Dəyər verən və yola verənlərimiz… (satirik, tənqidi esse)

Bəzən dəyər verənlər dəyər verdikləri üçün yola verərlər.

Bəzən isə yola verənlər dəyər verə bilmədikləri üçün yola verərlər.

Bəzən dəyər verənlər dəyərləri bilinmədiyi üçün yola verməzlər.

Biz vaxtımızın qədrini bildiyimiz üçün işıqforun 10 saniyəsini, portağal rəngli işığınını gözləmək yerinə, 20 saniyəmizə qənaət edirik. Ən yaxşısı, qaydalar dəyişsin, portağal rəngli işıq olmasın, zatən bizə qızınma hərəkəti və hazırlıq lazım deyil. Biz hər zaman hazırıq, qızınmış haldayıq. Yola verin bizi… Dəyərimiz olmasa da…

Biz torpağımızın dəyərini bildiyimiz üçün onu hasara alırıq, mülki haqqlarımızı tələb edirik, hələ başqasının torpağına göz dikirik.  Torpağı alıb ondan istifadə etmirik ki, şoranlaşsın, ya da asfalt çəkək. Təklif edirəm ki, hər yerə asfalt çəkilsin, asfaltsız qalan yerlərdə hasar olsun, boş, şumlanmış, kənd təsərrüfatına yararlı, şoranlaşmamış torpaq qalmasın. Yola verək bir-birimizi… Yola verməkdə həmrəy olaq…

Başqasında nə varsa, bizə lazım olmazsa belə, bizdə olmalıdır, almalıyıq deyə, pulumuzun dəyərini bilirik, onu elə xərcləyirik ki, ayın sonuna kredit kartlarına, borc almağa üz alırıq. Təklif edirəm ki, mağazalardakı məhsul və xidmətlərin qiymətini hər gün iki dəfə qaldırsınlar. Onsuz da bizdə xərcləri və gəlirləri idarə etmə bacarığı və elə yaddaş yoxdur. Hansı qiymətə olsa, alacağıq. Əlimizi başqasının cibinə salmaqda pərgarıq…

Övladlarımızın dəyərini elə bilirik ki, onları necə tərbiyə edib, onların tələbatını necə ödəyəcəyimizi düşünmədən «övlad sevgisi» adı altında inkubator cücələri kimi bir ucdan doğub törəyirik. Sonra da başlayırıq mediada, sosial şəbəkələrdə dilənməyə, yardım istəməyə. Planlaşdırmağı sevmədiyimiz, başqasından məsləhəti eşitmədiyimiz üçün ailə planlaşdırılmasına düşmən kəsilmişik.