Əziz dostum…

Əziz dostum,
Sənə məktub yazıram, tövsiyə məktubu…
Şikayət ərizəsinə məhəl qoyan olmadığından, məsləhətə kimsə ehtiyac duymadığından, sadəcə tövsiyə edə bilərəm.
Əziz dostum,
Dostların az olsun, ələməyə ehtiyac duymayasan, vaxtın getməsin əbəs yerə seçməyə kim qalsın, kim getsin deyə…
Əziz dostum,
Ağlamaq istəyəndə, utanma, sıxıl bir divarın küncünə, ağla, yetər ki, divarlar səni sıxmasın, bir də insanlar…
Əziz dostum,
Kiməsə söz vermə, verdinsə, sözünün üstündə dur, qoyma sözün səni əzib keçsin, bir də insanlar tapdalasın səni əməl etmədiklərinə görə…
Əziz dostum,
Güvənmə hər kəsə, hamını özün kimi bilmə… Hər kəs sən deyildir, sən hər kəsdən biri olsan belə… Hamı sənin kimi ola bilməz, sən də hamı kimi olmağa məcbur deyilsən…
Əziz dostum,
Yaxşılıq edəndə, unut etdiyini, sənə edilən yaxşılıqları unutma. Pislik etsən, unutma, qoy səni tərbiyə etsin səhvlərin, hər pisdə bir yaxşını görməyə başlarsan bəlkə zamanla. Sənə edilən pislikləri unut, uzaqlaş onlardan, sus, dillənmə…
Əziz dostum,
Unutma ki, sən yaxşılıq etsən, sənə yaxşılıq edilməyə bilər, əvəzini gözləmə, sən pislik etsən, pisliyinə pisliklə cavab verənlər çox olacaqdır…
Əziz dostum,
Unutma, sən borclu deyilsən başqalarına, onlar da sənə borclu deyildirlər… Özünə güvən… İmkanlarını nəzərə al… Quracağın xəyal reallıqla ayaqlaşsın, reallığı ayaqlamasın…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: