Gerçək, ya yuxu?! 05/03/06

Səhər idi, yuxudan tez durdum.

Gecə narahat idim, çətin də olsa, yuxuya getdim.

Nigaran idim nədənsə, kimdənsə…

Nigaranam, bilmirəm, gördüyüm gerçək idi, yoxsa yuxu?!

Tanımadığım bir nəfərin simasını qaranlıqda görməyə çalışdım, bacarmadım…

O, tam görünməyən və aydın seçilməyən simanın sahibi mənə qalın, əminliklə dolu səslə dedi:

  • Əlini mənə ver, mənə inan, ardımca gəl!

Öncə qorxduğum yadıma gəlir…Sonra öndə işığı görüb qətiyyətləndim, cəsarət tapdım özümdə, bu işıq mənim kölgəmi mənə yol yoldaşı etdi. Tənha olmadığımı zənn edib irəliyə doğru tanımadığım kəsin ardınca addımladım…

İşıqda o naməlum şəxs üzünü örtüb mənə tərəf döndü, mənim əllərimdən bərk yapışaraq önümdə diz çöküb dedi:

  • Sən insan deyilsən, sən burdakı insanlardan çox fərqlənirsən…Sən bu dünyaya yaşayıb yaratmaq, xeyir işlər görmək, insanlara kömək etmək üçün gəlmisən, göndərilmisən…Sənin təyinatın var idi. Lakin sənin gördüyün işlərin sayı sənə verilən müddət üçün çox olduğundan bu dünyada öz vəzifəni bitirib o biri dünyaya (röyadan oyanıb gerçək dünyaya, bu həyatdan sonrakı dünyaya) göndərilirsən. Mən səni bu gün o dünyaya aparmaq üçün gəlmişdim, amma sonra bildim ki, səni günün sonunda aparmalıyam. Bu gün bitənədək bu həyatda etdiyin bütün səhvlərini düzəlt, bilmədən incitdiyin insanlardan üzr istə, səni incidənləri bağışla, onunla barış, əgər sən bütün bu dediklərimi bir günə görə bilməsən, bu dünyada daim yaşamağa məhkum olunacaqsan. Sənə bu işdə bir kömək edəcəyəm, məsləhət verəcəyəm. Doğulduğun gündən ətrafında olan şəxslərin, gördüyün əməllərin, etdiyin səhvlərin, incitdiyin insan qəlblərinin, səni incidənlərin siyahısını tut. Bundan başqa sən ətrafındakı şəxsləri əhatə edənlərin, onun sənə məlum əməl və səhvlərinin, incitdiyi insan qəlblərinin siyahısını da hazırla. Müqayisə et və özünü anla. Daha sonra kimin o biri dünyaya layiq olduğunu aydınlaşdır. Ən əsası bu işləri gördükdə, düzgünlük, səmimilik, gerçək və haqq — ədaləti öndə tut. Əgər sən bunu bacarsan, mükafat olaraq o biri dünyanın sakini olacaqsan. İndi isə get, dön insanların gerçək sandıqları dünyaya, ya da ki, özünün qurduğun dünyaya…Amma dediklərimi unutma! Bir də ki, insanlardan sənin psixoloji portretini çəkməklərini və sənin mənfi və müsbət cəhətlərini sənə yazılı və ya şifahi şəkildə bildirməyi xahiş et, daha sonra onları özün üçün yaz və onun üzərində təkliyə çəkilib düşün…Unutma, kənardakılar müşahidə zamanı səni səndən də yaxşı tanıya bilərlər, tənqidə, tərifə də düzgün yanaş. O zaman gerçəklik və ədalət səni tapacaq və sən bu həyatda qalib olacaqsan. Özü də ki, bu işi gördükdə, tələsmə, səbrli ol ki, gerçəyi yalandan düzgün və vaxtında ayırmağı öyrənəsən…Son sözlərimi də unutma: — “Hər səni sevib sevilməyənin yox, səni sevməyib sən tərəfdən sevilmək iddiasında olanların qəzəb, gerçək niyyət və fikirlərindən qorun! Gerçək sevgi cavabsız qalmağa, bitməyə, ayrılığa məhkum olduğundan, məyus olma, üzülmə! Ani sevincə, daimi kədərə, ötəri sevgiyə, boş vədlərə, qəddar səadətə, keçən zamana, xain uğura, düşmən qəlbə, uçan xəyala, dəli arzuya, sonsuzluğa və soyuqqanlı idraka yox, özünə inan! Tək Sən Gerçəksən!”

Bunu bacardımmı? Məncə dünyam və gerçəklik göz qabağındadır!

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: