«Öyrənin, goruma aparmayacağam» silsiləsindən (satirik esse)

  1. İşverənləri, çuğulları zərərsizləşdirmək və öz məqsədlərin üçün onlardan istifadə etmək olar: Onların yanında daha çox sual verirsən, verdikləri suallara cavab verməkdən maksimum yayınırsan, susursan, ya da lazım olan məlumatı lazım olan tərzdə ötürürsən;
  2. Bəzi qızların inboksu elə bil döşəmədir, oğlanlar elə hey döşüyür… Döşəmə olmayın ki, sizi və sizə döşəməsinlər. Sadəcə uzanan söhbəti və onu uzadanı elə uzadırsan ki, qısalır…
  3.  Müqəddəs ölülərin ruhu haqqı, and içməyin. And içən adam yalanını həqiqət kimi qələmə vermək istəyir. İnandığım insana and içməsə belə inanacağam, inanmadığıma and içsə, müqəddəs kitaba əl bassa da, inanmayacağam. İndiyədək yaxşı yadımdadır.
    Uşaq ikən özümü müdafiə etmək və döyülməmək üçün çox vaxt anamdan nəsə gizlədir, xırda, məsum, uşaq yalanını danışırdım. Bir az böyüyəndən sonra anam Qurani Kərimi gətirirdi ki, əlini bas, and iç. Mən də əlimi basmırdım deyə, döyülürdüm.
    Ondan sonra özümə söz vermişəm, yalan danışası olsam, nə and içəcəyəm, nə and içənlərə inanacağam, nə hansısa müqəddəs kitaba əl basacağam. Dindar olmasam da, and içmə və müqəddəs kitabları yalanın naminə istifadə edilməsini dəstəkləmirəm. Kim daha çox and içirsə, bilirəm ki, o bilir ki, mən ona inanmıram, onun yalan danışdığından xəbərim var, ona görə and içməklə, məni inandıracağını düşünür. Bərəkətiniz də, balanız da, Allahınız da yalanlarınızın qurbanı olur, gündə 10 kərə…