Tənha ana barədə təhlil

Övladını tək böyüdən ananı narahat edən o qədər məsələ var ki. Hər məsələnin həllini də, sadəsindən mürəkkəbinə doğru özü həll edir. Bir insanı kimliyindən asılı olmayaraq ən azı bir nəfər sevirsə, o, güclüdür, xoşbəxtdir, bəxtəvərdir.


Tənha analar dua edərlər ki, uşağı xəstələnməsin. İşini itirməsin. Xərclərini qənaətlə etsin. Övladına tərbiyəni düz versin. Övladını insan kimi böyütsün. Övladını qorusun. Övladına səhvlərini göstərib dəstək olsun. Gələcəyini öncədən planlaşdırsın. Təhsilindən savayı onun özünü tanıması və kəşf etməsi üçün yol yoldaşı olsun. Onun dostu olsun. Sağlam qida, doğru geyim ilə təmin etsin. Ağıllı, savadlı, zəhmətkeş övladının xoşbəxtliyini görsün.


Həyatımın son 10 ilini yaşamağıma, yaşadıqlarıma dözməyimə, güclü, mübariz olub gülümsəməyimə səbəb övladım və atam olub.


Kimdənsə asılı olmadan hər şeyə nail olmaq, özünü və övladını saxlamaq, həyata hazırlamaq, qorumaq asan deyil. Hələ bir qadın üçün heç asan deyil.

Bunun qadın paxıllığı, qısqanclığı, dedi-qodusu var, bunun çox sahəli böhranı, böhtanı var, bunun karyera qurmaq, layiqli əmək haqqı və vəzifə tutmaq mübarizəsi var. Bunun kişilərin ona əlçatan kimi yanaşması,ona əxlaqsız kimi davranması var. Bunun önyarğıları, qınamaları, mental və yazılmamış qanunları var.


Bəli, mən feministəm. Aqressiya tərəfdarı olmayan feminist. Kişilərə nifrət etməyən feminist. Amma kimsə mənə, atama, övladıma artıq söz desə, hərəkət etsə, o zaman prinsiplərimə tüpürürəm. Onda daha təhlükəli, aqressiv oluram. Odur ki, kimliyindən asılı olmayaraq hər kəsi məsafədə saxlamaq qərarına gəlmişəm. Evimə atamdan savayı kimsə gəlməyəcək. Qonaqlıqlar, evimə dost ziyarəti olmayacaq.

İnsanların çoxu saflıq, dürüstlük, səmimilik, cəsarət və insanlığı avamlıq, lox və əxlaqsızlıq kimi qəbul edir. Odur ki, kiməsə kobudamsa, aqressivəmsə, soyuq davranıramsa, məsafə saxlayıramsa, səbəbini özündə axtarsın.