Xaqanın atasına…

Bilirsən, Zamin, səndən sonra kimisə sevmədim.

Səndən sonra həyatıma və evimə kimisə buraxmadım.

Səndən sonra atam və oğlum, özüm üçün yaşamağa başladım. Sevdiyim iki kişi oldu, o da atam və oğlum…

Bilirsən, niyə övladımı saxlamaq qərarına gəldim? Çünki onun özünü də, atasını da sevirəm. Sevgimin məhsuludur.

Bilirsən, Zamin, öyrəşmişəm, cavabsız sevməyə, qərəzsiz sevməyə, nifrət etməməyə…

Razılaşdığımız kimi ona türk mənşəli ad qoyuram. Razılaşdığımız kimi səndən gözləntim, şərt, tələbim yoxdur, səni rahat buraxmışam. Övladımla təkbaşınayam, sənin yerinə də ata olmağa öyrəşdirdim özümü. Mənə və oğluma sənin alimentin, pulun lazım deyil.

Sənə onun sevgisi lazım olmaya, onu sevməyə bilərsən. Amma unutma, səni sevəcək, bəlkə də sənin yoxluğunu hiss edəcək, sənin üçün darıxacaq Xaqan var.

Oğlumun olacağını biləndə, ad seçimində o qədər tərəddüd etdim ki… İstədim, adı ilə böyüsün. Sən yaxşı dostsan, dost olmusan. Sən yaxşı ata və sevgili olmaya bilərsən. Bunu qəbul edirəm. Sən hazır deyildin. Sən formalaşmamışdın, hələ özün uşaq idin.

Bilirsən, Zamin,

Sən çoxdan getmişdin. Münasibət təktərəfli idi. Fikirlərin, hisslərin başqasına aid idi, başqası üçün idi. Mən artıq idim. Mən özümü aldada bilməzdim. Sən getmişdin, ruhun, fikirlərin, hisslərin mənimlə deyildi. Bircə qalmışdı cismani gedişin. Onu da mən təşkil etdim. Mən getməyinə yardım etdim.

Bilirsən, Zamin,

İçkili vəziyyətdə, yuxulu halda, nələr deyirdin, nələr edirdin, onlar qeyri-ciddi, uşaqcasına idi, onlara inanmırdım. Bilirdim ki, sonra öhdəlikdən, dediklərindən, etdiklərindən, məsuliyyətdən yayınmaq üçün içkini, spirti bəhanə edəcəksən. İçki sənə cəsarət, kişi xarakteri, güc verirdisə, bilirdim ki, müvəqqətidir. İçki sayəsində səmimi və dürüst olurdunsa, nə mənası var.

Düzü, bezmişdim. İki uşaq arasında seçim etmək məcburiyyətində idim. Seçimim övladım oldu. Sən nə vaxtsa böyüyəcəksən, nə vaxtsa, daha mərd, daha cəsarətli, daha dürüst, səmimi olacaqsan. Ola bilsin, geci-tezi var. Əsas odur ki, səni, özümü, övladımı məcburi və psevdo, sevgisizlik mühitindəki birlikdəlik, süni münasibətlərdən qorumalı idim, qorudum da, xilas etdim də… Mən üçümüzü də bu yalandan, bu sünilikdən, oyundan xilas etdim.

Ana olaraq bir qadın kimi oğlumla birlikdə böyüdüm, inkişaf etdim. Yanılmadığıma əminəm. İstəyirəm ki, oğlum səni sevsin, qınamasın, səndən incik olduğu üçün natamam olmasın. İstəyirəm ki, o, sənə oxşamasın. Onu o olduğu üçün sevməyə davam edim. Bizimki alınmadı. Sənə olan sevgi payımı oğluma verirəm.

Bilirsən, Zamin,

Düşünməyə o qədər vaxtım oldu ki, sənin yerinə özümü qoydum. Səni anlamaq üçün… Necə ki, bir qadının ana olmaq və ya abort etmək hüququ və seçimi var, azaddır, elə də kişi ata olub olmamaq seçimində azad olmalıdır. Bir də ki, sevmədiyin qadından bir uşağın olması, planlaşdırılmamış hamiləlik önəmli deyil, həyatını və gələcəyini korlamamalıdır. Təki bundan sonra həyatında olacaq qadını sevəsən, ondan olan övladını sevəsən. Onların yanında olasan.

