Səni bənzətdim…18.07.2004

Əzizim, bizim tanış olduğumuz gün yadında idimi? O gün payız fəslinin  bir günü olsa da, səni yay fəslinin qızmar gününə, mehriban günəşinə bənzətdim…

İlk baxışlarımızdan fikirlərimiz, gələcəyimizlə bağlı qurduğumuz xəyallarımız, yaşatdığımız arzularımız fərqlənməyə başlamışdı. Mən səni ciddi qəbul etdim, bəs sən məni?

Xarici görkəmin — gülər gözlərin, parlaq baxışların, xoş təbəssümünlə istədiyin şəxsi tora sala bilsən də, mən sənin daxili aləmini zəngin zənn etməklə, sənə aldandım… Sən isə məni yeni bir əyləncə obyektinə çevirmək istədin, mən isə azadlığa can atıb əsarətin altından qurtuldum…

Sənin daxili aləmin çox dəyişkən idi…Gah xəyallar aləmində göy üzü təmiz, buludsuz, qızmar günəşli olurdu…Gah da, göy üzünü qara buludlar alır, gah da ki, yağış, dolu, qar yağırdı…

Sən yanımda olsan da, sənsizliyini hiss edirdim…

Sanki, yanımdakı o şəxs canlı deyildi, sadəcə bədəndən ayrı dünyanı dolaşan süniləşmiş bir ruh idi…

Hərdən soyuq, hərdən isə çox biganə görsənməyin sənin canlı varlığını şübhə altına alırdı…

Öncə yeni qızla tanışlıq, sonra telefon zəngləri, daha sonra isə görüşlər, ən sonunda isə “sevgi”nə xəyanət edib “sevgili” qızı atmaq! Bunu necə bağışlamaq, bununla necə barışmaq olar?

Qeyri – səmimi davranışın, düşüncələrin və “müəyyən edə bilmədiyin” hisslərin səni yalana, xoş olmayan yuxuya bənzədirdi…

Səni yaxından tanıdıqca, səni gah ildırıma, gah şama, gah dənizin dalğalarına, gah dəyişkən fəsillərə, gah ötən və dönməyən günlərə — zamana, ayrılığa, qula, torpağa, gah da sirlə dolu sehrbaza bənzədirdim…

Fikirlərimi zəbt etməyinlə kifayətlənməyən sehrbaz rolunu da bəzən oynayırdın, bir gün var idin, bir gün isə yoxa çıxırdın…

Ciddilikdən, qətilikdən uzaq olub əyləncəyə baş vurmağın, əxlaqi və mənəvi dəyərləri tapdalamağın səni yalnız təmizlikdən uzaq, qüsursuz bir şəxsə bənzədirdi…

Qürur və mənliyimi tapdalamağının, məni aldatmağının və incitməyinin dərinliyinə varmayaraq məni axtarmağın ildırımla dostlaşan qəzəbimə səbəb oldu…

Hərdən çılğın təbiətin, hərdən isə daxili rahatlığı mənə bəxş etməyin səni gözlərimin önündə dənizin bariz dalğalarına bənzədirdi…

Hərdən isə ziddiyyətliyin ilə insanları azdırmağın səni isti, lakin quru və tənha, sonsuz uzanan və bitməyən qumlu səhralığa bənzədirdi…

Bəzən də əsassız olaraq səni qayğıkeş, fədakar, mehriban, isti günəşin şüalarına bənzədirdim…Səndən o anda qaçmağım yenidən səhv etmək önündə qorxumdan asılı idi…

Əsarətə qarşı apardığın mübarizə, qəzəbin və tez hirslənməyin səni ildırıma, oda, qığılcıma bənzədirdi…

Çox həssas görkəmin isə səni dolu buludlara, göz yaşları ilə ayrıldığı övladlarına, yağışın damcılarına yaxın edirdi…

Sən qəmləndikcə, buludlar günəşi, mən ağladıqca, isə qaranlıq işığı udurdu…

Həqiqəti bilərək özümü aldadıb nəyəsə ümid etməyim, o cümlədən mənimlə sadəcə qeyri – ciddi davranmaq istəyin səni yalnız gerçəkləşməyəcək xəyala bənzədirdi…

Daxilindəki yayın ilə məni isitməyin, sonra qışınla soyudaraq dondurmağın, baharınla ümidlərimə həyat verməyin, payızınla isə onları əlimdən almağın səni fəsillərə bənzədirdi…Sən də təbiətin fəsilləri kimi təbiətcə dəyişkən idin…

İnsanların təsiri ilə yanmağın, onların və təbiətin təsiri ilə sönməyin səni aciz şama bənzədirdi…Son ümidimin simvolu olaN şamım da tez əriyirdi sənin kimi…

Gündüzümü gecənə, gecəmi isə gündüzümə çevirdiyin üçün səni ötən günlərimə bənzətdim…

Mənim qətiliklə verdiyim cavab, dediyim sözlərdən sonra inciməyim, iradəni zəiflətməyin səni ayrılığın, tənhalığın, ruh düşgünlüyünün və iztirabların əsiri və quluna çevirdi…

Səni hey irəli doğru addımlayan, dayanmayan, geri dönməyən və bəzən mənə doğma olan, bəzən də yadlaşan zamana bənzətdim, zaman ötdü, insan olduğundan zaman səni də dünya kimi qocaltdı…

Son görüşümüzdə ani mövcudluğun, daha sonra isə itirməyin səni mənim ən böyük itkimə çevirdi…

Daha sonra isə Vətən səni ona olan borcunu qaytarmaq üçün çağırdı. Sən də onun bir övladı olduğundan səsinə səs verib hərbi xidmətə getdin, mən isə yenə də tək — sənsiz qaldım…

Bir də eşitdim ki, səni əbədi olaraq itirmişəm…İnsanı isə yalnız o öləndə itirirsən!!!

Bu itkidən sonra sənin torpağa çox bağlı olduğunu görüb səni torpağımızın dənəciklərinə bənzətdim…

Əzəldən torpaqdan yarandın, torpağa da döndün…

Mən isə göz yaşlarımın içində qərq olanda anladım ki, səni həqiqətən də sevirdim…

Suallarımı cavabsız qoyan sükunətə — sənin ruhunla dolmuş və yaşayan sükunətə yaxın olduğumuzdan, hər an ondan soruşurdum: — Bəs sən məni sevirsənmi? Məni bağışlaya bilərsənmi?! Sükunət də sənin kimi susurdu. Suallarımı cavabsız qoyurdu…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: