Sevmədiyim suallar

Çox sual verənləri nədənsə sevmirəm. Aşağıdakı sualları və bu sualları verən insanları heç sevmirəm. Səbəbini də qeyd edirəm:


1. Necəsən? Səbəb: yaxşı olduğumu deyəndə, onda nəsə dəyişməyəcək, yaxşı olduğuma sevinməyəcək. Pis olduğumu desəm, yaxşı etməyəcək, nəyisə dəyişdirməyəcək. Ağrıdığımı deyəndə, müalicə etməyəcək, ağrımı azaltmayacaq;


2. Hardasan? Mənimlə həmin anda və həmin yerdə görüşmək niyyəti olmayan bir adam mənim harda olduğumu biləndə ağlının artdığını düşünmürəm. Ona nə, hardayam! Özünü dərhal olduğum yerə çatdıracağı ağlabatan deyil;


3. Nə edirsən? Mənim nə etdiyimin onu maraqlandırdığını düşünmürəm. Nə də ki, mənim məşğuliyyətimə qoşulacaq birisi olduğunu düşünmürəm;


4. Kiminləsən? Kiminlə olduğumu biləndə, tanıyırsa, mədəniyyət xətrinə salam deyəcək, tanımayanda da, nəsə dəyişməyəcək, onunla tanış olmayacaq;


5. Niyə? Səbəbini bilən adamın niyəsini anlamasından əmin deyiləm. Bəri başdan anlasaydı, bu sualı verməzdi.