Kitabım sənsən…

Səni kitab kimi yazıram. Öncə sözlər gəlir, fikirlərimi yazıram ardıcıl olaraq, cümlə alınır. Bəzən sadə olur, söz və cümlələr, bəzən mürəkkəb.
Hər yazdığımda fasilə verirəm. Fikirlərim o an üçün bitəndə dayanıram. Sonra davam edirəm. Yarımçıq qoymaq istəmirəm yazdığımı…
Dayandığımda yazdığımı oxuyuram, ya söz və cümlələrin altından xətt çəkirəm, ya da üzərindən. Redaktə, korrektə və qaralama…
Oxuduqca, yeni fikirlər gəlir, əlaqələndirib davam edirəm yazmağa…
Yazmaq üçün bir başlamaq çətin olur, bir də bitirmək…
Kitab da bir insan kimi canlıdır, yazan adamın övladıdır bəlkə də… Həyat verirəm, sonra bitirirəm həyatını, ötürürəm oxumaq üçün başqa insanlara…
Bəzən çox özəl olur, intim olur fikirlər, üzə çıxartmır, gizlədirəm, öləndə üzə çıxar bəlkə də əlyazmalar…
Bəzən də düşünürəm ki, mən onu və ondan yazıram, bəs məni və məndən kim yazır, görəsən?! Görəsən, kitab kimi yazılsaydım, məni kim və kimsə oxumaq istərdimi? Tam oxuyardımı, yoxsa yarımçıq oxuyub kənara atardı…