Oğrular və qatillər… (hekayə)

Çoxdandır o, özünü həbs etmişdi. Ev dustağı etmişdi özünü. İllərlə işləyib yığdığı və satdığı əmlakın pulunu xərcləyirdi. Marketə belə getməzdi. Qonşuluqda yaşayan uşağı muzdla bu iş üçün tutmuşdu. Alış-verişdən gələndə uşaqdan hökmən çek tələb edərdi. Pulun qalığına baxardı. Alış-verişin məbləğinin 20%-ində ona cib xərcliyi verərdi.

Özünü cəzalandırırdı. Onun buna haqqı var idi. Hər dəfə uşağa cib xərcliyini verəndə, deyərdi:

  • Bala, birinci addım, səhv, doğru çətin, sonrakılar sıravi olur. Ona görə də ilklər gözə girir, sonrakılar unudulur… Böyüyəndə, anlayarsan. Bu sözlərimi unutma.

Təkliyi onun üçün seçmişdi ki, özünü tanısın. Onun bir kölgə izləyirdi-«Məni sevən olmayıb. Kimi sevmişəm, sevməyib, asanlıqla tərk edib məni. Bəlkə ona görə də sevgiyə problem kimi yanaşıram. Sevgi problem yaradır mənə və Ona…» düşüncəsi.

Onu bu yola bəlkə uşaqlıq və gənclik illərindəki yaşadığı həyat vadar etmişdir. Həyatı boyu haqsızlıq və ədalətsizliklə mübarizə aparmaq, doğru yolla gedib bu yolda olmayanların həyat tərzini görmək,xoşbəxt olmaq…

O, görürdü ki, kimisi cinayət işləyib, cəzasız qalır, kimisi cinayət işləmədən cəzalandırılır. Qanun və cəzalar pula və sosial statusa, vəzifəyə, insanın tutduğu mövqeyə uyğun olaraq işləyir, tətbiq edilir.

Həm də bir cinayətin fiziki tərəfindən savayı mənəvi tərəfi də var. Çox zaman onun ancaq fiziki tərəfini görürlər, onu nəzərə alırlar, ona görə qiymət verir və cəza kəsirlər… Mənəvi tərəfi və mənəvi cinayətlər kimisə maraqlandırmır. Amma söhbət zamanı hamı mənəviyyatdan danışır. Mənəviyyat kiməsə təcrübədə lazım deyil, mənəviyyat mane olur.

  • Əmi, ailəm xəbər tutub Sizin yanınıza gəlməyimdən. Qadağa qoyublar. Səbəbini demədən.
  • Oğlum, daha gəlməyini istəmirəm. Həyatımı kiməsə danışmaq istəyim olur. Bu etirafı sənə etmək istəmirəm. Sən hazır deyilsən. Sən hələ məsumsan. Hələ kirlənməmisən. Kirlənməyini istəmirəm. Həqiqəti bildikcə, insanlar kirlənir. Çünki həqiqət ədaləti bərpa etmir. Çünki hər kəsin öz həqiqəti var. Bilirsən, qoyulan qadağalar səbəbsiz olmur. Məhdudiyyətlər də səbəbsiz qoyulmur. Sadəcə bizə səbəbləri açıqlanmır. Səbəblər bizdən gizlədilir. Bəzən bilməmək insanların xeyrinədir. Ona görə də bəzən səbəbləri bilməmək faciə olmur.
  • Səbəbləri bilməsək, seçim və qərarlarımızda ədalətli olmarıq. Səbəbləri bilməsək, bizə qarşı ədalətli yanaşılmaz. Səbəbini bilməsək, o qadağa və məhdudiyyətlər bizim üçün daha cəlbedici olar, onlara can atarıq.
  • Oğul, bilirsən, məhz qadağa və məhdudiyyətləri gizlətmək mənəvi cinayətdir. Amma cinayətin mənəvi tərəfi və mənəvi cinayətlər insanlar tərəfindən unudulur, qəbul edilmir, susurlar bu barədə. Bəzən bilib susmaq müdafiə məqsədini güdür. Amma bəzən yanılmış olurlar bu düşüncədə, bəzən susmayıb söyləmək müdafiə edə bilər. İnsan özü seçim etməlidir, bildiyini, ona deyiləni gizlətsin, ya bildirsin, açıqlasın. Əslində gizlədiləsi bir şeylər olmamalıdır. Sadəcə hamı üçün əlçatan olmamaq olar. Hamı üçün açıq və oxunaqlı olmamaq olar. Səbəblərin gizlədilməsi də gerçəkliyin susub, bilib gizlədilməsi kimidir. Mənəvi cinayətləri bilib gizlədilməsi kimidir. Mənəvi cinayət, terror qurbanı olan və ya bunu edən tərəf, yəni hər iki tərəf və ya tərəflərdən biri susursa, gerçəkliyi bilmək çətinləşir. Çünki susmayan tərəfin yalan danışma ehtimalı artır. Özünü qorumaq üçün. Mənəvi oğrular bağışlanır. onlar insanların arzularını, həyatlarını, fikirlərini, işlərini, uğurlarını, kimliklərini oğrulayırlar. Şanslarını oğurlayırlar. Həyatlarını məhv edirlər, şəxsiyyət, fərd kimi öldürürlər, hisslərinin, arzularının, planlarının, ümid və güvənlərinin qatilinə çevrilirlər. Kimisinin özlərini, vaxtlarını, əsəblərini qətlə yetiririk. Kiminsə intiharına səbəb oluruq. Bunlar mənəvi cinayətdir deyə. kimsə dillənmir, etiraz etmir. Sən də onlardansan. Onlar kimi ol, öldür, qatil ol, oğurla, oğru ol, amma mənəviyyatdan kənara çıxmayın. İşiniz mənəviyyatla olsun. Kimsə sizin cinayətinizi görməyəcək.

 

 

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: