Ailəmi dağıdanda…

Ailəmi dağıdanda hər şeyi gözə almışdım.

Son və qaçılmaz seçimim və qərarım idi.

Ailəmi dağıdanda öz həyatımda qoyduğum üç nöqtə və sual, vergülləri nida və nöqtə ilə əvəz etdiyimi bilirdim. Ailəm bitmiş bir fikir, cümlə oldu dağılanda…

Ailəmi dağıdanda hər şeyi gözə almışdım…

Mənə olan qadın və kişilərin baxışlarını, second hand mağazası məhsulu kimi vitrində qalıb fikirləri, mənəvi dünyası kasıb, içi boş, dayaz insanların diqqətini cəlb edəcəyimi, azadlığın uzun donunu geyinən təkliyimi, eqoistlik qoxan sevgisizliyi, özümü sevməli olduğumu, yenidən, həyatımda sayını itirdiyim sıfırlamalarımı, yenidən pillə — pillə zirvəyə qalxmalı olduğumu, yenidən addım-addım tək yeriməyi öyrənməyimi, biganəlik küləyi kimi içimdə əsib tufana çevrilən darıxmağımı, yenidən birisini tapıb, bununla mütləq alınacaq cəhdlərini, məndən özümü gizlədən gülüşümü, dərdlərimi gizlətməli olan həyasızlıq və komplekssizlik libasını geyinəcəyimi, dostlarımın sayının keyfiyyətcə aşağı olduğunu gördükcə, həndəsi silsilə ilə azalacağını, əlçatan, yüngül, tənha qadın obrazında kişilərin gözlərində potensial ov kimi görünəcəyimi, qadınların həsəd aparacağını, özünə rəqib bilib adıma adlar qoşacağını…

Ailəmi dağıdanda onu da gözə almışdım ki, insanlara güvənim itəcək, təkrar ailə qurmaq istəməyəcəyəm…

Ailəmi dağıdanda, günahkar çıxarılacağımı, «hər şeyə rəğmən dözüb ailəmin qadını, həyat yoldaşımın xanımı, övladımın anası olmalıyam şərti daxilində bir gün ya o məni öldürəcəyini, ya onun məni öldürəcəyini gözləyib yaşamağa davam etməliydim» ittihamlarını, cəmiyyətimiz bunu tələb edir deyə, özümə yenidən xoşbəxt olmağa şans verməyəcəyimi, günahsız günahkar kimi özümü cəzalandıracağımı, işdə, karyerada özümü itirib, evə gec gəlməli olacağımı, gecələri tək yuxuya gedəcəyimi, övladımın nifrət, küskünlüyünü…

Ailəmi dağıdanda bilirdim ki, ən böyük, tanış olmayan, sərhəddi olmayan boşluğa düşəcəyəm, ziddiyyətlərin içində boğulacağam, gülən yerdə düşəcək nəsə yada, o an kövrələyəcəyəm.

Ailəmi dağıdanda, susmalı olduğumu da gözə aldım. O haqqımı da almaq istəyəcəkdilər məndən… Sual sual ardınca, bitməz şübhələr, ümumiləşdirmələrin içində istisna hal kimi itib batmağım…

Ailəmi dağıdanda onu da qəbul etmişdim ki, cəmiyyət mənə pis baxacaq, məni müzakirə edəcək, ailəli qadına yaraşdırdıqları hər şeyi mənə yamaq kimi görəcəklər…

Ailəmi dağıdanda bilirdim ki, yalan sevgilər, gülünc etiraflardan zinhara gələcəyəm. Yaşamağa çalışanda, öz həyatımı yaşayanda, müdaxilələrlə burnumdan gətiriləcək həyatım, xoşbəxt olma haqqım əlimdən alınacaq…

Ailəmi dağıdanda ailəmin dağılmasını istəmirdim, onun üçün qurmamışdım sevgi təməlli ailəmi…

Ailəmi dağıdanda ailəmin qorunub ayaq üstə qalmasını çox istəyirdim. Təməlini özüm qazıb daş üstə daş qoyub, betonunu özüm tökdüyüm ailəmin dağılmasını istəmirdim. O qədər güc, əmək, vaxt sərf etmişdim, ailəmin alınmaz qala olması üçün…

Neyləyim ki, alınmadı… Təklikdə bunu bacarmadım…

Ailəmi dağıdanda bir onu düşünməmişdim, ailəmi quran andan, hər şey qarşılıqlı olmalıdır, hey verməklə olmur, hey tək mücadilə aparmaqla bir şey çıxmır, ailədə hər bir tərəf bunu istəməli, bunun üçün tədbirlər görməlidir. Qarşılıqlı olmayan hər şey və hər kəs bir gün tükənir… Ruhu tükəndirir birtərəfli mücadilə…

Nə diləyim başqalarına?!

Ailəniz dağılmasın…

Ailənizi dağıtmaq üçün qurmayın…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

One thought on “Ailəmi dağıdanda…

Комментарии запрещены.

%d такие блоггеры, как: