Uşaq olanda gəlincik ilə oynayarkən bilmirdik, böyüyəndə oğlanlar üçün oynayacaqları gəlincikdən biri olacağıq…

Bizə uşaq ikən deyilmədi ki, gəlincik ilə oynamağın axırı nədir, ya da necə oynayaq? Hər cür işgəncə verdik, tərbiyə metodlarımızı tətbiq etdik, soyundurub geyindirdik, saçını dartdıq, keçəl etdik, əl-ayağını sındırdıq. Cansız deyilmiş məgər. Susaraq tabe olurdu bizə. Uşaq vaxtı cansız gəlinciklərə çəkdirdiyimizin ahıdır tutur bizi bəlkə də… Böyüyəndə eynisini digər böyüklər edir bizə…

Bizi uşaq olanda gəlinciklərin içində gəlincik kimi böyütməli deyildilər. Biz uşaq ikən valideyn, qohum, evə gələn gedənin gəlinciyi olmamalı idik, hələ körpə yaşlarımızdan. Böyüyəndə də, kimin üçün isə gəlincik olmamalıydıq. Dərk edəndə, gec olur axı… Gəlinciyə çevrilmiş oluruq… Bizim də ruhumuzu vecə almırlar, biz də cansız oluruq kimlər üçün isə…

Biz uşaq olarkən bizə gəlincik kimi yanaşanları tanıya bilməmişik, bu yanaşmanı sevgi, qayğı və diqqət kimi qəbul etmişik…

Gəlincik kimi geyindirirlər, gəlincik kimi görsənməyimizi təhtəhşüurumuza bilərəkdən yeridirlər. Böyüdükcə görkəmimizlə gəlinciyi xatırladırıq. Sonra gəlinciyin özünə çevrilirik. Bunu anlayanda gec olur, artıq bizimlə oynayanlar olur…