Qısa saçlarım (şəxsi essem)

Qısa saçlarım…
Saçlarımı nə qədər çox sevsəm də, onları çox uzada bilmirəm. Uzandıqca kəsdirirəm. Uzun saçlarım mənə yaraşsa da, azacıq uzanan saçlarım başıma ağır yük olur. Bəlkə ona görə ki, o saçlarım uzandıqca, unutmadığım, unutmağa qoymadıqları xatirələrim var.
Ərə gedənədək uzun olan saçlarım bir işə yarayırdı, o da anamın sözünü dinləməyəndə, ələ dolanıb dartılması, yer ilə bir olması, bəzən qopub əldə qalması üçündür. Deyim ki, şuluq, ərköyün olmuşam, yox, anamdan çox qorxurdum. Bəlkə o qorxu canımda qalıb, xatirələrim silinməyib deyə nə anamla barışmaq üçün addım atıram, nə saçlarımı uzadıram.
Bəlkə ona görə ki, ərə gedənədək uzun saçlarımı yuyanda, saçlarımı dəsmalla qurutduğum üçün əllərim yorulurdu, o qollarımın yorğunluğu qalıb hələ…
Bəlkə bu ilin avqustunda 4 ildir ki, məhrum olduğum qızımın barmaq daraqları, sığalından nakam qalmışam.
Bəlkə ona görə ki, məni ölənədək sevib xoşbəxt edəcəyini söz verən sevgilim, keçmiş həyat yoldaşım sevərdi uzun saçlarımı…
Uzun saçlarım hamının işinə yarayırdı. Bir məndən başqa…
Bəlkə ona görə uşaq vaxtı orta məktəbdə oxuyarkən saçımı dartıb məni cırnatmağa və ağlatmağa çalışan uşaqlar düşür yadıma…
Bəlkə uzun saçlarım məni ağladır hər dəfə…
Bəlkə də quru olduğundan düşən saç qıranlar bəhanə olub saçımı uzatmamağa…
Bəlkə ərə gedən günü açıq qoyduğum uzun saçlarım geyindiyim gəlinliyin bəzəyi olmuşdu deyə… O günümü, saçımı, geyimimi unutmaq istəyirəm.
Bəlkə ona görə ki, açıq qoyub gəzdiyim uzun saçlarım yas və ağırlıq gətirirdi inanclı keçmiş həyat yoldaşımın ailəsinə…
Bəlkə də, sevdiyini söyləyən, özəl və digər kişilərdən fərqləndiyini iddia edən kişilərin sevdiyi uzun saçlarım onların yalanlarını xatırladır mənə…
Bəlkə də, uzandıqca yadıma düşür qızımla xəstəxanaya düşməyim, yaxşı ana olmadığımı eşitdiyim ittiham və iddialar…
Uzun saçlarım hər zaman mənim əleyhimə bir silah olmuşdu. Bir zəif tərəfim olmuşdu. Saçlarım uzandıqca, vururdu sevdiklərim məni…
Bəlkə də, uzun saçları kəsməklə hər dəfə yeni həyata başlamaq cəhdlərimi özümə sırımışam. Bax, Günel, dəyişməlisən, görkəmin dəyişdi, qaldın sən özün… Hər dəfə dəyişən görkəmim olur, kəsilmiş saçlarım yenilik gətirmir mənə… Sadəcə unutdurur… O da ki, bir müddətə…
Hər dəfə güzgü önünə keçəndə saçlarımın uzandığını görəndə, ağlayıram… Səbəbini özüm bilirəm…
Kəsmək istəyirəm, elə qısa kəsmək ki, uzanmasın, ya da gec uzansın. Gec uzansın ki, o xatirələrimi salmayım yadıma…
Saçlarımı qısaldıram unutmaq, qorunmaq üçün… Bəlkə də bir inam var, qısa kəsilmiş saçlar həyatımı dəyişəcək…