Addımın hekayəsi

Yaş üstə yaş, il üstünə il gəldikcə, məsuliyyət, yüküm, ağırlığım artır, ilk dəfə yüngül və arzulanan idim, sonra insanlara çətin, ağır, dözülməz gəldim.

Addımlarımı öncə düşünməyə, sonra saymağa, sonra atmağa başladım. Beləliklə yeridim, yürüdüm və qaçdım.

Öncə çox kiçik oldum, sonra təcrübə yığdım, böyüdüm və daha böyük məqsədlər və ideyalar, iddia və ambisiyalar, prioritetlər və arqumentlər məni daha da önəmli birisi olduğumu anlatdı. Sanki yeni kreslosuna oturmuş və hələ ilk pulunu almamış məmuram. Öncə 0 oluram, sonra sıfırlarımın sayı artır, mən də şişirəm, sayılmaz oluram. Sayımı itirirəm, sayımı itirirlər… Sonsuzluq oluram.

İnsanlar nə yalanı, nə də həqiqəti sevir, qəbul edir. Ona görə də doğru olan susmaqdır… Susmaq özü də seçim olaraq bir addımdır.

Beynimdə doğurduğum səni qucağımda böyütdüm, sənsə məni insanlarla sınağa çəkib öldürürsən özünü, ey doğrularım… Hər doğrumda, hər səhvindən nə qədər addım var?! Bilmirəm!

Müdrik insanlar özlərini dəli kimi təqdim edər cəmiyyətə. Çünki müdrik kimi təqdim etsələr, cəmiyyət onu ya məhv edəcək, ya da özü kimi edəcək. Dəlilər ilə cəmiyyətin işi yoxdur… Bu müdrik insanın taktiki yox, strateji addımıdır…

Mənim adım addımdır… Niyə burdayam? Niyə tutmuşam etiraf gündəliyimi? Çünki insanlar məni bura gətirib, fikrimi soruşmadan… Yəni ki, insanların qərar və seçimləri ya məni ömürlük azadlıqdan məhrum edir, ya öldürür, ya da intihar etdirir… Son dayanacağım geriyə dönüşü olmayan məntəqədir. Canlı öləndə mən də ölürəm…

Bilirsiniz necədir?

Seçim və qərarların həll tənliyində bir məchul olur insanlar… Düsturda olan rəqəmlər kömək edər tənliyi qurmağa, məchulu tapmağa. Nəticədə məlum olur ki, ya sıfırdır məchul, ya mənfi rəqəm, ya da müsbətin 1-i, məyusluq yaşadır, ya da o qədər böyükdür ki, ona çatmaq üçün mənə ehtiyac var…

Zəif insanlar hər zaman məni günahkar və səbəbkar bilərlər bədbəxt olduqları zaman. Mən onları peşman etmiş oluram… Atmayın məni… Çığırtımı eşitsəydilər, dəfələrlə deyərdim:

— Məni atmayın, peşman olmayın!

Ardı var…