Biz niyə kreativik?!

Bir alman rejissoru maraqlı mövzu üzərində sənədli film çəkib. Filmin adı «Niyə biz kreativik?». Filmdə 100 nəfərdən çox tanınmış və müxtəlif yaradıcı peşə sahiblərinə eyni sualı veriblər, cavablar və yanaşmalar fərqlidir. Hətta deyərdim ki, maraqlıdır. Məsələn, bir rəssam, dizayner deyir ki, əslində hər birimiz uşaq vaxtından kreativ, yaradıcı oluruq, sadəcə sonra ya bunu inkişaf etdirmirik, ya bu barədə heç düşünmürük. Bəlkə ona görə ki, dəyərlərimiz, seçimlərimiz dəyişir. Məsələn, Pikasso «hər bir uşaq bir rəssamdır, sadəcə böyüyəndə rəsm çəkməyi unudur, ya da rəsm çəkmək istəmir» demişdir. Ya da məsələn, Kafka əslində hüquqşünas və bank işçisi kimi çalışıb, amma biz onun işində belə yaradıcılığını, kreativliyini görürük.

Eyni sualı bizim yaradıcı insanlara versəydilər, əminəm ki, çoxusu heç kreativlik sözünün mənasını bilməz.

Əvvəllər sənədli filmləri və ya tərcümeyi — hal olan kitabları sevməzdim. İndi daha çox onlar məni cəlb edir. Bəlkə daha dərinə getdikcə, özünü, əsl kimliyini və zövqünü kəşf edirsən. Məsələn, özümdən deyim. Çox uzağa getməyim. Zövqümdə, seçim və qərarlarımda belə rasional və məntiqi düşüncə ilə yanaşı, mütləq yaradıcı yanaşma olur. Bu işimdə, işlədiyim sahədə belə özünü göstərir.

Bəs, siz kreativsinizmi? Kreativsinizsə, niyə?