«Yazıq kişilər»…

Kişilərimizə yazığım gəlir. Çox saf və sadəlövhdürlər. Qadınları aldatdıqlarını düşünürlər, amma özləri öz yalanlarına inanırlar, özlərini aldatmış olurlar. Hələ üstəlik bəzi qadınlar da onları aldadır. Bizim cəmiyyətdə kişi olmaq asan deyil… «Yazıq kişilər»…

Əvvəl «Nə yaxşı ki, sən varsan» dediyimiz kişilərə zaman keçdikdən sonra «Nə yaxşı ayrıldıq, bitdi, getdin» deyiriksə, demək ki, onu sevməmişik… Yazıq kişiləri tərifləyib göylərə, zirvələrə qaldırıb sonra bir sözlə yerə guppultu ilə çırpaq məharətinə malikdir qadınlar… Təhlükəliyik… «Yazıq kişilər»…

Yemək bişirib veririk istənilən vaxtı yesinlər. Evə gec gələndə, gəzib gələndə susuruq, içimizdə «zəhər ye səni, yenə hansı cəhənnəmdə, kimin yanında idin, orada boğmalanardın da» deyib, üzünə gülərək süfrə hazırlayırıq. Yazıq kişilər də elə bilir, səmimiyik, həqiqətən də sevinirik ki, o gəzib və evə gec gəlib.

Ərə getmək xətrinə bir sözünü iki etməyib ərə gedəndən sonra başında qaval çalan, Qobustan qayalıqlarının səsindən betər səslər çıxardan, adamyeyən qəbiləsindən olana çevrilən də qadınlarıq. Ərə getmək naminə mələk oluruq… Siz «əsas alanadəkdir, sonra düzələr» düşündüyünüzdə biz də «əsas ərə gedənədəkdir, sonra düzəldərəm» düşünürük… Yəni fikirlərimizi və niyyətimizi üzə gülərək, mehribancasına gizlədirik… Yazıq kişilər necə də axmaqdırlar… Uşağı belə aldatmaq olmur…