Həyat fəlsəfəsi -2

Təsəvvür edin ki, sizin həyatınız həyət evidir. Safsınız, nərdivanı ya göz önünə qoymusunuz, ya da həyətdə gizlətmisiniz. Kimsə həyət qapısını döyür, bir az tanıdığın biridirsə, ya da kömək istəyəndirsə, qonşu, qohum, tanışdırsa, qapını açırsınız, o da cəld həyətinizə girir. Evinizə buraxmadığınız halda, həyətdə var-gəl edir, nəsə axtarır, nərdivanı tapıb, eyvandan açıq qoyduğunuz pəncərinizə doğru qalxır, siz etiraz edirsiniz, o sizə cibinə yığdığı daşları atır. Siz ya nərdivanı götürməli, onu yıxmalısınız, ya da evinizə girib eyvandakı açıq qapı və pəncərəni bağlamalısınız. Əks halda, o, evinizə girəcək, evinizdə özünü rahat hiss edəcək. Yəni səhvinizə görə, saflığınıza və insanlığınıza görə yad birisi, ya da evinizə, həyatınıza buraxmaq istəmədiyiniz birisi girəcək.

Çıxış yolunu deyim, saf olmayın, həyət qapınıza döyülsə də açmayın, açmalısınızsa, həyətinizdəki nərdivanı evə salıb, evin açıq qalmış pəncərə və qapılarının olmadığına əmin olun. Qapını açıb, çölə çıxın, həyətə buraxmayın. Həyətə girəcəksə, ya sizi razı salacaq, ya da zor tətbiq edəcək, sonra da evinizə girmək üçün açıq qapı, pəncərə, nərdivan axtaracaq. Tapmazsa, yerdən daş götürüb daşlayıb şüşələri sındıracaq, bu isə səs salacaq, bu zaman sizin müdafiə məqsədilə hücum etməyiniz, onu həyətdən uzaqlaşdırmağınız sizə haqq qazandıracaq. Yəni istənilən halda, günahkar özünüz olacaqsınız.

İnsanlar arasında münasibətlərə gəlincə, təsəvvür edin ki, şüşə stəkandır, içi yarısına qədər su ilə doludur. Su, sizin münasibətləriniz və qarşı tərəf barəsində olan təəssüratlarınızdır. Stəkan, sizsiniz. Dolu olan tərəfi formalaşmış fikirlər, boş olan tərəfi hələ də dola biləcək hissəsidir. Boş saxlasanız, demək ki, yetərincə təəssürat, nəticə, qənaətləriniz var. Həmin stəkan ya ehtiyatsızlıq üzündən yerə düşüb çilik-çilik olur, su ətrafa yayılır. Ya da ki, qəsdən onu ya siz, ya da qarşı tərəf çırpıb sındırırsınız, yerə salırsınız. Nəticə eynidir, yəni stəkan xırda hissələrə parçalanır, su ətrafa dağılır. Şüşələri ayağa batmasın deyə, dərhal yığışdırırsınız, suyu da silirsiniz. Nə qədər yaxşı təmizləsəniz belə ən xırda qırıntı, parça zamanla ya gözünüzə dəyir, ya ayağınıza, əlinizə batır. Yəni ki, siz sınırsınız o adamdan, təəssüratlarınız da ətrafa dağılır. Şüşə qırıntıları sizsiniz, onları birləşdirib bir araya gətirmək, yapışdırmaq, həmin suyu yerdən yığıb içinə tökmək fantastika, möcüzədir. Buna inanıb özünüzü aldatmayın. Stəkanı da göz önünə, əl çatan yerə qoymayın. İçini də çox doldurmayın. Çünki özünüzü də, suyu da yığışdırmaq sizin üzərinizə düşəcək, bu da vaxtınızı aparacaq, bəzən sizi yaralayıb qanınızı tökəcək.

Ictimai rəy və ictimai qınağa münasibətim:Təsəvvür edin ki, rəsmi və sənədləri yerində olan öz adınıza torpaq alırsınız. Bu torpaq sizin həyatınızdır. Sizin şəxsi ərazinizdir. Sonra rəsmi icazə və sənədlərlə bu torpaqda ev tikirsiniz. Öz pulunuza, öz əməyinizə… İşıq, qaz, su çəkirsiniz. Hər bir rahatlığı təmin edirsiniz. Mebel alırsınız. Evinizə köçəndə qapınız döyülür. Dəfələrlə döyülür, səbəblər fərqli olur. Kimsə qonaqlıq istəyir, kimsə deyir ki, tikdiyin ev qanunsuzdur, kimsə deyir, sənədlərin saxtadır, kimsə deyir ki, kiminsə puluna, qanunsuz yolla qazandığın pulla evi tikmisən, kimsə də iddia edir ki, bu evi sizə kimsə hədiyyə edib. Siz hamısına sübut edirsiniz ki, haqlısınız, onlar haqsızdırlar, hamıya qonaqlıq verir, sənədləri göstərir, ittihamların əsassız olduğunu sübut edirsiniz. Günlərin bir günü də qapınızı biri döyür, deyir ki, bu ərazi plana düşür, 3 aya köçməlisiniz, əks halda, söküləcəkdir. Hüzurlu, tək, azad, xoşbəxt yaşamağınız, uğurlarınız kimisə mütləq narahat edəcək, kimsə sizdən hökmən narazı qalacaq. Kimsə sizi ittiham edib, müzakirənizi aparacaqdır. Əsas odur ki, siz susun, baş qoşmayın. Yeri gələndə, hamısından şikayət ərizəsi yazıb məhkəməyə verin. İndi də onların problemləri olsun, başları özlərinə qarışsın. Kiməsə qonaqlıq verməyin. Ən gözəl nahar və şam yeməyi, ən dadlı yeməklərdə belə bir nöqsan tapacaq insanlar vardır. Kimlərisə razı salmaq, evinizə buraxmaq və kiməsə nəyisə sübut etmək öhdəliyiniz yoxdur.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: