Cari və sabiq dostlarıma ithaf edirəm…

Dostlarımı qınamamağı və empatik yanaşıb anlamağı öyrəşmişəm. Amma onlar bunu etmir. Qarşılıqlı olmayan hər şeyə qarşı biganəyəm, bitirirəm. Yağlı nida və nöqtə durğu işarəsini qoyuram ki, bir söz və cümlə ilə anlaşılan olsun qərarım, mövqem.
Mövqem isə fərddən asılı olaraq dəyişə bilər. Kiməsə şans verə bilərəm, kimisini bağışlaya, anlaya və qəbul edə bilərəm.
Amma nə qədər ağıllı, təcrübəli, savadlı insan olsam da, anlamadığım, ya da qəbul etmədiyim ifadələr var. Sanki minnət kimi səslənən ifadələr…
1. «İtirib axtarmırsan» ittihamı- bəlkə mən sizi yoxu, siz məni itirmisiniz. Bəlkə mən sizi qarşılığı olmadan dəfələrlə axtarmışam, iqnor edilmişəm, ona görə də axtarmıram, sizi itirməyi seçirəm. Bəli, məni itirmisinizsə, siz də axtarmalısınız. Axtaracaqsınız, bilirsiniz nə zaman? İşiniz düşəndə, darıxanda, mənim öz yerim var imiş həyatınızda həqiqətini dərk edəndə, o yerimə kimisə yerləşdirə bilməyəndə. Bax, o zaman yağlı nida və nöqtə işarəsi ilə qarşılayacaqsınız geri dönüşünüz zaman…
2. «İşin çoxdur» ittihamı. İşim nə qədər çox olsa da, ən azı bir salam, necəsən sualına, sözlərinə cavab verməyəcək qədər qanacaqsız, mədəniyyətsiz biri deyiləm. Siz yazdınız, salamlaşdınız, mən iqnor etdim? Elə sizin işiniz də çox olduğundan, arada bir mən yazır, zəng edirəm. Yenə də iqnor edilirəm.
3. Çox zaman qarşılığı olmayan, haqsızlıq, iqnor etmələri gördükcə, anlayıram ki, mən buna layiq deyiləm, özümə hörmət etməliyəm, kimliyindən asılı olmayaraq silməliyəm. Siləndə birdəfəlik silməyi də öyrəndim. Çünki insanlar dəyişmir, bir insana münasibətini dəyişmir, əgər bunu və bu dəyişikliyi istəmirsə…
4. Kimsə deyə bilməz ki, mən hansısa yaxın dost və ya rəfiqəmin yaxşısını, pisini qəbul etməmişəm, hər anında yanında olmamışam, süni nəsə etmişəm, saxta olmuşam. Amma bunun qarşılığında bunları özümə qarşı görəndə, niyə o insanları dost və ya rəfiqə bilim ki?
5. Emosionallıqdan çıxıb rasionallığa keçid edəndə, anladım ki, mənə bu cür münasibətin olması məndən asılıdır. Kənara çəkilib müşahidə etdim. O zaman anladım ki, təklik daha yaxşıdır. Dostun olsa da, az olsun, o qədər az ki, yoxluğunu hiss etsinlər, yoxluqlarını hiss etdirsinlər.
6. Yeri gələndə, məni saymayan, mənlə mırtalaşan, məni iqnor edənlərin çoxundan ağıl, savad, iş, insanlıq baxımından çox yüksəkdəyəm, bir dəfə də olsun bu vaxta qədər bu fərqi kiməsə hiss etdirməmişəm. Sadəcə olaraq, daha məndən kiminsə limitsiz istifadə etməsinin qarşısını almışam.
7. Mən də zarafat etməyi sevirəm, zarafatı sevirəm. Amma zarafatlarımdan kimisə alçaltmıram, kiminsə şəxsiyyətinə toxunmuram, kimisə aşağılamıram. Eynisini də özümə qarşı tələb edirəm. Haqqım var. Amma zarafatının və ərkinin də ağını çıxardanın ağına büküb yola salıram.
8. Mən komplekssiz, açıq, birbaşa danışan, sərbəst insanam, kimdənsə asılılığım yoxdur, buna baxmayaraq, bacardığım qədər etik davranmışam. Qarşı tərəfin fərdi xarakter və davranışına uyğun davranmışam. Bir çoxları bunu qeyri-səmimi görə bilər. Amma mən qarşımdakı insana hörmət edirəm, onu fərdi biri kimi qəbul edirəm. Üz verəndə, verməyəndə belə, astarını istəyənlərlə amansız davranıram.
9. İnciyənlərin sayı çoxdur. Mən qara deyiləm, öncədən gəlmişlik edib məni basasınız. Məndən inciyənlərə təşəkkür edirəm ki, işimi asanlaşdırırsınız. Əsəb, zamanıma qənaət edirsiniz. Məndən inciməyiniz üçün nəsə etdiyimi düşünmürəm. Uman yerdən küsərlərsə, ummayın. Ummağınız üçün sizə əsas verməmişəm.
10. Mənlə dostluğa ehtiyac duymursunuzsa, sizi silirəm, məni geri qaytarmaq, dostluğu bərpa etməyə çalışmaq, şans istəmək ancaq bir zaman tərəfimdən qəbul edilə bilər ki, siz səhvinizi başa düşüb etiraf edir, üzr istəyirsiniz, peşmansınız. Hər dəfə qəbul etmək, bağışlamaq, barışmaq, şans vermək, sııfrdan başlamaqla nə özümü, nə ruhumu tükədən deyiləm.
Ona görə də mənlə dostluq etməmişdən, başlamamışdan öncə 100 ölçün, bir biçin ki, sonra səhv kəsdiyiniz ölçülərə yamaq vurmaq lazım gəlməsin.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: