OVÇU VƏ OV (Hekayə, təmsil)

Müəllif: Hər bir insan ovçudur… Nəyisə və ya kimisə ovlamaq, əldə etmək, mənimsəmək, mülkiyyətinə çevirmək istəyər…

Ovçu: Bir canımızla gəlirik dünyaya, bir canımızı aparırıq bu dünyadan… Amma bütün həyatımız boyu axtarışdayıq, tapırıq, qaçırıq, tələsirik, piyada gedirik, gecikirik… Ovçu olub ovlayırıq… Ali varlığıq, amma genimizdədir ovlamaq, qanımızdadır ova çıxmaq, əldə etmək istəyi… Gözlərimiz hey axtarır, beynimiz mülahizə, təhlillər edir, skan edir, ovlarımızı…

Müəllif: Ovlarımız olur hər şey, nəyi və kimi istəyiriksə… Ovu istəyiriksə, dayanmırıq… O bizim olmalıdır… Bu qədər dəqiq, bu qədər qəti…

Ovladıqlarımızı isə burada qoyuruq, ölən zaman, bu dünyada… Niyə bu qədər önəmlidir ovçu olmaq, ovlamaq?!

Ovçu: Doğulduğumuz gündən ilk ovumuz adımız olur, anamız olur, ac oluruq, istəyirik qidalanmaq… Dişlərimiz olmadığından yeməyimiz ancaq süd olur… İçirik hələ ana südünü… Anamız və onun süd dolu döşlərini ovlayırıq doğulan andan… Buraxmırıq doyana qədər… Adımız doğulmamış müzakirə mənbəyi olur, bəzən isə mübahisə obyekti olur… Bir razılığa gəlinir, qoyurlar adı, mənlə razılaşdırmırlar, yaraşır mənə, ya yox, istəyirəm ya yox… Onlar üçün hələ balacayam… Yerimə həll edilir çox şey, nə daha önəmlidir… Yerimə ovumu valideynlərim, cəmiyyət, ətraf mühit edir…

Müəllif: Ovum kim və ya nə olsa da, hamıdan üstünü, mükəmməli olmalıdır… Seçilməliyik, üstün olmalıyıq, ovumuzu göstərib fəxr etməliyik özümüzlə…

Ad qoymalıyıq, mənimdir o və bular… Mülkiyyətçiyik… Paylaşmırıq ovumuzu… Əlimizdən almaq istəyəndə isə heyvanlaşırıq… Əslində, biz də heyvanıq… Ali heyvan- Homo Sapiens… Özümüz azadıq guya, azad olmaq, ova çevrilməmək niyyətindəyik… Azad olanları isə məhrum edirik azadlıqdan, canlı və cansız həyatından… Onlara qıyırıq bunu, özümüzə isə qıymırıq, eqoistik əslində, özü də çox eqoistik…

Hər bir insan bir ovçudur, ovu isə nələr və kimlərsə… Hər kəs ovçu olmaq istəyir, ov olmaq deyil… Qaçır ovunun dalınca, qaçır özü kimi ovçulardan…

Ovçu: Sonrakı ovumuz ana südündən sonra həyatımızdır… Həyatımızı ovlayırıq… Öncə öz həyatımızı ovlayırıq, ya kəsirik, kabablayırıq tikə və lülə şəklində, ya da salırıq qəfəsə, sanki zooparkdır, qoruqdur, yasaqlıqdır insan həyatı, göstəririk başqalarına, acıq veririk, ya da fəxr edirik, üzülürük ovlanmış həyatımız və ovladığımız həyatlara görə, bəzən isə sevinirik… Öz həyatımızı ovladıqdan sonra keçirik başqalarının həyatına… İstər canlı olsun, istərsə cansız, istər insan olsun, istər bitki, istər heyvan, istərsə əşya…

Ovladıqca, ovumuzu də itiririk, başqalarının ovlarına dikirik gözümüzü, doymuruq, hey nəyisə, kimisə istəyirik… İtirməkdən çox qorxduğumuzdan, bir uucdan ovlayırıq, yığırıq sanki, bəhsəbəsdir, kimdə ovladığı daha çox olacaq…

Ovumuzu ovlamağa mane olanlar da çox olur… Girir ova çağırmadığımız ov tulaları, çaqqallar, tülkülər… Ovumuzu hürküdüb qaçırırlar, ya da alırlar əlimizdən, parçalayırlar… Onlardan qalan nəyimizə lazımdır axı…

Müəllif: İnsanların  məsafədən idarə edən pultunda işləmir deyəsən “Dayan, stop” düyməsi…

Ovçu: Ovladıqca, sevirik ovlamağı, bir əyləncəyə çevrilir sanki, kim daha çox ovladı, kimin ovunda nə var, kim var… Nəfsimizdir bizi ova atan, ovumuzun ardınca qaçmağa sövq edən… Nəfsimiz bizim ov prosesi və instiktimizdə əsas açardır… Nəfsimizi salırıq qıfıla, açılır qapılar, qaçırıq ovlamağa…

Ovumuz canlıdırsa, incidirik onu… Sındırırıq mənəvi baxımdan… Göstərməliyik kimdir burada ovçu, ov, kimdir ağa, kimsə tabe olan tərəf… Kim kimdən asılıdır… Ovçu ovundan, ya ov onu ovlayandan…

Müəllif:  Ən güclü və məharətli ovçunun son məqsədi, əsas ovu isə rəqibi olan, başqa bir ovçunun övu olmamaq, onu ovlamaqdır…

Ovçu: Mən hələ çox balacayam, danışmağı, yazmağı, oxumağı bacarmıram, mənim işim yeməkdir, içməkdir, əmməkdir südümü, bir az oynamaqdır, ağlamaqdır, bir az yatmaqdır, diqqəti cəlb etməkdir… İlk ovum isə tanış olun: Valideynlərim, evə gələn qonaqlar, məni qonaq gedərkən apardıqları insanlar, onların sevgisi, qayğısı, diqqətidir… Nazımla ovlayıram onları… Bir də bəlkə şirin olmağımla… Ağlayıb qiymətimi qaldırıram… Vaxtım keçəndə yemək istəyirəm, altım quru olmayanda, qarnım sancılananda, yuxum gələndə, yatmağa səs, işıq mane olanda, diqqətsiz qalanda, unudulduğumu zənn edəndə ovçuluq instiktim işə düşür, olmaz belə, mən varam! Auuuu! Hardasınız?! Bax, ağlayıram, eşitməsəniz, şüvən qopardacağam! Hələ ki, iştaham azdır, hələ ki, ovlamaq üçün hədəflərim, ov istək və seçimlərim azdır… Böyüyüm, bax onda, hər şey dəyişəcək, özü də mənim xeyrimə… İndi istəmədiyim yerə gedirəm, istəmədiyim geyimi geyindirirlər, saçımı istəmədiyim tərzə salırlar, üstümdə eksperimentlər edirlər, eh bu selfilər, şəkil çəkmələrini istəmirəm,  istəmədiyim xala və əmilər, dayı və bibilər alır məni əllərinə, qucaqlayıb, öpürlər… Bir yandan xoşum gəlir, bir yandan isə yox… Xoşum gəlir ki, diqqət mərkəzindəyəm… Xoşum gəlmir ki, əsas ovlarım-valideynlərimdən, yemək və yuxumdan ayrı düşürəm… Siz məni oynadın hələ ki, vaxt gələcək mən sizinlə oyanayacağam…

Uşağı körpə yaşlarından öyrədirik ovlamağı, öyrədirik oynamağı, sonra şikayət edirik ki, uşaq kimə oxşayıb, uşaq niyə ovçudur, ov axtarışındadır, niyə oynayır…

Müəllif:  Hədəf, məqsəd, arzu, xəyal adıyla ovlamağa başlayırıq… Kim mane olursa, məhv edirik, nə mane olursa, çəkirik yolumuzdan… Prinsipialıq, barışmazıq…

Hədəfimizdə olur ailəmiz, digər ailələr, dostlarımız, başqalarının dostları, həyatımızdan sonrakı başqa həyatlar, arzularımız, başqasının arzuları, xəyallarımız, başqalarının xəyalları, öz məqsədlərimiz, özümüz, sonra başqaları, başqalarının hədəfləri… Özümüz oluruq qısa zaman ərzində, sonra başqalaşırıq… Kifayət etmir bizə məxsus olanlar, mənimdir olanlar, əl atırıq başqalarınkına…

Hərisliyimiz, nəfsimiz bizim beynimizi, qəlbimizi ovlayıb, salıb əsarətinə, diktə edir öz qanunlarını, tələblərini, istəklərini, idarə edir bizi, burada ovçuyuq başqaları üçün, özümüz isə hərisliyimizin və nəfsimizin ovuyuq əslində…

Nə sağlam insan ola bilirik, nə də ağıllı…

Ovçu: Yaşamaq, xoşbəxt olmaq üçün ovlamaq lazımdır.

Ov: Görürəm, müəlliflə birləşib məndən danışırsınız, məni müzakirə edirsiniz. Müharibə elan edilmişdirsə, mən digər tərəf kimi niyə xəbərdarlıq edilməmişəm. Mənim fikrimi kimsə bilmək istəyirmi? Ov olmaq istəyirəmmi? Özümü ov sayırammı? Niyə ovlanmalıyam? Kim mənim yerimə və mənim iradəmə zidd olaraq  mənim ovlanmağımla bağlı qərar verib ki?! Ovçu da, müəllif də çox sevinməsin. Hər kəs ov ola bilər. Bu gün ovçunun, müəllifin özünü belə ovlaya bilərlər. Cəbhədə müharibədə biri udduğunu düşünə bilər, amma elə manevr etmək, elə taktika tətbiq etək olar ki, müharibənin gedişatı tam və kökündən dəyişsin. Bunun üçün sadəcə uzaqgörən və praktik olmaq lazımdır. Bir də ki, nə edirsənsə, özünə qayıdır. Bu gün ovlayırsan, bir gün də səni ovlayırlar. Müəllif də həm ovçu, həm də ov ola bilər. Kimisə ovlaya bilər, kimsə onu ovlaya bilər. 100%lik əminliklə deyirəm. Bəzən ovladığınızı düşündüyünüz ovunuzun ovuna çevrilirsiniz. Kim kimin tilovuna keçib, kənardan görən deyə bilər. Ona görə tələsməyin.

Müəllif: Məncə, ovun dediklərində həqiqət var. Ov sandıqlarımızın ovu ola bilərik deyə, ehtiyatlı olmalıyıq. Ovçu, məncə, düşünməyə dəyər.

Bax, əziz oxucum, oxuyursan bu dialoq sayağı hekayəni, səncə burada kim ovçudur, kimdir ov? Ovçu, yoxsa müəllif?!

Məncə, hər birimiz həm ovçuyuq, həm də kiminsə ovu… Hər şey bu qədər sadədir, bu qədər aydındır, ədalətlidir… Tabe ediriksə, tabe də olmalıyıq… Həyatda hər şey qarşılıqlı olmalıdır, tarazılıq, ədalətlilik naminə…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: