Bir zaman sevgili idik… (hekayə)

  • Bilirsən, niyə getməyinə, get-gəllərinə əvvəlki kimi münasibət bildirmirəm?
  • Niyə?
    -Sıraviləşib. Gözləyirəm. Bilirəm ki, növbə ilə gah gedəcəksən, gah gələcəksən. Sənin seçimsizliyin, qərarsızlığın, iradəsizliyin həyatın ağ-qara zolağına bənzəyir. Həyat yolumda piyada keçidi ola bilərsən. Amma bütün həyatım bu keçidlərdən ibarət deyil, ancaq avtomobil yollarında…
  • Nə demək istəyirsən?
  • Yəni mən o yolu keçməyib, yolumu dəyişə bilərəm, ya da ictimai nəqliyyat vasitəsinə minə bilərəm, ya da ki, yeraltı, yerüstü keçiddən istifadə edə bilərəm. Alternativlər çoxdur.
  • Həyatında kimsə var?
  • Bəlkə var, bəlkə də yoxdur. Bunun sənin üçün bir önəmi olmamalıdır. Çünki sənin seçimin ayrılıqdır. Mən sənin üçün önəmli olmamalıyam, önəmli deyiləm. Bəlkə də baxışlarımdakı vecsizliyi sezirsən. Bəlkə də üz-üzə oturmadığımızı hiss edirsən. Sənlə məsafələrin uzunluğu artır. Fiziki məsafə saxlamaq beynimdən və ürəyimdən, ruhumdan gəlir.
  • Niyə ki? Onlar səni idarə edir?
  • Yox, mən onları. Onlar məni idarə etsəydi, əvvəlki hisslərim, fikirlərim, xəyallarım, planlarım, yaşantılarım olardı. Yoxdur. Yaxşı ki, yoxdur. Bilirsən, ayrıldığımızı deyəndə, itəndə, səni axtarmıram, ağlamıram, sevinirəm.
  • Hmmm.
  • Çünki artıq öyrətmisən məni buna. Bu belə sıraviləşib. Sevinirəm. Sevinirəm ki, qeyri-sabit hisslər, münasibətlər yoxdur. Sabit azadlıq, hüzur var…
  • Nə demək istəyirsən?
  • Birdəfəlik get… Həyatımda başqası var. Səni daha sevmirəm… Bilirsən, bir zaman sevgili idik, indi adı nədir, bilmirəm. Adını sən qoy…