Büllinq

Büllinq, istənilən növ aqressiya və şiddətin əleyhinəyəm.
132 saylı orta məktəb şəhərin mərkəzində yerləşir. Yaxşı yadımdadır, bəzi müəllimlər «fond pulu» adıyla pul yığanda, bayramlarda hədiyyə, pul və ya digər rüşvət növlərini tələb edəndə valideynlərim buna qarşı çıxırdılar deyə, dərslərimi əla oxuyub bir çox müəllimlərdə dərs zamanı şagirdlərin önündə səhv tutduğuma görə müəllimlər mənə qarşı təzyiq görsədirdilər. Hər gün evə ağlayaraq gəlirdim, o məktəbə bir daha getmək istəmədiyimi deyirdim.
Müəllimlər bir yana ancaq dərs oxuduğum, sinif və ya məktəb yoldaşlarım ilə kənar yerlərə getmədiyim, kütləvi olaraq dərslərdən qaçmadığım, küncdə-bucaqda eşq yaşayıb oğlanlarla görüşmədiyim üçün, dərsdən evə, evdən dərsə öncə valideyn, sonra böyük qardaşım ilə getdiyim, makiyaj etmədiyim, açıq-saçıq geyinmədiyim üçün şagirdlər tərəfindən təklənirdim. Saçımı dartmaqları, gündə bir oğlanı qızışdırıb üstümə salmaqları, ağlatmaq üçün söz-söhbətləri, intriqaları, önümü kəsib atmaca atmaqları, çantamı gizlətməkləri və s. kimi təzyiqlər sayəsində də ağlayırdım. Valideynlərimdən məktəbi və sinifi dəyişməklərini xahiş edirdim. Valideynlərim ziyalı ailəsindən olduğu, tərəfimdə durduğu üçün xətrimə dəyən müəllimlərlə, şagirdlərin valideynləri ilə görüşür, mübahisə edir və direktora şikayət edirdilər. Həm mənəviyyatım, həm tərbiyəm, həm təhsil almaq və təhsilimdəki uğurlarım sayəsində məktəbdə direktor Aliyə xanım və onun müavinləri, sinfimizin rəhbəri məni müdafiə edirdi. Mənə təzyiq artdıqca, məktəbin rəhbərliyi məni müdafiə edir, məktəbi təmsil etmək üçün önə çəkirdilər.
Valideynlər güclü olanda, hüquqlarını biləndə, şikayət edəndə və övladını qanuni yolla müdafiə edəndə, müəllimlər də, şagirdlər də, onların valideynləri də qələt edir.
Mənim anam mənə bilirsiniz nə demişdi? «Xətrinə kim dəyirsə, ağlama, özünü müdafiə et, sözünü de, ən pis halda, məni məktəbə çağırıb şikayət edəcəklər, sən də mənə düzünü deyəndən sonra heç kim heç nə edə bilməz. Hətta icazə verirəm, rüşvətxor müəllim və əxlaqsız şağirdin üzünə tüpür və qapını çırp, get direktora sözünü de, onları çağırt direktorun yanına, mən səninləyəm. Heç kim sənə heç nə edə bilməz.»

Sinfimiz öndə gedən idi, vəzifəli və ya öndə gedən, tanınmış adamların övladları idi. Sinifdə dost və rəfiqəm yox idi. Sinifdə qruplaşma var idi. Mən kənarda tək qalırdım.
Bizim məktəbdə qızlar 10 yaşından oğlanla tualetdə görüşürdülər, məktəbin həyətində nəşə çəkirdilər. Onlar kimi olsaydım, valideynlərim mənə dəstək olmasaydılar, ya intihar edərdim, ya da təzyiq qurbanı olmamaq üçün narkoman və əxlaqsız insanlara qoşulub həyatımı və gələcəyimi məhv edərdim.
İkinci məsələ də odur ki, indi kafe və publarda, gecə klubu və diskotekalarda 18 yaşına çatmayanlara spirtli içki və siqaret satılır, bu isə qanunla qadağandır. Buna qarşı tədbir görülməlidir.

Mənə təzyiq göstərən o şagirdlər barəsində soruşanda məlum olur ki, ya narkomaniyadan müalicə alır, ya ailəsi əxlaqsızlıq səbəbi ilə dağılıb, ardıcıl bir neçə ili ali məktəbə daxil olmayıb, həyatda bir şeyə nail olmayıblar, bəziləri isə doza artıqlığında vəfat ediblər.
Təzyiqi o qrup rəhbəri göstərir ki, uğursuz, bədbəxt və paxıldır.
Mənim qızım uşaq bağçasına gedəndə həftədə bir dəfə üzündə göyərti ilə gəlirdi evə. Bağçaya özüm gedəndə, həmin uşağı və valideyn ilə görüşüb mübahisə edirdim və tələb edirdim ki, övladına tərbiyə versin, əks halda, mən tədbir görəcəyəm və o valideyni valideynlik hüququndan məhrum edəcəyəm.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: