Ayrılıq mədəniyyəti… (esse)

Bizdə ayrılıq mədəniyyətdən başlasaydı, ayrılığın da mədəniyyəti olardı.

Bizdə ayrılmağı bacarmırlar. Başlamağı düzgün bacarsaydılar, bəlkə ayrılmağı da düzgün bacarardılar.

Başlanğıcın da, sonun da bir mədəniyyəti var. Əgər mədəniyyət olmadan başlayıbsa, mədəniyyət olmadan da bitəcək.

Mədəniyyət olan yerdə səmimilik və cəsarət var, etiraf var.

«Ayrılıq hər dəfə bir şeyi aparır özüylə… Öncə saçları, sonra utancaqlığı, sonra vicdanı, sevgini, güvəni, ümidi, daha sonra ürəyi, hisslərini, bacarsa, ağlını, ən sonda insalığını… Ayrıldığımızda bizdə nəyi sevmişdilərsə, bizə nəyi sevdirmişdilərsə, ilk onlardan imtina edər, onlarla vidalaşarıq… Yeni həyat və yenilik adı altında… Dil uzanmış olart, saçlar qısalmış…» Eh, hansı birisini deyəsən…

Bizdə ayrılanda, müəyyən səbəb tapıb ayrılırlar. Düzdür, səbəbsiz ayrılıqlar da ola bilir. O artıq yaradıcı və kreativ düşüncəsi olmayan insanlara xas bir ayrılıqdır.

Bir tərəf digərinə ayrılmaq qərarına gəldiyini deyəndə, onu hər mənada peşman edirlər. Bütün nəslini yada salırlar, soyməklə, qarğış etməklə, bezdirməklə… Kimsə özünü günahkar bilmək istəmir, səhvini etiraf edəcək dərəcədə ağıllı, cəsarətli, səmimi ola bilmir. Elə bil, bu dünyada hər şey əbədidir, qalmışdı bir onunla münasibəti.

«Səni görüm, sevdiyin insanla yatağa girmək qismət olmasın».

«Toy gecəsi muradına çatmayasan, elə bilsinlər ki, problemin var, xəstəsən, el içində biabır olasan».

«Görüm, övladsız ailən olsun, qoşa qarıyasınız, qarıyanadək bir-birinizin başını yeyəsiniz.»

«Mənim nəyim əskikdir axı?», «O yetimçə nə verir sənə, mən vermirəm onu?!», «Nə gündədir axı, o, əyrimçə…».

«Məndən sonra onu seçməyindən bəlli oldu ki, zövqün korlanıb…»

«Gözün kordur, məni görmürsən… Elə kor qalsan, yaxşıdır».

«Səni sevən gün təpəmə sən boyda daş düşəydi. Sən nə gündəsən axı, nəyini sevdim sənin…»

«Sən məni atıb getsən, özümü öldürəcəyəm. Bir məktub da yazıb qoyacağam ki, məni intihar dərəcəsinə sən gətirmisən…»

«Ayrılmayaq, bax, dəyişilirəm. Söz verirəm, əvvəlki səhvlərimi etməyəcəyəm.»

«Kül olsun başına, məni atıb gedirsənsə»…

«Gec-tez səhv etdiyini anlayacaqsan, mənə dönəcəksən, mən olmayacağam, rədd ol.»

«Məndən başqa kimə lazımsan axı, ay zavallı, gec-tez səni də atacaq…»

«Sənlə məni aldatdı. Başqasıyla da səni aldadıb qisasımı səndən alacaq həyat. Ahım səni tutacaq…»

«Mənim kimisini tapmayacaqsan». «Xoşbəxt olmayacaqsan.»

«Sən məni atdığın kimi o da səni atacaq…»

«Elə bilirsən, məndən canını qurtardın?!» «Məndən betərini görüb mənə şükr edəcəksən… Az qalıb.»

«Sən indi məndən ayrıldığına sevinirsən, mən də sonra sənin bədbəxtliyinə sevinəcəyəm.»

«Səni mən sevib adam eləmişdim. Bədbəxt adamsan, məni itirməklə, lap bədbəxt və uğursuz birisi oldun.»

«Bunu sənə bağışlamıram. Həyatını qaraldacağam. Yuxuna girəcəyəm. Məni unuda bilməyəcəksən.»

«Məndən ayrılmağına səni peşman edəcəyəm»

«Etdiklərim piltə-piltə burnundan gəlsin, halal eləmirəm»

«Həyat səni sındırıb, süründürsün, mən də baxıb sevindiyimdən rəqs edim.»

«Az qalıb, dönüb, önümdə diz çöküb geri qəbul etməyimi diləyəcəksən… Sən hələ yalvaracaqsan mənə. Gözlə…»