Baş tutmayan mədəni istirahətimiz

Bir az istirahət mədəniyyətindən yazacağam. Yazım uzun ola bilər. Səbri olan sonadək oxuyacaq.
Demək, məlum səbəblərdən məzuniyyət vaxtı ölkədən çıxa bilmədiyim üçün maddi və mənəvi imkanlarım, vaxt baxımından ölkə daxilində səfər etməli oldum.
Mərdəkan dendrarisindən yazım. Birincisi bura məşhur multimilyoner və xeyriyyəçi Murtuza Muxtarovun evidir.
Giriş etməmişdən öncə kassaya (xəzinədarlığa) 10 metr məsafədə divarda elan asılıb ki, xaricilərə giriş haqqı 5 manatdır, yerlilərə 2 manat. Bileti şəxsiyyəti təsdiq edən sənədlə satmırlarsa, xaricini yerlidən necə fərqləndirirlər. Elə yerlilər var ki, məsələn mən özüm xariciyə oxşayıram, elə xarici var ki, yerliyə oxşayır, dilimizi də bilir, elə yerli də var ki, öz dilini bəyənməyib, öz dilində danışmır. Niyə xarici üçün 3 manat baha bilet satılır? Budur bizim qonaqpərvərliyimiz?
Bu yaxınlarda rəfiqəmi görüş yerində gözlədim. Bir halla rastlaşdım. Demək, iranlı ailə dağüstü parkda gəzəndən sonra qısa taksi xidmətinə zəng edərək taksi sifariş verir, taksi gələnədək parkda ailəvi gəzinir. Taksi yaxınlaşanda ailəsi ilə taksiyə oturanda, onlara başqa qiymət deyilir, xidmətdən imtina edilməli olur. Bu yaxınlarda özüm bu cür sifariş verdiyim zaman 2.50 manat qiymət əsasında xidməti təsdiqləsəm də, sonradan sms və taksi sürücüsündə bu rəqəm 2.62 oldu. Əlqərəz, atanların, fırıldaqçıların dünyasıdır.
Dendraridə ikinci elan kimi diqqətimi cəlb edən pikniklərlə bağlı idi, yəni ki, yekə qazan, palaz və s. ilə əraziyə daxil olmaq qadağandır. Bunu təsəvvür edəndə, dəhşətə gəlirəm. Yəni bir qızın şortik geyiminə etiraz edən, namusdan danışan birisi ilə, üstəlik mağaradan çıxmadığını təsdiqləyən davranışı ilə göstərir ki, onlar vardırlar. Yəni, adi ictimai qaydaları, bu cür məkanlara giriş və onlardan istifadə şərtlərini bilmirik?
Park boyunca daha divarından tutmuş, poster yapışdırılan, ağacların önünə və meşəliyin, kolluqların içinə belə stend vurulub ki, «ərazini zibilləmək qadağandır». Ən dəhşətlisi də budur ki, bu elanlar vurulan yerlərdə daha çox zibil atılır.
Rəfiqəmə buranı necə tərifləmişdim, təmiz, hüzur verən, sakit, adam az olan məkan… Tam əksi oldu. Səs — küy, 20 uşağın üzərində 2 böyüyün olması. Bu cür ekskursiyaların olması yaxşıdır. Amma böyüklərin nəzarəti altında. Səs-küy bir yandan, uşaqları axtaran və çığıran böyüklər bir yandan, yeri zibilləyən böyük-kiçiklər bir yandan. Dincəlmək yerinə qıcıq oldum.
Bu yaxınlarda atamla Bakı kəndlərinin birinə gedirdik. Avtobusda bir ata ağzından bir şey çıxardıb pəncərədən yola atdı. Sonra eynisini ana etdi. Buna baxan oğlu ardıcıl olaraq əlinə günəbaxan tumunun qabığını tullayırdı. Avtobusu zibilləmək istəməyən ailə küçəni, maşın yolunu zibilləyirdi. Düzü, belə mənzərə ilə qarşılaşanda hər zaman iradımı bildirmişəm. Amma burada kimə deyəsən, ata-anası bir şey olmayandan, qanmayandan sonra övladına nə deyəsən?
Hələ dendraridə uşaqları tam gəzdirməyən gidləri demirəm. Uşaqlar elə bil ki, ora piknikə gəlmişdilər. Uşaqlar gəzdikcə, onlara kimsə demirdi ki, bu onun malikanəsidir, bura Eseninin muzeyidir, bura qonaq evidir, bura hovuzdur, nə də ki, bağında əkilən bitkilər, güllər barədə məlumat verilirdi.
Zooparka yox, məhz bura getdim ki, bura hər adam getməz, hüzurlu və təmiz yerdir. Hələ meşəliyin içində bir neçə yerdə nəciz vardı. Başım çıxmadığı üçün bilmədim insan nəcisidir, ya heyvan.
Çox istərdim ki, məktəb, uşaq bağçasından uşaqları bura gətirən böyük, müəllim, valideyn maariflənmiş, mədəni adam olsun, uşaqlar belə yerlərə piknik və parti üçün gətirilməsin. Hər məkanın öz təyinatı var.