Ünvansız uşaqdan ünvansız məktub…

Ünvansız uşaqdan məktub…
Sənə məktub yazıram. Ünvansız məktublar hara gedir, bilmirəm. Bəlkə uşaq evinin direktoru göndərməyəcək onu, bəlkə yaşca böyük uşaqlar məktubumu gizlətdiyim yerdən tapıb, oxuyub, ələ salıb güləcəklər, bəlkə də ayda bir dəfə internat məktəbimizə gələn poçtdaşıyana verəcəklər, direktor bilir hara göndərilməli olduğunu? Bu suallara cavab verəcək yaşda deyiləm, hələ balacayam.
Anamı hələ körpə yaşlarımda olanda gördüm, məni bura gətirəndə, hər həftəsonu yanıma gələcəyini söylədi, söz verdi. İnandım. İlk illərdə gəlirdi, hər gəldiyində səbr etməyimi, az qaldığını, tezliklə birlikdə yaşayacağımızı deyirdi. Mən də inanırdım. Uşaqlar sadəlövh olarlar. Bu vaxta qədər nə qədər məktub yazmışam, bilmirəm, sayını itirmişəm, 1000 ə qədər saymağı öyrənmişəm. Bəlkə də 1000dən çoxdur. Hər dəfə məktubu yazanda göndəriləcəyini, ana və atamın onu oxuyub təsirlənərək məni yada salacağını, hər məktubdan sonra gəlib məni götürəcəyini düşünürdüm. Hər kəs sözlərlə məni aldadırdı. Bir yaşı 15dən çox olan uşaqlardan savayı. Onların sözləri acı idi. İndi bilirəm, həqiqət o qədər acı olur ki, adama od qoyur, özü də açıq yarası olan yerə… Zamanla bəlkə, böyüyəndə anlayacaqdım ki, «Anan fahişəlik edir, sən ona mane olduğun üçün burdasan. Gözləmə, gəlməyəcək. » Əvvəllər bu sözlərə ağlayırdım, şikayət etməyi bacarmırdım. Sonra böyüdükcə, anladım ki, şikayət etmək də ağlamaq kimi mənasız iş, vaxt itkisidir. Bəlkə də, həyatım başqa cür, bir ailə içində olsaydı, ana, ata kimliyini anlasaydım, sevgiyə, insanlara, ailə dəyərlərinə inanardım. Hərçənd burada hər kəs iddia edir, bizə təlqin edir ki, biz böyük ailəyik. Amma hər dəfə ailədən bir uşaq gedir, onları kimsə övladlığa götürür, bir məndən savayı. Görəsən, nədir günahım? Nə siz gəlirsiniz, nə də ki, başqaları…

Bəlkə ona görə ki, ünvansızdır sayını itirdiyim məktublarım?!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: