Beyində əlillik olanda

Əlil arabası üçün vaqonda yer ayrıla bilər. Amma o əlil arabasında olan şəxsin metroya necə düşməsi, metrodan necə çıxması məsələsi var. Eskalator, pilləkanlarda əlil arabası üçün yer nəzərdə tutulmayıb. Nə də arabanı endirəcək, qaldıracaq lift var. Hələ yenicə təmirdən çıxmış və təmirə bağlanmış metro stansiyasında bunu nəzərə almayıblar. Perronda fiziki məhdudiyyəti olmayan adam sürüşüb yıxıla bilir, mərmərin sayəsində, əlil arabası sürülməsi üçün yox, sürüşmək üçün bir möcüzə sayəsində metrodan istifadə edərsə, qatarın altına düşmək ehtimalı artacaq. Metro əlil arabasında olan üçün təhlükəsiz deyil. Qatara minik ilə perron arasında boşluqda əlil arabasının təkəri, qapıların açılıb bağlanması müddəti, lom udmuş kimi düz qapının önündə duran vətəndaşların süni baryerlərini demirəm. Yeni qatar alırsınız, eybi yox, əlil arabasında olanları düşünürsünüz? Yaxşı, ilk növbədə, onların metrodan istifadə edə bilməsini təmin edin. Metro ictimai nəqliyyat vasitəsidir, əlil arabasında olan da cəmiyyətin bir üzvüdürsə, onun da metrodan istifadə hüququ var. Eyni tənqid, şərtlər körpə və azyaşlı uşaqların arabaları üçün də keçərlidir. Əlillik beyində olanda eyibdir.