İkiləşmə… (Novella)

— Bundan sonra özümlə danışacağam.

— Axı niyə?

— Çünki son zamanlar sən məni dinləmirsən.

— Sən də son zamanlar ya çox danışırsan, ya da çox susursan.

— Bəlkə çox danışdığım zaman məni dinləmədiyini anladığım üçün susuram. Bəlkə də çox danışdığım zaman artıq səninlə yox, özümlə danışıram. Fikirlərimi səslə bildirirəm.

— Belə görürəm ki, dəli olmağa doğru gedirsən.

— Bilirsənmi dəli olanlar çoxusu çox ağıllı insanlar olub? Bir də dəlilər çox saf olurlar.

— Nə olsun ki? Saflıqları sayəsində ağıllarını vaxtında və yerində işlətməyiblər, sonra da o ağıllarını da itiriblər, dəli olublar.

— O sənin fərziyyəndir. Sussan, yaxşıdır. Dinləmə.

— Zatən mən daha çox susuram. Ona görə də şikayət edirsən ki, səni dinləmirəm, susuram.

— Danışanda sənin də mövqeyini bilmək istəyirəm. Bəzən səhv etdiyimi bildiyim halda, məni dayandırmağını istəyirəm.

— Məsuliyyəti öz üzərindən atmaq üçün? Etmədiyini və dayandırıldığını iddia edərək, peşman olmağına səbəbkar məni çıxartmaq üçün? Yox, sussam yaxşıdır.

— Görürsən?! Ona görə də mən özümlə danışıram.

— Mənsə sənin fikirlərini və əməllərini yazıram.

— Nədənsə bir işə yaramır. Eyni həyat, darıxmaq, təklik, sevgisizlik, insanların riyakarlığı…

— Sən düşünmürsənmi ki, sən ancaq pis tərəfi görürsən?

— Sən də ancaq yaxşı tərəfini görürsən! Fərqimiz bundadır.

— Bəli. Fərqimiz bundadır. İlk dəfədir ki, sənin hansısa fikrinlə razılaşıram.

— Məni incidirsən… İnsanlar kimi… 

— Bəlkə mən deyiləm səni incidən, sən özünsən?!

— Söz oyunu oynama mənimlə. Bilirsən ki, oyunları sevmirəm.

— Bilirəm. Səni məndən yaxşı tanıyan varmı? Düşünmürəm.

— Hərdən mənə elə gəlir ki, sən yoxsan, səni mən uydurmuşam. Təxəyyülümün məhsulusan.

— Hər bir halda varam. Yaradılmışam.

— Mənim üçün.

— Nə bilirsən, bəlkə elə başqaları üçün də?!

— Gəl, mövzunu dəyişək.

— Niyə?

— Xoşuma gəlmir. Müzakirə mübahisəyə keçəcək.

— Əmin deyiləm. Mən buna yol vermərəm.

— Mən də əmin deyiləm. Mən buna yol verərəm.

— Niyə?

— Çünki özümü yerimdə hiss etmirəm. Çünki doğru zamanda doğulmamışam. Bəzi insanlar doğru məkanda və zamanda doğulmurlar. Bəzi insanların doğulması üçün doğru məkan və zaman olmur… Bu cür insanlara deyirlər: Zamanə adamı olmayanlar. Yerində olmayanlar…

— Yenə başladın fəlsəfəyə?! Min dəfə demişəm ki, dərinə getmə, dərin düşünmə. İnsanlar fəlsəfəni sevməzlər. Çünki nə dərinə enərlər, nə də özlərinə əziyyət verib düşünərlər.

— Onda neyləyim? Nə təklif edirsən?

— Sus…

— Bəzən məni anlamaları, dinləmələri üçün ya ölümcül xəstə olmaq istəyirəm, ya da ölmək.

— Xəstələrə yazıqları gəlir, dinləmirlər, xəstələrdən uzaq gəzirlər ki, ölüm havasını onlara yoluxdurmasın. Ölüləri isə nə anlayan olur, nə dinləyən. Çünki ehtiyac qalmır.

— İntihar barədə nə düşünürsən?

— Mənim nə düşündüyümü həqiqətən bilmək istəyirsənsə, deyim. İntihar insanın həyat mübarizəsində məğlub olması, tərkisilah edilməsidir. İntihar könüllü olaraq ölümə təslim olmaqdır. Təsəvvür et ki, sən intihara sadəcə cəhd edirsən, sırf diqqəti cəlb etmək, səni unudanlara, bəşəriyyətə «mən varam» ismarıcını vermək üçün cəh edirsən. Cəhdin alınırsa, yaşamaq istəsən də, ölürsən, geri dönüb yaşamaq haqqın olmur, cəhdin alınmırsa, bilməlisən ki, bütün uğursuz intihar cəhdlərinin önündə yaşamağa davam etmək cəzası var. Sən intihar edəndə, azad olmursan, həyatda azad olmayan, ölümdə də azadlığını tapmır. Özündən savayı hər kəs azad olur, özündən azad edir hər kəsi. Dənizin dalğalarına fikir vermisən? Özünü eyni səslə sahilə, daşlara çırpan dəniz ləpələri sənə dərs keçir. Necə? Demək istəyir ki, çox hoppanıb düşmə, mənəm mənəmlik etmə, bağırma, onsuz da önündə maneə kimi kimsə var, qapazı vuracaq başından, geri çəkiləcəksən! İntihar da belədir, bəzən kimsə, sənin intihar cəhdinə mane olacaq, kiminsə sənə yazığı gələcək, kimsə səni axmaq sayacaq, kimsə səni zəif biləcək. Bəli, diqqəti cəlb edəcəksən. Amma yaxşı mənada yox, sevgi və mərhəməti yenə də görməyəcəksən. İntihar edəcəksənsə, elə et ki, kimsə xəbər tutmasın, kimsə ağlamasın.

— İntihar və ölümü belə sıraviləşdirdin. Amma bu sıravilikdə bir həqiqət, bir fəlsəfə var.

— Bəs bilmirsən ki, insanlar həqiqəti və fəlsəfəni onu qəbul etmək və anlamaq üçün sıraviləşdirirlər. Bəzən məhz sıravilik həmin anlayışlarla insanları barışdırır. Rəssam ölümü sıraviləşdirmək üçün onun rəsmini çəkir. Yazıçı ölümdən yazır, müğənni ölümdən mahnı oxuyur, bəsətəkar ölümə mahnı bəstələyir. Ölüm. Ölümün rəsmini çəkmək, ölümdən yazmaq üçün təbii ki, ölümlə üzləşmək, ölmək lazımdır. Bu zaman isə ondan yazmaq, onun rəsmini çəkmək mümkün deyil. Musiqi də onun kimi. Ölən insan mahnını necə ifa etsin, necə bəstələsin. Ona görə də ölümün yaradıcı təsviri yaradıcı insanlarda tam alınmır, sıravi məhsul olur.

— Bəlkə də haqlısan.

— Bəlkə yox. 100% haqlıyam.

— Bəs rasionallıq, emosionallıq barədə nə düşünürsən? İnsan rasional olmalıdır, ya emosional?!

— Kimsən, nəsən?

— Kimin üçün isə vicdanam, kimin üçün isə simalarından biri, kimin üçün isə ağlı, şüuru. Kimisi məni şəxsiyyətlərindən biri hesab edir.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: