Sözün düzü… (qısa hekayə)

-Niyə bu yolu tutmusan?

-Hansı?

-İnsan olmamaq, saf olmamaq… Mənfi birisi olmaq yolunu…

-Sən mənə bir müsbət, mükəmməl bir insan göstər ki, ondan hamı razı qalsın, hamı üçün müsbət, mükəmməl olsun?! Var?! Yoxdur!

-Amma səndə bu mənfilik aşırı dərəcədə çoxdur!

-Bilirsən sənin sözün nəyi yadıma saldı? Təsəvvür et ki, sən müqəddəs atanın yanına günahlarını yuyan fahişə qadınsan. Sən kimliyini və günahını etiraf edirsən. O sənin günahını yumamışdan öncə səndən soruşur ki, həyatında neçə kişi olub? Sən ona cavab verirsən ki, düzünü desəm, dəqiq rəqəm deyə bilməyəcəyəm. Soruşur ki, niyə? Saymamısan? Deyirsən ki, yox başlayanda öncə sayırdım, sonra saydıqca, çoxaldıqca, sayını itirdim. Bir də peşəmi və kimliyimi nəzərə alanda o say, kəmiyyət önəmli deyildi. Önəmli olan kəmiyyətdə pul idi, bir də keyfiyyət, yəni müştəri məmnuniyyəti.

Bax, sənin verdiyin sual da müqəddəs atanın verdiyi sual kimidir. Pis olmaq, hamı üçün mənfi qəbul edilmək də öncə çətin gəlir, öncə yaxşı əməl və müsbət tərəflərini sayırsan, sonra görürsən ki, nə qədər mükəmməl və müsbət olsan da, səndə hökmən nöqsan və mənfi cəhət, əməl tapacaqlar. Başlayırsan, olduğun kimi olmağa, onda hamı düşünür ki, sən bu deyilsən, dəyişmisən. Əslində, mən elə buyam, əvvəlki mən deyildim. Dəyişib özümü qaytarmışam.

Bilirsən, insanların dörd əsas qorxusu var, bir ölmək, özünün ölməyi, bir də güzgüyə baxmaq, itirmək, özü. Güzgüyə baxanda həm səndəki dəyişikliyi görürsən, həm kimliyini, həm özünlə tək qalırsan, həm də qocaldığını və ölümə doğru getdiyini anlayırsan. İnsanlar özlərini olduğu kimi qəbul etməyi, sevməyi, özü üçün yaşamağı seçə bilmirlər. Çünki özlərindən qorxurlar. Mən özümdən qorxmuram. Ona görə də vecimə deyil…

-Səncə, sən fikirlərində yanılmırsan ki?

-Başqalarına görə ola bilsin, yanılım. Özümə görə doğruyam. Mənim doğrularım başqası üçün yanlış ola bilər. Ya da başqasının yanlışı kimin üçün isə, mənim üçün doğru ola bilər. Biz insanları cəm halında qəbul edir, ümumiləşdiririk ki, bu da ən böyük səhvimizdir. Hər bir insan fərddir, onu ictimai, ümumi biri etmək lazım deyil. Fərdləri rahat buraxmalıyıq.