Psevdo həyat hekayəsi…

Psevdo dəyərlər üzərində qurulan ictimai rəyin psevdo insanlar tərəfindən formalaşdığını bildiyim üçün psevdo hər şey və hər kəsin əleyhinəyəm.

Psevdo insanlardan ibarət cəmiyyətin psevdo olması da təbiidir.

Psevdo insanların dəyərləri də, doğruları da, gördükləri iş və seçdikləri peşə, baxış və yanaşmaları da psevdodur.

Şəhərimizdə olan ən hündür körpünün kənarında sıxılıb oturmuşam. Bura necə gəlib çıxdığımı xatırlamıram. Nəyə görə gəldiyimi də unutmuşam. Gözləyirəm. Vaxtını gözləyirəm.


Əslində, burada olmağımın səbəbini bilirəm. Sadəcə tərəddüd içindəyəm. Bir həyat xilas etmək istəyirəm. Körpüdən özünü aşağı atmaqla intihar edən insanları anlamaq, onları xilas etmək, onlara «Həyat gözəldir. Ölümdən sonra seçimin və həyatın olmayacaq. Yaşa. Ölmə.» demək istəyirəm. Bəlkə çox gözləyəsi olacağam. Bəlkə bu gün burada öz ölümünü axtaran olmayacaq. Bilmək olmaz. Ölmək istəyənlər yaşamaq istəyənlərdən daha çoxdur.

Ölüm belə çətinləşib. Ölüm belə, ölmək vasitələri belə bahalaşıb, bəzi ölmək istəyən insanlar üçün əlçatmaz olub.


Bəlkə də ölümü seçənlər heç də qorxaq deyillər, cəsarətsiz deyillər. Sadəcə bezmiş insanlardır. Sadəcə mübarizə aparmaqdan, insanlardan, cəmiyyətdən, davamlı itkilərdən bezmiş, yaşamaq üçün bir mənası, səbəbi qalmayan ən mərd, ən səmimi, ən dürüst insanlardır. İntihar edənlər özlərini daha çox sevdikləri üçün və bu sevgini ətrafa yaya bilmədikləri, sevgi və həyatı təbliğ edə bilmədikləri üçün özlərini uğursuz, önəmsiz sayarlar. Hər şey və hər kəs cəhənnəmə… Öz həyatımdır, özüm bilərəm. Ölümüm də, yaşayışım kimi başqaları üçün maraqsız, önəmsiz olacaqdır. Kimisi intiharımı qınayacaq, kimsə zəif biləcək, kimsə intiharımda bir səbəb, günahkar şəxsləri axtaracaqdır. Amma kiməsə özüm maraqlı olmayacaq. Sosial və tez unudulan hadisə ən pis halda, cinayət işinin açılması, araşdırılması ilə nəticələnəcək. Sonra unudulacaq. İntihar edən də, cinayət də, həyatı da, ölümü də… İntihar kimdəsə nəyisə dəyişməyəcək. İntiharlar sıraviləşib… İntiharlar kütləviləşib. Şəxsi təcrübəmdən bilirəm.


Aha… Uzaqdan birisi gəlir. Kölgə… Uzaqdan hər kəs bir kölgədir… İnsanlar uzaqlaşdıqca, qara nöqtəyə, kölgəyə çevrilir. Doğmalarımız, sevdiklərimiz belə…
O kölgədə özümü görürəm. Mən də belə bir az əminlik, bir az tərəddüdlə dolu addım atırdım. Kənarlara baxıb bir canlı axtarırdım. Məni intihardan saxlayacaq, həyatımı geri mənə bağışlayacaq bir adam, bir ümid, bir dəstək, bir güvən… Bu dəstək körpünün kənarında olan maneə dəmir tutacaqları olur çox zaman. Çünki intihar üçün elə zaman seçilir ki, kiminsə orada olma ehtimalı çox aşağı olur. Sanki ölümümüzü sığortalayırıq. Ölmək istədiyinə əmin olanlar da, olmayanlar da bunu edərlər. Ölmək istəyənlər ya susaraq intihar edərlər, ya da içindəki acını, əzabı, etirazı bəyan edər, car çəkərək intihara əl atarlar.

Aptekdən alınan dərman zamanı aptek işçisindən imdad harayını oxumağını gözləyən ölümə özünü məhkum etmiş insanın baxışları… İşçi şübhələnmir, işini görür, pulu götürür, dərmanı uzadır.


Metroda qatar altına özünü atmaq istəyən ölümə özünü məhkum etmiş insan ətrafındakılara son dəfə baxar, sanki içində onu xilas edəcək bir mələk axtarar. Tapmazsa, bir anın içində qatarın altında qalar. 100% -lik ölüm.


Damarlarını doğrayan insanın içdiyi insana şərab, ya da digər alkoqolu satan satıcı da öz işini görür. Pulu alır, içkini kassadan keçirir, alıcıya uzadır. Evinə gedir. Vannanı qaynar su ilə doldurur. Ətirli və köpüklü su. Paltarını soyunub vannaya girir. Başını soxur köpükləri içinə. Son həzzini yaşayır, ölməmişdən öncə. İçir, lezvanı, ya da iti bıçağı biləyinə doğru uzadır, gözlərini yumur. Kəsir damarlarını. Ən çətini birinci kəsimi etməkdir. Sonra davamı gəlir. 2,3,4 kəsim. Qan axır. Qanın axmasına baxaraq son fiziki ağrını hiss etmək istəyir, beynini söndürən içki onu bu ağrı həzzindən azad edir.


Ya da öləcəyini bilərəkdən döyüş bölgəsinə getmək, müharibədə ön cəbhədə olmaq. 100% təminatı var ölümünün. Vətən uğrunda, insanlıq uğrunda intihar etmiş olursan. Kimsə bunu bilmir. Adını şəhid qoyurlar.


Körpünün dəmir baryerini aşıb yuxarıdan aşağıya baxırsan. Başın fırlanır. Külək üzünü sığallayır. Külək saçlarını darayır. Əllərini buraxmırsan. Bərk-bərk tutursan həyatın yeganə ilişəcəyindən. Həm ölmək istəyirsən, həm də ki, yox. Gic gülməyin ardından göz yaşları, ağlamaq gəlir. Həyatını yada salırsan. İnsanlar, sənə yuxarıdan aşağıya baxan, səni əzən, səni yıxan, sən əzab verən, incidən, ağladan insanlar şəkil kadrları kimi gəlib keçir gözlərinin önündən. Onların acığına. Ya ölməlisən, ya da ki, yaşamalı.

Bəzən elə düşünürsən ki, ölüm azadlıqdır. Ruhunu bu dünyaya zəncirləyən, itkilərinə bais olan, itkilərinə çevrilən insanlardan, səbəblərdən, zamandan və özündən azad olursan.


Psevdo hər şeyə, hər kəsə meydan oxuyursan. Beyninə yanlışları dolduran psevdo təhsildən, sağlam olduğun, halda, səhv diaqnoz qoyan səhiyyədən, ailə institutunu məhv edən gənclərdən, sevgiyə inamı yox edən münasibətlərdən, ayrılıqlardan, itkilərdən, insanlardan, neqativ yüklü xəbərlərlə dolu mediadan, valideynsiz böyüməyə məhkum edilən uşaqlardan, ictimai rəyi önəmsəyən ailə üzvlərindən, ictimai qınaqdan, verilən səhv tərbiyədən qisasını alırsan. Burada hamıdan yüksəkdə olursan. Burada əlçatmaz olursan. Yaşamaq istəyib yaşaya bilmədiyin həyatınla burada vidalaşırsan. Əllərini buraxırsan, göy üzünə baxaraq günəş və küləyə təslim olursan. Aşağıya doğru uçursan. Artıq yoxsan. Hər şey bitdi.

Mən də bitmişəm onun kimi. Mən də onun kimi ruham. Gözə görünməyən ruh…

Çünki… Həyatımı ya çox dəyər vermişdim. Ya da dəyərini bilməmişdim…

Həyatım yun sapla toxuduğum paltar kimidir, bir yerə ilişərsı, ilmə gedər, sökülərək böyük deşik yaradar, xaos olar deşildiyi yerdə…

Bəzən də sapı çürüdüyündə, çox geyinildiyi zaman köhnələr, dəbdən düşər.

Bəzən isə ya sənə böyük olar, ya da ki, kiçik. Həyatdan az şey aldığın zaman çəkini itirərsən, paltar əyninə boş gələr, çox şey aldığın zaman çəkini artırarsan, paltar əyninə ya olmaz, ya da dar gələr…