Dostluq barədə müşahidə və qiymətləndirmə…

Mən biliyimi nəzəridən daha çox təcrübəmdən, müşahidə və təhlilimin nəticələrindən əldə edirəm. Bu isə müəyyən vaxtımı aparır. Amma unudulmaz və praktik biliklər verir. Ona görə də peşman olmuram. Əslində, doğrularım və səhvlərim özümün olduğu üçün heç vaxt peşman olmuram. İtkilərim də, qazanclarım da mənimdir. Peşman deyiləm.

Fikir vermişəm, kimisə canavar və çaqqal olur, qurbanı isə özünü quzu kimi aparır. Sonra diqqətlə baxanda, əmin oluram ki, quzu böyüyüb onun yanında qoyuna çevrilib… Qoyunlar isə qurban olmağa məhkumdurlar, sadəcə canavar və ya çaqqallar dəyişə bilər.

Dostlarla münasibətinizi bir daha nəzərdən keçirin. Tövsiyələrim var:

Tövsiyə 1: Bir insanın sizdən eninə-uzununa və davamlı istifadə etmək istədiyini və ya etdiyini görəndə, kimliyindən asılı olaraq deyin ki, «Mən sənin anan deyiləm. Ancaq analar övladlarına təmənnasız sevgi göstərir, yaxşılıq edir, hər səhvi bağışlayırlar». «Lox» damğasını hara yazıblarsa, tapıb silin!

Tövsiyə 2: Hansısa dost və tanışı müdafiə etməyin və çox yaxına buraxmayın. Sonra onu kimdən müdafiə edirsinizsə, onunla birləşib sizə düşmən kəsiləcəklər!

Tövsiyə 3: İnsan seçimini edər, qərarını verər, hərdən öz xeyrinə, hərdən başqasının xeyrinə…
Ona görə də kimisə qınamayın və kiməsə yazığınız gəlməsin.

Tövsiyə 4: Başqasına qarşı əliaçıq və fədakar olmayın. Əliaçıq olduqca, özünə sərf edəcəyiniz vaxt və pulunuzu başqalarına sərf edəcəksiniz. Onlar isə həyatınızda ötəridir, gəldikləri kimi də gedirlər.

Tövsiyə 5: Qorxaq adamlardan qorxmazlığı, mədəniyyətsizlərdən mədəniyyəti, cəsarətsizlərdən cəsarətli olmağı, savadsızlardan savad almağın vacibliyini, dayaz adamlardan dərində qalmağı, qeyri-ciddilərdən ciddi olmağı, məsuliyyətsizdən məsuliyyəti dərk etməyi, nərgizlərdən özünü önəmsəməyi, insanlıqdan uzaq olanlardan insan qalmağı öyrənirsən. Ona görə də hamısının öz yeri var, heç birindən inciməyin, öyrənin, müşahidə edin və nəticə çıxardın.