Qucaq dolusu…

Qucağında başladı hər şey…

Qucaq dolusu salamını ovucuma düşən yağış damcılarına həsrətlə baxanda vermişdin…

Qucağında bağrına basıldım, qucaqlandım…

Qucağında qucaq dolusu ürək döyüntülərini dinlədim, tələsirdi harasa, sanki gecikirdi, gözləyirdi onu kimsə hardasa…

Qucağında doğmalığımı hiss etdim… Qucaqlandıqca, ayrıla bilmədim, zəncirləndim…

Qucağında bildim, kimə qucaq açmaq olar, əllərin yana uzanıb açıldıqca qucağın, uşaq tək tələsdim, qaçdım qucağına…

Bərk qucaqla, qucağından buraxma…

Qucağında dostluq başladı, sevdim qucağını, əllərini, ürəyini, sonra səni, düşüncələrini oxudum qucağında olarkən sənə baxanda…

Sığındım qucağında, səngərim oldu mənə qucağın…

Səni sevəndə anladım ki, bu qucaqda o qədər adamlar olub ki…

Qucağın dəyərdən düşdü, uzaqlaşdım, yadlaşdım… Darıxdım arada qucağın üçün…

«Gəl, məni qucaqla» demərəm daha… Böyütdün məni…

Qucaq dolusu yalanlar, xəyanətlər, nağılbazlıq məharətin… İstedadsan, qucağını tor əvəzi hörməyə, tələdir insanlara qucağın…

Qucağında adiləşdim, ruhumu çevirmək istədin fahişəyə… Qucağına gəlmərəm daha… Qucağını istəmirəm…