdir. İnsanların gözündə qışda potensial odun olmaqdır. Sevgililərin gündə birini aldatmasını, sevgi etiraf edib fırlatmasını, incitməsini, sonra ayrılmasını görmək deməkdir. Bir də könlünü almaq üçün gülümdən, budağımdan qoparılan parçalarımı demirəm. Yarpaqlarımı dərirlər, dinmirəm, gülümü dərirlər, susuram, meyvəmi dərirlər, yenə göz yumuram, budağımı qırırlar, yenə dözürəm, bu da azmış kimi gövdəmə cızıqlar çəkir, adlar, cümlələr, sözlər yazıb yaralayırlar. Sonra da deyirlər, qocalıb, sahibsiz ağacdır, xeyri yoxdur, gəl bunu kəsək, odun edək. Ağac olmaq, sadəlövhcəsinə insanın sevgisinə inanıb onunla sevişənləri, sonra göz yaşı içində ayrılıb atılmalarını ağlamadan izləməkdir. Ağac olmaq, əlacsız olmaqdır. Xəyanətləri, yalanları görüb susmağa məhkum olmaqdır. Guya dinsəm, kim səsimi eşidəcək, kim məni dinləyib mənə inanacaq?! Heç kim! Guya, dinsəm, nəyi dəyişəcəyəm?! Heç nəyi! İnsan nəyisə dəyişə bilər, inqiliab, etiraz edə bilər. Amma ağac yox. Ağac olmaq bir quş üçün yuva olmaq deməkdir, bir ağacdələnin obyektidir, bir dələnin evidir, bir həşəratın getdiyi yoldur. Ağac olmaq bir uşağın ilk dəfə zirvəyə çıxma təcrübəsidir. Ağac olmaq yelləncəklərin qoruqçusudur, dilək lentlərinin mühafizəçisidir.

  • Həyatın asan deyilmiş mənim kimi…

  • Çünki səni gözləyirdim, baban kimi, mən də sənə güvənirdim. Öncə baban, sonra atan, qardaşın mənə qulluq etdi. Sonra başlı-başına buraxdılar məni. Gözüm yol çəkirdi, həsrətində idim diqqət, qayğı, sevginin. Ümidim yağış, qarın, selin suyuna qalmışdı. Baban mənə inandırmışdı ki, harda olsan, gələcəksən, çünki onun nəvəsisən. onun tərbiyəsini görmüsən. O bir şeyi unutmuşdu, bilirsən nəyi?

  • Kənddə yaşayanlar mənəvi dünyasında yaşayarlar, şəhərdəkilər maddi dünyada. Maddi və mənəvi dünya arasında mübarizə və müharibədə maddiyyat həmişə qalib gələr. İnsan maddiyyatı seçər, mənəviyyatını unudar, itirər.  Ən saf, mənəvi dünyası zəngin olan kənd adamı şəhər həyatı dəyişir, ya az, ya da çox. Amma dəyişir. Hökmən dəyişir.

  • Bağışla. Bağışla.

  • Sən məndən yox, yolunu bu qədər ili gözləyən babana bunu vaxtında deməli idi. İndi isə gecdir. Bilirsən, yerim gündən-günə daralır, çox adama mane oluram, planlarını pozuram. Bilmək olmaz, bəlkə elə bu gecə dibindən kəsdilər məni. Bəlkə bir daha görə bilmədin məni. Ona görə də, gəl, vidalaşaq.

Kişi diz üstə çökür, əlləri ilə üzünü tutub ağlamağa başlayır.

  • Ağlama. Kişi ağlamaz. Bilirsən, ağlamağın həm yaxşıdır, həm pis. Pisdir, ona görə gecikmisən. Nəyisə dəyişə bilməyəcəyin qədər gecikmisən. Yaxşıdır ki, gec də olsa, sən ğzünü qaytara bildin, içindəki insan hələ ölməyib.

  • Bilirsən, nə haqda düşünürəm?! Payızda başlayan sevgilərin ömrü bir fəsillikdi. Kaş ki, bütün sevgilər həmişəyaşıl ağaclar kimi olsun, yarpaqları saralmasın, tökülməsin, ayrılmasın bir parçasından, itirməsin canlı gözəlliyini, təbiiliyini.

  • Zahiri gözəllik nisbidir. Zaman onu hər bir canlının da, elə lap cansızın da əlindən alır.  Kaş ki, məni bura babası ilə əkən o uşaq olaydın. Səni qoymazdım, buraxmazdım…