«Nifrətimin səbəbi» hekayə

Uşaqla bir böyüyər danışdığı yalanlar… Həyat hekayəmi bilsəydiniz, bəlkə qınamazdınız məni. Amma yalançı kimi tanıyırlar məni. Kimsə, bu hekayəmə də inanmaz.
Yalanı sevmədiyimi, yalan danışmadığımı hər kəsə desəm də, bilirəm ki, gözlərimdən tuturlar yalan dediyimi. And-aman etsəm də, inanmazlar mənə. Onları qınamıram, özüm günahkaram. Düzünü desəm də, inanmazlar, o zaman doğrularım kimə gərəkdir, kim dinləyəcək?! Bircə qalıb Allaha dua edərkən danışmaq. O belə mənasızdır, zatən bilir, xəbəri var. Həm də yalançının dua etməsi gülüncdür, ona da kimsə inanmaz.
Uşaq vaxtından məktubları sevməzdim. İkinci sevmədiyim kitablar idi. Sonra sevmədiyim insanlar vardı. Məktubları ona görə sevmirdim ki, əmimim ön cəbhədə ölüm xəbəri gəlmişdi, xaricdə olan atamın da qəzaya düşməsi xəbərini də gətirmişdilər. Anam atamın əvvəllər göndərdiyi pula aldığı maşınla mağazalara məhsul aparardı. Hər məktubda cərimə bildirişləri gələrdi, anamın qazancının yarısı ora gedərdi. Sonra məktub gəldi ki, atam boşanmaq istəyir, orada kiməsə aşiq olub. Sonrakı məktub məhkəmədən idi, boşanma ilə bağlı məhkəmə iclasına dəvət idi. Yaşamaq çətinləşəndə, anam işini dəyişdi, kredit götürdü. Sonra vəziyyət lap ağır oldu. Anamın işində ixtisarlar başladı, anam ixtisara düşdü. Krediti ödəyə bilmədi. Bankdan ödənişi etməklə bağlı zəng, məktublar, sonra məhkəmədən borca yönəldilmə üçün icra vərəqəsi.
Qara xəbər gətirirdi məktublar. Sonra başladım poçtalyona yalan danışmağa, məktubları alıb cırıb tullanmağa. O zibili də atırdım ki, anam tapmasın. Beləcə məktuba nifrət etdim, sonra o qara xəbəri gətirən poçtalyona, o xəbəri yazan insanlara nifrət etməyə başladım. Kitabları sevmirdim ki, həyatın gözəl, maraqlı olduğunu, insanların sevib sevildiyini, xoşbəxt olduğunu, savadı olan, təhsil alan adamların irəli gedib həyatda uğur əldə etdiyini, yəni yalan və mübaliğələr yazıb başımı aldadırdı. Həyat və reallıq başqa idi. Sonra anladım ki, mən yalan danışmağı sevirəm, mənə yalan danışanları yox.
Gülürsünüz yəqin ki…