Bilirsən, səni yola saldığım gündən bəri yeni ilə qədər o qədər müşahidə etdim, o qədər təhlil etdim, düşündüm ki… İnsanları tanıdım.

Bilirsən, Zamin,

Sənə təşəkkür edirəm, övladım üçün, getdiyin üçün, seçim və qərar, məsuliyyəti mənə ötürdüyün üçün. Hüzurlu hamiləlik üçün…

Bilirsən, Zamin,

Unutqan deyiləm. Birlikdə yaşadığımız bütün xoşbəxtliyi, xatirələri unutmamışam, buna görə sadəcə təşəkkür edirəm.

Övladıma atasının kim olduğunu deyəcəyəm. Şəkillərini göstərəcəyəm. Səni tanısın. Səni pisləməyəcəyəm. Haqqım yoxdur. İki tərəf arasında münasibətdə hər iki tərəfin ayrılmaqda seçim etmək, qərar vermək hüququ var, hər iki tərəfin səhvi və haqlı-haqsız olduğu tərəflər var.

Hüzurlu hamiləlik naminə, sənin azad və məsuliyyət daşımadan, rahat yaşamağın üçün bizdən gedərkən vicdan əzabı çəkməməyin üçün getməyinə səbəb olan yazını yazdım. Sən getmək istəyirdin, gedə bilmirdin. Səni saxlaya bilməzdim. Səni bədbəxt edə, məcbur edə bilməzdim.

Həyatımda iki kişi qalıb. Birinin qızıyam, biri də sevdiyim kişidən olan oğlumdur. Adını Xaqan qoyuram. Ümid edirəm ki, etiraz etməzsən. Heç bir sənəddə sənin adın getməyəcək. Öz soyadımı verəcəyəm.

Dönməyini istəmirəm. Əgər nə vaxtsa, oğlunu görmək istəsən, sırf övladıma görə ünsiyyətdə olmağa razıyam. İstəməsən də, övladıma deməyəcəyəm ki, atası onu sevmir, istəmir. Deyəcəyəm ki, xasiyyətimiz tutmadı, görüşdük, alınmadı, ayrıldıq, onu və səni sevdiyim üçün sənin doğulmağına dair qərar verdim. Atana nifrət etmə, atanı günahkar bilmə.

Ortaq dost və tanışların çoxundan uzaqlaşmışam. Eh, o qədər insan özünü ifşa etdi ki…

Məni bilirsən nə yandırdı?! Həyatında yoxmuş kimi davranmağın, məni Maya ilə müzakirəyə çıxartmağın. Məndən şikayət etməyin… Sən evimizdə hüzur tapmışdın, istədiyini yeyirdin, edirdin. Azadlığın var idi, ünsiyyətin var idi, həyatında ağıllı, savadlı, empatik və liberal qadın var idi, nəyin çatmırdı axı?

Bilirsən, Zamin,

Münasibətə başlamamışdan öncə səninlə tam dürüst və səmimi oldum. Güvən mənim üçün önəmli idi. Mən sənə güvənmək istədim, olmadı.

Oktyabrın 30-dan bəri hər gün yadımdasan, hələ də səni sevirəm. Çünki unutmağa qoymayan övladım var. Hər ona baxanda, səni yadıma salacaq bir oğlum var.

Səhifəni susaraq və bəzən ağlayaraq izləyirdim. Sonra övladımın sağlamlığı və hüzurumuzu pozmamaq üçün səni bloklamaq qərarına gəldim, uzun müddət profillərimi deaktiv etdim.

Tənha deyilsən. Haqlı çıxdım. Sən onu sevirsən. Yadındadır səhərə qədər ondan danışmışdıq. Demişdim, o sənin ən yaxın dostun ola bilər, amma sən onu sevirsən.

Cəsarətli ol, etiraf et ona. Onu itirmə. Söhbət Leyladan gedir.