Uzun saçların hekayəsi

Saçlarımı uzatmaq istəmirdim. Heç saçlarım da uzanmağa can atmırdı. Sanki kəsilməyini gözləyir, sevinirdi. Sanki azacıq uzanmış və həcmlənmiş saçlar onların yerini dar edir, onları oksigensiz, qidasız qoyurdu.


Saçlarımı ağarmış qoymaq istəmirdim. Tez-tez ağaran saçlarım məni ələ verirdi. Hamıya bəlli edirdi ki, çox və ucadan gülməyimə, biganə görsənməyimə baxmayaraq hər şeyi içimə atıb, içimdə üzülür, içimdə çəkirəm yükümü…


Saçlarım uzandıqca, elə bilirdim ki, onu kimsə vicdanım yerimə sorğuya çəkəcək, dibindən tutub əlinə dolayacaq, sürüyəcək, qadağaları pozan, səhvlər edən sahibinin yerinə cəzalandırılacaq.


Elə bilirdim ki, kimsə saçlarımın uzunluğunu görüb bəxtəvərlik verəcək.


Ya da ki, saçlarımı zəif və köməksiz bilib asacaqlar onları ən yüksək zirvədən.


Elə bilirdim ki, uzanacaq saçlarım mənə düşmən kəsiləcək. Hər ərk edən kişi ona öncə sığal çəkəcək, sonra onu şiddət tətbiq edərkən mənə qarşı istifadə edib canımı incidəcək.


Saçlarım uzanır. Çünki daha önyarğılarım yoxdur.

Çünki onu sevəcək birisi var…


Çünki saçlarımdan qisas almağa səbəblər yoxdur.


Çünki həyatımı dəyişən səbəblər saçlarımı qısaltmağa imkan vermir.


Uzanan saçlarımı sevirəm.