Karantin və evə sevgi…

Heyif deyil, evdə bişirilən yeməklər. Sevgi var, tərkibini, nəyin hardan alındığını bilirsən. Ən dadlı yeməklər isə təbii inqrediyentlər sayəsində olur. Evdə bişmiş çörək, süd, evdə hazırlanan süd məhsulları, kərə yağı, həyətdə əkilmiş göyərti, meyvə-tərəvəz. Öz zəhmətin, öz sevgin, öz məhsulun.
Həmişə anam kimi dadlı xörəklər bişirmək istəyirdim. Alınmırdı. Reseptləri bilsəm də, alınmırdı. Çünki yeməyə təbii ehtiyac kimi yanaşırdım. Yaradıcılıq, sevgi, səbr, zəhmətimi qoymurdum. Yemək məni yeyirdi.


Son zamanlar hüzur, azadlıq, özümə ayrılmış vaxt və sevgi məni dəyişdirdi. Dəyişiklik düşüncədən başlayır. Dəyişən düşüncə fərqli nəticə və yanaşma verir.


Etdiyin hər işi sevərək edəndə, onu etmək sənə nə problem kimi gəlir, nə də çətin görünür.


Karyera, pul və ictimai fəaliyyət məni məndən və təbiətimdən uzaqlaşdırırdı. İşdəki işimi sevirdim, evimi və evdəki işimi yox.


Əslində, evdə olmaq, evdar olmaq ayıb deyil. Çox gözəldir. Özünü kəşf edirsən, özünü sevirsən.
Karantin günlərini özünüz üçün dəyərləndirin. Evinizi və evdə qalmağınızı sevin.