Ana, ata-bala

Mən keçmiş yoldaşımla ayrılanda, ailəmi dağıdanda buna problem kimi yanaşmadım. Bəzən deyirlər ki, ağıllı və güclü qadınlar soyuqqanlı olarlar. Ayrılarkən ilk düşündüyüm övladım idi. Onu da qərar vermişdim ki, valideynlə yaşamaq seçimini övladım yaşına baxmayaraq özü verəcək. Atası övladıyla vətəninə uçanadək inanmırdı ki, bu qədər loyal, liberal, demokratik olub, övladımı ona verə bilərəm. Ona güclə başa saldım ki, mən anasıyam, sən atası. Tüpürüm qanuna, məhkəmə qərarına, uşağımız kimi seçsə, onunla da yaşayacaq. Uşaq atasını seçib qucaqlayanda, atası qucağında kövrəlib ağlayanda məndən soruşdu ki, əminsən ki, uşaq məni seçdi deyə, uşağı mənə verəcəksən? Inanmıram. Dedim ki, bir gün səbr et. Bir gündən sonra onu və övladımı, sənədlərimi götürüb getdim notariusa, bir həftədən sonra atamla onları birdəfəlik aeroportda yola saldım. Bunu adlamış, bu addımı atmış birisiyəm. Rahatam ki, övladım öz seçimi ilə sevdiyi atasının yanında, xoşbəxt və sağlamdır. Tənha və işləyən ana kimi ona nə verəcəkdim? Yenə nənə və babası onu bu cəmiyyətə uyğun tərbiyə edəcəkdilər. Xəbərləri oxuyuram. Ilk dəfədir ki, narahatam, taliban və işıd Tacikistandadır. Bir qız övladının anası kimi saxta, psevdodindarların mühitində qızımın təhlükəsizliyi və gələcəyindən nigaranam. Mən o qadınlardanam ki, ailədə kişi və qadınam, sadəcə tək və işləyən ana kimi uşağıma ayıracağım vaxt məni qane etməyəcək. Hədiyyə və nazıyla oynamaq ilə uşağı sadəcə rüşvətxor edib insan xislətindən çıxardacağam. Uşaq mənimlə yaşasa, dərsə gedən 8 yaşlı övladıma baxa bilməyəcəyəm, baxsam, gərək işləməyim, işləsəm, onu gərək üçüncü şəxsə həvalə edim. Qalıb da atasında. Həyatı üçün ciddi təhlükə yoxdursa, analıq eqosu və qanuni hüquqlarıma görə niyə övladımı bədbəxt edim ki?
Bu addımı atmış güclü bir qadını nə və kim sındıra, məhv edə, üzə və bədbəxt edə bilər? Niyə və kim məni depressiyaya sala bilsin ki! Itirməyə bir kimsəm, qorxum yoxdur…

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: