Unutmayanım (esse)

O, çox sevdiyim kişi idi. Həqiqətən də, adına uyğun kişi… Özü yada salmasa da, xatırlamasa da, anmasa da, yada salınan, xatırlanan, anılan…

Onunla yaxın dostumuzun 35 yaşının tamam olması münasibətilə yığışdığımız məclisdə tanış olmuşduq. Süfrə arxasında üz-üzə oturmuşduq. Zahiri görkəminin cəlbediciliyindən əlavə, gülüşü, zarafatı, iti ağlı ilə cəlb etmişdi məni. Çox xarizmatik, cəlbedici, ehtiraslı, şən, zarafatcıl insan olsa da, gözlərində dərin baxış, kədər vardı. Bəlkə elə bu bizi birləşdirirdi. Kədərimiz, dərdimiz ola-ola gülümsəmək, zarafat etmək. Bir də ki, yaradıcı və hazırcavab insan idi. Dinləməyi bacaran…

Onunla tədbir boyu bir neçə mahnıya rəqs etdik, sonra qolumdan tutub çölə çıxardanda, əmin olmaq üçün iki sual verdim ona. Gülümsəməyinin altında dərin baxışları ilə iki sualıma cavab verdi.

«Evlisən?» sualıma «Yox, ayrılmışam, neçə ildi tək yaşayıram», «Neçə yaşın var?» sualına «37, 38 olacaq» dedi. Utanmadan dedim ki, «Əsl mənliksən. Yəni mənə uyğunsan, bizim dostluğumuz alınacaq.»

Gülümsündü. Bir söz demədi.

Tədbir boyu onu müşahidə edirdim. Bir iki ortaq zarafat, onun zarafatlarına zarafatla cavab vermək, hətta siqaret çəkəndə yaxınlaşıb deməyimə «Mən söz altda qalmıram. Fikir vermə mənə.» zarafatla cavab verdi ki, «Görürəm, hiss olunur ki, heç nəyin altında qalmırsan…»

Yazışmağa başladıq. Facebuk səhifəsini və mobil nömrəsini götürdüm. Az qala hər gün yazışır, imkan düşən kimi tez-tez görüşürdük.

Ona ilk baxışdan aşiq olmuşdum. Amma aşiqlik sevgi deyil. Görüşlərimiz zamanı danışmağımız, dinləməyi, sükunət mənə onu sevdirdi, özümdən çox…

Bir dəfə zarafatla demişdim ki, «səndən hekayə, roman yazacağam», cavab vermişdi ki, «sən bir romanın içindəsən, bir romanı yaşayırsan, xəbərin yoxdur.»

Köhnə yazışmalarımıza baxanda indi hər sözünü təhlil edəndə, anlayıram ki, hansı sözü ilə nə demək istəyirdi. Hər sözü iki, üç başlı idi.

Tanışlığımızın üstündən 10 gün keçirdi ki, ona sevgi elanı etdim. Cəsarət tapıb bunu etdim. Düşünərək, bilərək bunu etdim ki, mənə olan hisslərini, münasibətini anlayım, konkretliyi sevirəm.

Artıq 1 ildən çox keçib tanışlığımızdan. Dəyişən çox şey oldu.

Soyuqluq gəldi araya. Mən hələ də onu sevirəm.

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: